Avtoxuliqanlar cinayət məsuliyyətinə cəlb oluna bilər
CM-yə avtoxuliqanlıqla bağlı yeni maddə əlavə olunacaq. Söhbət 221-1 maddəsinin əlavə olunması ndan gedir. Əlavədə avtoxuliqanlıq faktına görə 150 saatdan 200 saata qədər ictimai işlər və ya 6 aydan 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Layihənin parlamentin bu sessiyasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılması gözlənilir.
Qüvvədə olan qanunvericiliyə görə, avtoxuliqanlıq inzibati xəta hesab olunur və bu xətaya görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, 400 manatdan 600 manatadək miqdarda cərimə edilir. Yaxud həmin şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququ 1 ilə qədər müddətə məhdudlaşdırılmaqla, 10 günə qədər inzibati həbs tətbiq olunur. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ 1 ildən 2 ilə qədər müddətə məhdudlaşdırılmaqla, 600 manatdan 800 manatadək miqdarda cərimə edilir. Yaxud da nəqliyyat vasitələrini idarəetmə hüququ 1 ildən 2 ilə qədər müddətə məhdudlaşdırılmaqla, 15 günə qədər inzibati həbs tətbiq olunur.