Avtomobil sahiblərindən tutulan yol vergisi artırıldı
Avtomobil sahiblərindən tutulan yol vergisi artırıldı. Yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan şəxslər üçün (kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı texnikası və büdcə təşkilatlarının avtomobil nəqliyyatı vasitələri istisna olmaqla) illik yol vergisinin dərəcələri mühərrikin həcmindən asılı olaraq dəyişdirilib. Yenilik Vergi Məcəlləsinin 211.1.2-ci maddəsindəki cədvələ edilən dəyişikliyə əsaslanır.
«APA-Economics»in məlumatına görə, yeni qaydaya əsasən, nəqliyyat vasitəsinin mühərrikinin həcmi artdıqca, yol vergisinin dərəcəsi yüksələcək. Artımı daha çox mühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan nəqliyyat vasitələrinin sahibləri hiss edəcəklər. Məsələn, mühərrikin həcmi 4000 kubsantimetr olan nəqliyyat vasitələrinə görə yol vergisinin məbləği 60 manatdan 70 manata, mühərrikin həcmi 5000 kubsantimetr olan nəqliyyat vasitələrinə görə yol vergisinin məbləği isə 80 manatdan 110 manata və s. artırılıb.
Vergi Məcəlləsinin 211.1.2-ci maddəsindəki yeni cədvəl:
Vergitutma obyektinin adı Yol vergisinin dərəcəsi
Minik avtomobilləri, avtobuslar və digər
avtomobil nəqliyyatı vasitələri:
— mühərrikin həcmi 2000 kubsm olduqda 20 manat
— mühərrikin həcmi 2000 kubsm-dən 3000 kubsm-dək olduqda 20 manat + mühərrikin həcminin 2000 kubsm-dən çox olan hissəsinin hər kubsm-ə görə 0,02 manat
— mühərrikin həcmi 3000 kubsm-dən 4000 kubsm-dək olduqda 40 manat + mühərrikin həcminin 3000 kubsm-dən çox olan hissəsinin hər kubsm-ə görə 0,03 manat
— mühərrikin həcmi 4000 kubsm-dən
5000 kubsm-dək olduqda 70 manat + mühərrikin həcminin 4000 kubsm-dən çox olan hissəsinin hər kubsm-ə görə 0,04 manat
— mühərrikin həcmi 5000 kubsm-dən çox olduqda 110 manat + mühərrikin həcminin 5000 kubsm-dən çox olan hissəsinin hər kubsm-ə görə 0,05 manat