Avtomobillərə qənim kəsilən dəstə yaxalanıb
Bakıda avtomobillərə qənim kəsilən dəstə tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti bildirir ki, Xəzər RPİ Cinayət-Axtarış Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri — Zahid Bayramov, qardaşı Ramiz və Şəhriyar Hüseynov tutulublar.
Müəyyən edilib ki, onlar noyabrın 20-nə keçən gecə Mərdəkan qəsəbəsində Rüstəm Əliyevə məxsus «Opel» markalı avtomaşından şüşəni sındırma yolu ilə ərzaq malları, noyabrın 25-də Şağan qəsəbəsində Fuad Əliyevə məxsus «Mazda» markalı avtomobildən 200 manat, noyabrın 30-na keçən gecə Mərdəkan qəsəbəsi Əzizbəyov küçəsində Mətanət Acalovaya məxsus «KİA» markalı avtomobildən 300 manat, bankomat kartı və sənədlər, dekabrın 3-nə keçən gecə Şüvəlan qəsəbəsi Vidadi küçəsində Rasim Hüseynova məxsus «Hyundai» markalı avtomobildən pul və sənədlər oğurlayıb, noyabrın 18-nə keçən gecə isə Xaşaxuna bağ massivində Elməddin Salayevə məxsus «VAZ-2106» markalı avtomobildən, açıq qapıdan keçməklə oğurluğa cəhd ediblər.
Bundan başqa noyabrın 18-i saat 08 radələrində Mərdəkan qəsəbəsində Böyük Britaniya vətəndaşı Purvik Maykl Leslınin idarə etdiyi «Toyota», noyabrın 22-nə keçən gecə isə Binə qəsəbəsi Bolluq yaşayış sahəsində Teymur Əzimova məxsus «BMW» markalı avtomobillərin şüşələrini sındırıblar.