Avtomobil bazarı: bəlkə Ukrayna təcrübəsini öyrənək?
Azərbaycanda avtomobil sayı 1,2 milyona yaxındır. Onun 800 mini paytaxtda cəmləşib. Ölkəmizə avtomobil Yaponiya, Almaniya, Güney Koreya, Rusiya və bir sıra digər ölkələrdən gətirilir. Cari ilin ilk 7 ayı ərzində 60 minə qədər avtomobil idxal olunub. Gətirilən avtomobillərin sayında yeniləri üstünlük təşkil edir və bu da maşınların satış qiymətinin orta hesabla bahalaşmasına səbəb olmaqdadır. Hesablmalara görə, qarşıdaki 3 ildə ilkin avtomobil bazarı təkrarı təxminən 70 faiz üstələyəcək. Avtomobil satışı zamanı kreditlərdən daha çox istifadə olunması da insanların təzə maşın almağına təsir edir. Çünki kreditlə olanda insanların seçimi yeni maşın üzərində olur. Ekspertlər hesab edirlər ki, ilin sonuna doğru yeni avtomobillərin idxalı 5 faizə yaxın artacaq.
İlkin bazarda əsasən Güney Koreya və Yaponiya istehsalı avtomobillərə maraq böyükdür. Bu siyahıda özəlliklə Güney Koreyanın Hyundai və Kia, Yaponiyanın Toyota və Nissan markalı avtomobilləri öndə gedir. Ekspertlər deyir ki, qarşıdakı bir neçə ildə bu avtomobillər Mersedes və Vaz markalı rəqiblərini satış həcminə görə geridə qoyacaq. Satıcılar isə deyir ki, alıcıları maraqlandıran əsasən maşının qiyməti və rahatlığıdır.
Dünyada isə ən çox satılan avtomobillər siyahısına Toyota Korolla, Ford fokus, Hyundai elantra başçılıq edir.
Daxili istehsala gəldikdə, Azərbaycanda artıq bir neçə ildir çox cüzi miqdarda yerli avtomobil buraxılır. Bu da ondan irəli gəlir ki, əhali yerli avtomobili deyil, idxal maşınını almağa üstünlük verir. Çünki xaricdən gətirilən maşınlar keyfiyyət göstəriciləri baxımından yerli istehsalı ciddi şəkildə qabaqlayır. Lakin bu o anlam daşımır ki, Azərbaycanda yerli istehsalın inkişafına diqqət yetirilməməlidir. Əksinə, milli avtomobil sənayesinin inkişafına nail olmaq üçün lazımi işlər görülməlidir.
Onu da qeyd edək ki, yerli avtomobillərin satışının stimullaşdırılması dünya təcrübəsində geniş şəkildə tətbiq olunur. Məsələn, Ukrayna hökuməti yerli maşın sənayesinin inkişafına nail olmaqdan ötrü milli avtomobil alan vətəndaşlara güzəştlər vəd edir. Bu yolla onlar yerli istehsalın artırılacağına əmindirlər.
Milli avtomobil istehsalının prioritet təşkil etdiyi ölkələrdə adətən daxili istehsal stimullaşdırılır. Amma məsələ ondadır ki, indiyə kimi milli avtomobil istehsalı yaradılmayıb. Hökumət bu istiqamətdə qarşısına hansısa bir ciddi məqsəd qoymayıb. Ölkəmiz böyük olmadığından avtomobil satışı baxımından ciddi bazar da sayılmır. Ona görə də milli avtomobil istehsalına maraq göstərilmir. Lakin Güney Koreya kimi elə ölkələr də var ki, əhalisi az olmasına rəğmən geniş çeşidli milli avtomobil istehsalı ilə məşğuldur. Hansı ki, Koreya avtomobilləri dünyanın əksər ölkələrində geniş çeşiddə satılır.
Avtomobil sənayesi dünyada ölkənin imicini formalaşdıran sahələrdəndir. Bu baxımdan Azərbaycan üçün önəmli məsələlərdən biri yerli avtomobil istehsalının yaradılmasına şərait yaratmamaqdaq ibarətdir.
Görəsən, Azərbaycan da milli avtomobil sənayesinin inkişafı üçün Ukrayna təcrübəsindən faydalana bilərmi?
Yerli avtomobillər keyfiyyətdə xaricilərə uduzur
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov yerli avtomobil istehsalının artırılmasını stimullaşdırmaq üçün onları alan vətəndaşlara əlavə ödəmələri məqbul hesab edir. Deyir ki, əhalini yerli istehsal olan avtomobilləri almağa stimullaşdırmaq üçün onlara dotasiya verilmə praktikası dünyanın müxtəlif ölkələrində tətbiq olunur. Yerli maşınların xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanır. Bu zaman artıq birmənalı şəkildə yerli maşınların ucuzlaşması onların rəqabət apararaq daha çox satılmasına imkan yaradır. Yerli maşınların alınması üçün əhaliyə dotasiya verilmə təcrübəsi ölkəmizdə mümkün olsa da, bu zaman problem Azərbaycanda yerli maşın istehsalının zəif təşkil edilməsilə bağlıdır.
Ekspertin fikrincə, əsas məsələ keyfiyyətli milli avtomobil istehsalının artırılmasından ibarətdir: «Praktik olaraq Azərbaycan məhsulu olan yerli maşın istehsalı az olduğundan dotasiyanın verilməsi birmənalı şəkildə bu sahədəki vəziyyəti dəyişməyəcək. Ona görə də dotasiya sisteminin tətbiq edilməsindən öncə yerli avtomobil istehsalının həcmi və keyfiyyət göstəricilərinin artırılmasına ehtiyac var. Bu gün problem ondan ibarətdir ki, istehsal olunan yerli avtomobillərin keyfiyyətilə bağlı müəyyən inamsızlıqlar yaranıb. Keyfiyyət baxımından xarici avtomobillərə yerli avtomobil istehsalı kəskin şəkildə uduzur. Yerli istehsalın artırılmasını stimullaşdırmağa ehtiyac duyulur. Həmçinin, bu zaman yeni standart və texnologiyanın tətbiqi də vacibdir. Bunlar olmadan yerli avtomobili almaq üçün dotasiya sisteminin tətbiqinin nəticəsi olmayacaq. Dotasiya sisteminin tətbiqi az sayda istesal olunan maşınların satışına təsir göstərə bilər. Amma ciddi canlanmanın yaranmasına gətirib çıxarmayacaq. İstehsalın geniş miqyasda yayılmasını təşkil etmədən dotasiya sisteminin tətbiqi ciddi irəliləyişlərə rəvac verməyəcək».
Azərbaycanda maşın kreditlərinin faiz dərəcəsi MDB-də ən yüksəkdir
Azərbaycanda maşın kreditlərinin faiz dərəcələri MDB-də ən yüksəkdir. Ölkədə bu növ kredit faizləri 16-20 % arasında dəyişir. Qeyd edək ki, maşın kreditləri əhalinin ən çox müraciət etdiyi kredit növü olduğundan, bu sahədə geriyə ödəmələr zamanı da ciddi problemlər yaranır. Bunun əsas səbəbləri kimi isə kommersiya banklarının vətəndaşlara kredit şərtlərini düzgün izah etməməsi, alıcıların isə sənədləşdirmə zamanı aylıq qazancları barədə yalan məlumatlar verməsi göstərilir. Bu problemlər isə avtomobil bazarına birbaşa təsir göstərir. Ekspertlər deyir ki, Azərbaycanda depozit faizləri 10 % olsa da, maşın kreditlərində faiz göstəriciləri depozit faizlərini 2 qat üstələyərək 20 faiz aşır. Bu isə istehlakçının alıcılıq qabiliyyətini aşağı salmaqla yanaşı, problemli kreditlərin sayını da artırır. Çünki prosedurlara görə, ölkədə depozit faizi ilə kredit faizi uyğunlaşdırılmalıdır. Belə ki, əgər depozit faizləri 10%-dirsə, kredit faizləri təxminən 12%-ə qədər həcmində götürülməlidir.
Xatırladaq ki, maşın kreditləri ilə bağlı şərtlər qanunla tənzimlənmir. Yalnız Mərkəzi Bank kommersiya banklarına məsləhət xarakterli bildiriş verə bilər. Ekspertlər isə qeyd edir ki, bank faiz dərəcələrinin aşağı salınması üçün mexanizimlərə və müəyyən qabaqlayıcı tədbirlərə ehtiyac var. Qeyd edək ki, avtomobil sahibi krediti ödəyə bilmədikdə, maşın bankın sərəncamına keçir və adətən, bu kimi hallarda banklar avtomobil sahibinin ödədiyi krediti də geri qaytarmırlar.