Muəllif:

Avropaya inteqrasiyamıza nə mane olur???

Ankara
Avroatlantik məkana inteqrasiya əleyhdarları bir-birini əslində inkar edən arqumentlərdən həddindən artıq çox istifadə edirlər. Birincisi, Avropa Birliyinə inteqrasiyanın heç bir əhəmiyyəti yoxdur. Qoca Avropa əldən düşmüş əcaib bir məxluqdur. Bu gün də olmasa, sabah biz hamımız qoca Avropanın dəfnində iştirak edəcəyik.
Bir sözlə, bizi inandırmağa çalışırlar ki, Avropanın heç bir inkişaf perspektivi yoxdur. Biz isə gəncik, bizim qanımız qaynayır. Qoca Avropa bizimlə ayaqlaşa bilməz.
Bizi inandırmağa çalışırlar ki, Avropanın öz sərhədlərini Şərqə doğru genişləndirməsi cəhdi ölüm ayağında və cəhənnəm yolçuluğuna çıxmış bir qocanın özünə yol yoldaşı axtarmasına bənzəyir.
Bir sözlə, çürüyən kapitalizmə oxşar nağıllarla başımızı aldatmağa çalışırlar.
İkincisi, bizi eyni zamanda həm də ona inandırmağa çalışırlar ki, bu inteqrasiya prosesinin heç bir nəticəsi olmayacaq. Yəni qoca Avropa bizim başımızı yağlayır. Qanımızı içib bizi qapı arxasında saxlamaq fikrindədir. Yəni nəticə etibarı ilə, Avropanın yeni üzvlərə heç bir ehtiyacı yoxdur. Avropanın bizsiz də başı qaldadır. İqtisadi böhran bu gün olmasa da, sabah onun parçalanmasına səbəb olacaq. Almaniya və Fransa kimi devlər artıq iqtisadi böhran içində çapalayan Cənubi və Şərqi Avropanın yükünü çiyinlərində daşıya bilmirlər. Yeni üzvlər yeni problemlər deməkdir. Almaniya ilə Fransa daha bir ağır yükün altına girmək istəmirlər.
Və nəhayət, bu iki arqument yetərsiz olanda, üçüncüsünə müraciət edirlər. Sən demə, Avroatlantik məkana inteqrasiya nəticə etibarı ilə milli ənənələrimizdən imtinaya, total əxlaqsızlığa gətirib çıxaracaq. Bir sözlə, inteqrasiya tərəfdarları bütün milləti dişili-erkəkli əxlaqsızlar toplusuna çevirmək istəyirlər. Yəni Avropa Birliyinə daxil olandan sonra bir günün içində qadınların hamısı lezbiyan, kişilər gey olacaq. Bir variant da var. Dişisinə-erkəyinə baxmadan hamımız hermafroditə çevriləcəyik.
Bununla kifayətlənmirlər. Bu cəfəng tezisdən ürəyində Allah məhəbbəti və xofu olan insanları dəhşətə salacaq bir nəticə çıxarırlar. Sən demə, söhbət mömin müsəlmanların yoldan çıxarılmasından, onları ruhlarını şeytana satmağa təhrikdən gedir. Bir sözlə, avrointeqrasiya tərəfdarları Şeytanın yerdəki elçiləri, Avropa Birliyi isə müasir dövrün Sadom və Hamorrası, bizi bu bəladan xilas etməyə çalışanlar isə dövrümüzün Lottlarıdır. Lott əfsanəvi-dini şəxslərdən biridir. Allah tərəfindən xəbərdarlıq almış Lott əxlaqsızlıq bataqlağına qərq olmuş Sodom və Hamorra şəhərlərinin sakinlərini xilas etməyə çalışdı. Amma faydası olmadı… Qədim Sodom və Hamorra şəhərlərinin məhvindən sonra iki qızı ilə mağaraya sığınan Lott sonrakı nəslin yaradıcısı hesab olunur.
Bunlar postsovet məkanının bütün ölkələri, hətta Rusiya üçün də ənənəvi olan arqumentlərdir. Məsələn, Gömrük İttifaqının tərəfdarları Ukraynada Avropa Birliyinə inteqrasiyanı Şeytanın fitnəsi elan edib, prezident Yanukoviçi cəhənnəm əzabları ilə qorxudurdular.
Amma Azərbaycan avrointeqrasiya əleyhdarlarının daşdan keçən bir arqumenti də var. Sən demə, Qarabağ münaqişəsinin bu günə qədər həll edilməməsinin əsas səbəblərindən biri və ən başlıcası xristian həmrəyliyi, yəni Qərb dövlətlərinin ermənipərəst olmasıdır.
Əslində birinci və üçüncü arqumenti yerlə yeksan etmək su içmək qədər asandır. Bu arqumentin əsas daşıyıcıları hakim elitamız və dini-islami kəsimin önəmli bir hissəsidir. Hətta Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri cənab Paşazadəni də Avropaya inteqrasiya əleyhdarları cərəyanının öncüllərindən hesab etmək olar.
Əslində bu cərəyan nümayəndələrinin, mömin müsəlmanların bir hissəsi istisna olmaq şərtilə, həm əxlaqi, həm dini, həm də iqtisadi-sosial baxımdan ciddi problemləri var.
Dünən Vilnüsdə başa çatan «Şərq tərəfdaşlığı»nın III zirvə toplantısında Azərbaycan ilə Avropa Birliyi arasında yalnız bir sənəd imzalandı. Sıravi vətəndaşlar üçün olmasa da, hakim elitanın maraqları baxımından çox vacib bir sənəd idi. «Şərq tərəfdaşlığı»nın Vilnüsdə keçirilən III zirvə toplantısı çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Aİ tərəfdən genişlənmə məsələləri üzrə Avropa komissarı Ştefan Füle, Litva XİN rəhbəri Linas Linkyeviçyus imzalayıblar. Bu barədə məlumat tədbirin saytında yerləşdirilib.
Saziş Azərbaycan və Aİ vətəndaşları üçün viza verilməsi qaydalarının sadələşdirilməsini və ucuzlaşdırılmasını nəzərdə tutur. Saziş gələn il Azərbaycanla Aİ arasında readmissiya haqqında saziş imzalandıqdan sonra qüvvəyə minəcək.
Əvvəlcədən deyim ki, söhbət hamıdan deyil, vətəndaşlarımızın bəzi kateqoriyalarından, yəni iş adamlarından, tələbələrdən, elm və incəsənət xadimlərindən gedir. Sıradan Azərbaycan vətəndaşının indiki şərtlər daxilində Avropada nə işi var?! Bir sözlə, hakim elitamızın nümayəndələri özləri üçün ümumiyyətlə Qərbə və o cümlədən Avropaya yol açırlar. Üzr diləyirəm. Fikrimi o qədər də düzgün ifadə etmədim. Onlar üçün yol çoxdan açılıb. İndi söhbət yerlərini bərkitməkdən və Qərbin «istilasına» başlamaqdan gedir. Məni böhtan və iftirada ittiham etmək mümkün deyil. Heç kimə sirr deyil ki, Avroatlantik məkana inteqrasiyanın ən ardıcıl əleyhdarlarının, yəni bizim hakim elitanın ən parlaq nümayəndələrinin övladları artıq neçə illərdi ki, ilin on bir ayını Paris, London, Nyu-York və Vaşinqtonda keçirirlər. Hürküsüz-qorxusuz adlarını bir-bir sadalayardım. Çünki heç kim məni yalan və iftirada ittiham edə bilməz. Bunun həqiqət olduğu hamıya məlumdur. Amma qorxuram ki, kiminsə adını yadımdam çıxarım. Mənim üçün ayıb olar. Deyərlər ki, filankəsin adamıyam.
Amma ədalət naminə deməliyəm ki, yeni nəsil «yeni azərbaycanlılar» orada dinc durmurlar. İki çox önəmli missiyanı həyata keçirirlər. Əvvəla, sözdə Azərbaycanın, əslində isə «yeni azərbaycanlıların» bu gününün və sabahının lobbingi ilə məşğul olurlar. Onları ittiham etməyə tələsməyin. Hamımız insanıq. Hamımız gələcəyimiz haqqında düşünməliyik. Onlar da imkanları daxilində gələcəklərini təmin edirlər. Bu, məsələnin bir tərəfi. Onların həyata keçirdikləri ikinci missiyanın önəmi daha böyükdür. Onlar «yeni azərbaycanlı» dəyərlərini Qərbdə yayırlar. Mən deyərdim ki, bu missiyanın gerçəkləşdirilməsində çox böyük uğurlar qazanıblar. İş o yerə çatıb ki, bəzi dünyada tanınmış Avropa şahzadələri belə artıq «yeni azərbaycanlı» psixologiyasını mənimsəyiblər. Bundan da böyük uğur ola bilərmi? Bir sözlə, bizim «yeni azərbaycanlılar» çoxdan Avroatlantik məkana inteqrasiya olunublar. İndi bu inteqrasiyanı dərinləşdirməyə çalışırlar, özü də avropalıların qara bəxtindən, hərtərəfli.
Onlar bu Qərbin nə olduğunu bizdən daha yaxşı bilirlər. Ona görə də bizi əxlaqsızlıq bataqlığına sürükləmək istəmirlər. Axı doğrudan da çox əxlaqsız bir ortam var. Bir neçə il öncə ABŞ-da gənc müsəlman qıza basketbol yarışlarında başıörtülü iştirak etmək qadağan edilmişdi. Bu gənc qız da, eləmə tənbəllik, hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etdi və qazandı. Nəticədə prezident Obama onu hər il Ağ evdə gənclərlə birlikdə keçirdiyi, əgər səhv etmirəmsə, Yeni il şənliklərinə dəvət edib, gənc müsəlman qızı əksəriyyəti xristianlardan ibarət bütün Amerika Birləşmiş Ştatlarına nümunə göstərdi. Yəni müsəlman qızın timsalında vətəndaşın öz haqları uğrunda mübarizəsinin nümunəsini göstərdi. Əksəriyyəti müsəlmanlardan ibarət Azərbaycanda isə biz bu günə qədər başörtüyü probleminin həllini tapa bilməmişik. Bundan da böyük əxlaqsızlıqmı olar?! Azərbaycanı deyil, ABŞ-ı nəzərdə tuturam.
Amma Vilnüsdə bizim avropalı dostlarımız lap ağını çıxardılar. Bizləri, yəni postsovet məkanı sevdalılarını öz aralarına qatmaq üçün dəridən-qabıqdan çıxdılar. Hətta Ukrayna prezidenti Yanukoviçə bir az hədə-qorxu da gəldilər. Zorla bizdən avropalı yapmaq istədilər. Hələlik bacarmadılar.
Mən hamını Azərbaycanın Avropaya inteqrasiyasına qarşı çıxmağa çağırıram. Səbəbi də çox sadədir. Bu günlərdə Latviyanın paytaxtı Riqada bir ticarət mərkəzinin tavanı çökdü. Altmışa yaxın insan həlak oldu. Soruşa bilərsiniz ki, bunun bizim Avroatlantik məkana inteqrasiyamızla nə əlaqəsi?!! Səbəbi düşündüyümüzdən daha sadə və bəsitdir. Bu faciədən sonra Latviya hökuməti könüllü, yəni nə küçənin, nə də siyasi müxalifətin təzyiqi, təpkisi olmadan tam tərkibdə istefa etdi. Belə də siyasi əxlaq, daha doğrusu, əxlaqsızlıq olar?!! Nə baş verib ki?!! Hansısa dövlət məmurunun, özü də əvvəlki hökumət dönəmində tikiləcək ticarət mərkəzinin layihəsinin ciddi ekspertizasını keçirməməsi üzündən altmışa yaxın insan həlak olub. Buna görə heç hökumət də istefa verər?!! Biz belə siyasi əxlaqsızlığı mənimsəyə bilmərik…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 341