Muəllif:

Avtomobillərə texniki baxış: yeni qaydalara kütləvi maraq var

Avtomobillərə texniki baxışda tətbiq olunan yeni qaydalara kütləvi maraq var. «Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə»də edilmiş dəyişikliklərə Trend aydınlıq gətirib. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev onlardan ən çox maraq doğuran bır sıra məsələləri izah edib. Yeni qaydaların tətbiqinə 2013-cü ilin aprelin 20-dən başlanılıb:
«Yeni qaydalara görə, minik avtomobilləri istehsal olunduqları vaxtdan keçən 4 il ərzində dövlət texniki baxışından azaddırlar. 4 ildən sonra isə onlar iki ildə bir dəfə, istehsal tarixindən 10 il keçdikdən sonra isə hər il dövlət texniki baxışından keçməlidirlər. Əgər məsələn, avtomobil istehsal tarixindən 9 il 8 ay sonra texniki baxışdan keçirsə, o, 10 il tamam olmadığına görə növbəti dəfə iki ildən sonra, daha sonrakı illərdə isə hər il texniki baxışdan keçməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri istehsal olunduğu vaxtdan bir il müddətində texniki baxışa cəlb olunmurlar. Lakin növbəti ildən etibarən onlar hər il texniki baxışdan keçməlidirlər.»
Şöbə rəisinin sözlərinə görə, texniki baxışdan keçən avtomobillərə xüsusi talonlar verilir. O talonlarda həmin avtomobilin texniki baxışdan keçdiyi tarixlə yanaşı, növbəti texniki baxışa təqdim olunma ili də göstərilir:
«Həmin talonlar avtomobilin alın şüşəsinə yapışdırılır. Məhz o talonun əsasında yol polisləri yoxlama zamanı həmin avtomobilin texniki baxışdan keçib-keçmədiyini təyin edə biləcəklər. Bu həm sürücünün özü, həm də yollarda nəzarəti həyata keçiriən YPX əməkdaşları üçün rahat olacaq.»
Qeyd edək ki, respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı yanvarın 1-dən oktyabrın 31-dək həyata keçirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1463