Muəllif:

Avropaya örnək Azərbaycan haqqında lətifə

Ankara
Dostoyevski ən çox sevdiyim yazıçılardan biridir. Daha doğrusu ən çox sevdiyim yazıçı-filosofdur. Bunu etiraf edən kimi məni qorxu bürüdü. Qorxdum ki, bu etirafım bəzilərinə məni Hitlerlə müqayisə etməyə imkan versin. Deyə bilərsiniz ki, bu nə cəfəngiyatdır. Mən hara, Hitler hara. Axı mən nəinki Almaniya kimi böyük Avropa dövlətinin, heç xırda Azərbaycanın belə dövlət başçısı deyiləm. Etiraf etməyə hazıram ki, Milli Şuranın vahid namizədi, tanınmış yazıçı və kinossenarist Rüstəm İbrahimbəyovdan fərqli olaraq, Dünya xəritəsində yalnız rəqəmlə göstərilmək miqyasında olan Azərbaycanın dövlət başçısı olmaq iddiasında belə deyiləm.
Amma biz, yəni azərbaycan türkləri yozmağı xoşlayan millətik. Söz deməyə peşman olursan. Min yerə yozmağa hazır ən azı yüz adam tapılır. Dostoyevski isə deyirdi ki, «ağıllı adam odur ki, dediyinin nəticəsini əvvəldən görə bilir». Azərbaycan bir çox islahatlar həyata keçirib və demokratik prinsiplərlə idarə olunur. Siz Allah, heç bir yerə yozmayın. Birdən fikirləşərsiniz ki, prezidentliyə olmasa da, ən azından Milli Məclis üzvülüyünə iddiam var və indidən hazırlığa başlamışam. Əsla yox. Ən azından ona görə ki, bu fikirlərin müəllifi mən deyiləm. «Trend»in məlumatına görə, bunu cümə axşamı Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Londonda «Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində» mövzusunda keçirdiyi konfransda çıxışı zamanı bildirib. Məlumatı SAM-ın mətbuat xidməti yayıb.
PA rəsmisi bildirib ki, Azərbaycan vətəndaş cəmiyyətinin qurulması və demokratik inkişafın təmini istiqamətində çalışır: «50-dən çox siyasi partiyanın qanunverici və yerli bələdiyyə orqanlarında təmsil olunaraq ölkənin siyasi həyatında iştirak etmək imkanı var. Azərbaycan bütün dünya ölkələri, hətta Avropa üçün nümunəvi ola biləcək ideal və tolerant cəmiyyət yarada bilib». N.Məmmədovu şəxsən tanıyıram. Nə savadına, nə də intellektinə heç bir şübhəm yoxdur. Ən azından xarici dil mütəxəssisi kimi. Amma sizi bilmirəm, məni cənab Məmmədovun bu fikirlərini oxuyandan sonra təəccübləndim.
Yenə də dediklərimi başqa yerə yoza bilərsiniz. Allah eşqinə, lazım deyil. Özümü cənab Məmmədovdan ağılli saymıram. Özü də səmimiliyimə inanmağınızı rica edirəm. Məhz buna görə də inanıram ki, cənab Məmmədov «Azərbaycan bütün dünya ölkələri, hətta Avropa üçün nümunəvi ola biləcək ideal və tolerant cəmiyyət yarada bilib» deyəndə, bu cümləsinin zaldakı əcnəbi, xüsusilə də ingilis dinləyicilər üçün ən azından inandırıcı olmayacağını bilirdi.
Lakin məndən fərqli olaraq təmamilə başqa səbəbdən. Bu onların xislətinə ziddir. Onlar kimə istəsən «dayı» deməyə hazırdırlar. Təki işləri keçsin. Siyasətin qanunu budur. Müəmmər əl-Qəzzafiyə öz məhşur bədəvi çadırını Parisin göbəyindəki Yelisey parkında, yəni Fransa prezidentinin iqamətgahının qarşısında, Moskvada Qırmızı meydanda qurmağa imkan verdilər. Amma vaxtı çatanda hər şeyin əvəzini çıxdılar.
Bir sözlə, cənab Məmmədovun Londondakı əcnəbi dinləyiciləri Azərbaycan gerçəkləri ilə yaxşı tanışdırlar. Onlar hər şeyə diqqət verirlər. Tanınmış jurnalistlərin qətli kimi xırda qüsurlarımıza belə. Bizə yardımçı olmaq üçün deyil. Paxıllıqlarından, xəbisliklərindən. Bir xırda qüsur tapıb şişirtməsələr, onları infakt vurar.
Keçək başqa məsələyə. Son dövrlərdə Milli Şura və Rüstəm İbrahimbəyov hakim partiya funksionerlərinin dilindən düşmür. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, deputat Əli Əhmədov bu günlərdə bəyan edib ki, «kənar qüvvələrin diktəsi ilə yaradılan Milli Şura deyilən qurumu Azərbaycan xalqı dəstəkləmir».
İcra katibi daha sonra əlavə edib ki, Milli Şura özünə lider seçdiyi Rüstəm İbrahimbəyov 30 ildir Azərbaycanda yaşamır: «Bu adam düz-əməlli Azərbaycan dilini də bilmir. Azərbaycan mentalitetinə yad bir şəxsdir. 2-3 il əvvəl erməniləri müdafiə etdiyinə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığına görə Rüstəm İbrahimbəyovu kəskin tənqid edən müxaliflər indi onu prezidentliyə namizəd göstərir. Hansı ağıl və hansı əsasla? Qətiyyətlə deyə bilərəm ki, bu qüvvələrin gələcək seçkilərdə cüzi bir şansı yoxdur. Xalq yalnız Azərbaycanı qısa müddətdə regionda lider dövlətə çevirən cənab İlham Əliyevə səs verəcək».
Qəribədir, sual doğur: ermənilərin dostu olan bir adam nədən «Şöhrət» ordeni ilə təltif olunub. Adamda belə təəssürat yaranır ki, Azərbaycanın ən dəyərli dövlət mükafatları «xalq düşmənləri»nin və «erməni dostları»nın təltifi üçün nəzərda tutulub. Rəsul Quluyev, Abbas Abbasov, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov. Siyahını davam etdirmək olar… İnsanların yaddaşı ilə bağlı bəzi problemləri ola bilər. Bu çox təbiidir. Ancaq bu o demək deyil ki, hamının oxşar problemləri var. Azərbaycan da Fransa ordenləri ilə təltif olunmuş bir neçə adlı-sanlı adam var. Amma R.İbrahimbəyovdan başqa heç kim Fransada «erməni genosidinin» inkarı ilə bağlı cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulundan sonra bu ordenlərdən imrina etmədi.
Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, huquq elmləri doktoru, deputat Siyavuş Novruzov daha irəli gedib. O qeyd edib ki, bu gün namizədini elan edən Milli Şuranın heç bir əhəmiyyəti olmadığı kimi, perspektivi də yoxdur: «Bizim üçün onsuz da onlardan kimin namizəd olmasının heç bir əhəmiyyəti yox idi. Çünki, biz YAP olaraq onların heç birini özümüzə alternativ namizəd görmürük. Milli Şura bizim hansısa rayon təşkilatına da alternativ ola bilməz. Çünki onlar ən azı intellektual cəhətdən heç YAP-ın hansısa rayon təşkilatına da çata bilmirlər».
Qəribədir, R.İbrahimbəyov intellekt qıtlığında ittiham olunur. Bax burada deyərlər ki, «öz cəzandır, çək Balaş!»…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 462