Muəllif:

Axı, uşaq mahnıları gəlir gətirmir

Uşaq yaşlarından “Kuklam”, “Cücələrim”, “Oynaq topum” kimi mahnıları oxuyaraq böyümüşük. Təəssüflər olsun ki, artıq yeni mahnılar bəstələnmədiyindən bu günün uşaqları eşq-məhəbbət mahnılarının sədaları altında böyüyürlər. Valideynlər isə təqsiri bu gün üçün uşaq
mahnılarının yoxluğunda görür.

Bağça müəllimələri də uşaq musiqilərinin azlığından şikayətçı… Onların sözlərinə görə, yeni uşaq mahnıları tapmadıqlarına görə bağçalarda məcburən uşaqlara rus və ya ingilis mahnılarını dinlədirlər. Uşaqlar da bu dilləri anlamadıqlarından kor-koranə əzbərləyirlər. Müəllimələr hesab edirlər ki, Azərbaycan dilində şən uşaq mahnılarımız çox olsa, faydalı olar.

Uşaq mahnılarını imkanlı adamlar pul müqabilində nəvələrinə, övladlarına yazdırırlar. Amma ümumilikdə uşaqlara, onların tərbiyəsinə aid mahnılar yazılmır”. Bu fikri əməkdar incəsənət xadimi, rejissoru Arif Qaziyev deyib.

Qazıyev bunu ölkədə uşaq mahnıları yazan bəstəkarların yoxluğu ilə əsaslandırır. Uşaq mahnıları yazan bəstəkarların çoxu rəhmətə gedib:

«O vaxtlar Fikrət Əmirov, Qəmbər Hüseynli, Səid Rüstəmov da uşaq mahnıları yazıb. Hətta Qara Qarayevin də uşaq mahnları var idi. O vaxt uşaq mahnılarına maraq vardı. Sovet dövrünün təbliğatı bəstəkarları da uşaq mahnıları yazmağa təhrik edirdi. Necə ki, pambıqçılar, neftçilər haqda mahnılar bəstələyirdilər. İndiki bəstəkarlar isə mahnını ona-buna satmaq üçün yazırlar».

Qazıyev qeyd etdi ki, hazırda uşaqlarımızın özəl proqramları, musiqiləri yoxdur: “Uşaqlar ağzını açan kimi Aygün Kazımovanı, Röyanı, Aygün Bəylərin mahnısını oxuyurlar. Uşaqlarımız hazırda proqramsız qalıblar. Uşaqları tərbiyə etmək üçün gərək verilişlər hazırlansın, onlara uşaq mahnıları öyrətmək lazımdır. Əvvəllər uşaq xoru vardı, hətta məktəblərdə də belə uşaq xorları təşkil olunurdu. İndi uşaqlar 10 yaşından başlayırlar ara mahnıları oxumağa və qulaq asmağa».

Qazıyev hesab edir ki, uşaq musiqisiz qalanda, öz yaşına uyğun olmayan musiqiyə qulaq asanda, vaxtından əvvəl qocalır.

«Hazırda uşaqlar vaxtından əvvəl yaşlarına uyğun gəlməyən mahnılara qulaq asır, oxuyur, 10 ildən sonra həmin mahnılar onları boğaza yığır. Axı mahnıların davamı gəlmir. Çünki yaxşı mahnı az yazılır, yazılan mahnıların əksəriyyəti ara mahnılarıdır, toyxanalarda ifa olunur».

Əməkdar incəsənət xadimi təklif edir ki, problemi həll etmək üçün dövlət səviyyəsində uşaqlar üçün repertuar hazırlanmalıdır: «Şairlərə uşaqlar haqda şeirlər yazması, bəstəkarlara isə uşaq mahnısı bəstələməsini tapşırmaq lazımdır. Bu mahnıları dövlət almalıdır. Belə olan halda bəstəkarlar yazarlar».

Tanınmış bəstəkar, musiqişünas, əməkdar incəsənət xadimi Aygün Səmədzadə hesab edir ki, uşaq mahnıları ilə bağlı incəsənətimizdə böyük bir boşluq var: “Efirlərdə uşaq verilişlərini az görürük. Bu da təbii ki, musiqilərin hazırlanmasına təsir edir. Uşaq mahnılarını yazmaq üçün bəstəkarlardan xüsusi qabiliyyət tələb olunur. Bu sahədə incəsənətimizdə böyük bir boşluq var. İndiki uşaqlarımız da elə bil yaşlarına nisbətən tez böyüyüblər. Əvvəl bu sahəyə diqqət daha çox idi. Düşünürəm ki, diqqəti artırmaq lazımdır. Zənnimcə, bəstəkarlara uşaq mahnısı üçün hansısa qurumlar tərəfindən müraciət olunsa, boyun qaçırmazlar. Söhbət müsabiqə şəklində mahnı yazılmasından getmir. Misal üçün, bəstəkarlar ürəklərindən keçən müəyyən bir musiqi bəstələsə, daha yaxşı olar”.

Uşaq mahnıları yazmağa zamanının olmadığını bildirən bəstəkar nə vaxtsa belə bir təşəbbüsü həyata keçirəcəyini də istisna etmir: “Yəqin ki, bunu yaxın gələcəkdə edəcəyəm. İstəyərdim ki, adım uşaq ədəbiyyatında olsun”.

Xalq artisti, bəstəkar Oqtay Zülfüqarov da uşaq mahnılarının televiziyalarda az təqdim olunmasını qeyd edib: “Bir vaxt Maarif Nazirliyi, Mədəniyyət Nazirliyi, Yazıçılar İttifaqı uşaq mahnıları üzrə müsabiqələr keçirirdi. Müsabiqədə yer alan mətnlər çap olunurdu. O mətnlərə musiqi bəstələnirdi. İndi elə müsabiqələr təşkil olunmur. Müsabiqələrə dövlət tərəfindən maliyyə ayrılmır. Uşaq mahnıları yazmaq üçün gərək onları sevəsən. Elə mahnılar yazmaq lazımdır ki, uşaq onu həvəslə oxusun. Elə mahnıları da yazmağı hər adam bacarmır. Son zamanlar uşaqlar üçün 300-ə yaxın mətn yazmışam”.

Uşaq mahnıları yazmaq üçün bəstəkarlardan böyük məsuliyyət və bacarıq tələb olunduğunu qeyd edən Zülfüqarov bu gün televiziyalarda ara mahnılarının, toy mahnılarının daha çox üstünlük təşkil etməsindən təəssüfləndiyini bildirib:

“Uşaqlara ciddi yanaşmaq lazımdır, hər mahnıda uşaq nəyisə öyrənməlidir. Pop musiqilərə “mütrüb” mahnılar deyirəm, çünki dünya belə mahnılarla doludur. Deyirlər ki, indi müasir mahnı yoxdur. Mahnılar yaxşı və pis mahnılar siyahısına bölünür. “Kukla” mahnısı bu gün müasir deyilmi?” Uşaq mahnılarının gəlir gətirən sahə olmadığını vurğulayan Zülfüqarovun fikrincə, bəstəkar mahnı yazarkən onun gəlirini fikirləşməməlidir: “Hazırda toy mahnıları bütün televiziyaları və gündəmi zəbt etdiyindən uşaq mahnılarına diqqət çox azdır. Düşünürəm ki, bəstəkarlar ortalığa sanballı uşaq mahnıları gətirsin, sonra bunun maliyyə tərəfini fikirləşsinlər” .

Tanınmış bəstəkar Ruhəngiz Qasımova da mətbuata müsahibəsində uşaqlar üçün mahnılar yazılmamasından narahatlığını bildirib: “Sovet dönəmində uşaqlara hər zaman qayğı, diqqətlə yanaşardılar. Neçə-neçə mahnılar bəstələnər, gözəl, maraqlı verilişlər hazırlanar, uşaq mahnıları dillərdən düşməzdi. Amma bu gün biz uşaqlarımız üçün nə edirik? Adicə Milli Parkdakı attraksionlarda uşaqlarımız üçün əcnəbi mahnılar səslənir. Uşaqlar da bu mahnıların sözlərindən heç nə başa düşmürlər”.

Qasımova bunun əsas səbəbini son zamanlar uşaq mahnıları yazmaq üçün bəstəkarlara sifariş verilmədiyində görür: “Əslində yazanlar yenə yazır, sifariş gözləmirlər, amma onun təbliğatı azdır. Uşaq mahnıları az yazılır, çünki ondan bəstəkarların gəliri olmur, təbliğatı olmadığı üçün yazılanlardan da dinləyici xəbərsiz olur. Sovet vaxtı televiziyalarda, radiolarda uşaq musiqilərinin yayılması kütləvi hal almışdı. “Asif, Vasif, Ağasif”, “Şir evdən getdi”, “Mən mahnı qoşuram” kimi filmlərdəki mahnıları o vaxtkı uşaqlar indi də əzbər bilirlər. Uşaqlar üçün azsaylı verilişlər də uşaqlar məktəbdə, bağçada olanda verilir. Məsələnin başqa bir səbəbi də bəstəkarların maddi cəhətdən təminatsızlığıdır”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1041