Avropa Parlamenti: Azərbaycanda prezident seçkiləri demokratik olmayıb
Oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin sessiyasında deputatlar Avropa Qonşuluq Siyasəti haqqında qətnamə qəbul ediblər. Qətnamədə region ölkələrində vəziyyət və onların Avropa Birliyi ilə münasibətləri təhlil edilir, qiymətləndirilir. Sənədin Azərbaycana dair hissəsində deyilir: “Avropa Parlamenti assosiativ üzvlük barədə saziş məsələsində Azərbaycanın mövqeyinin aydın olmamasından və tərəddüd etməsindən təəssüflənir.
Avropa və Azərbaycan arasında münasibətlərdə iqtisadi potensialı qeyd edən Avropa Parlamenti ölkədə demokratiya, qanunun aliliyi və insan hüquqlarının təmin olunmamasından narahatlığını bildirir;
Azərbaycanın öz öhdəliklərini yerinə yetriməsinə, ifadə və toplaşma azadlığı da daxil olmaqla, müəyyən standartlara əməl etməsinə, demokratik müxalifətə öz hüquqlarından istifadə imkanları yaratmasına təkid edir;
Siyasi məhbusların buraxılmasına və siyasi fəallara, hüquq müdafiəçilərinə və jurnalistlərə təzyiqlərə son qoyulmasına çağırır. Bu, Azərbaycanda strateji tərəfdaşlıq haqqında istənilən saziş üçün zəruri şərtdir;
2013-cü il 9 oktyabr 2013-cü il prezident seçkiləri zamanı beynəlxalq standartların olmadığını qeyd edir. Bura namizədlərin qeydiyyatından imtina edilməsi də daxildir;
Tofiq Yaqublu və İlqar Məmmədov daxil olmaqla, son aylar həbs edilmiş 14 müxalifət fəalının, jurnalist və hüquq müdafiəçisinin dərhal və şərtsiz azad edilməsinə çağırır.
Qeyd edək ki, Azərbaycan XİN bu qətnamənin qəbul olunduğunu təntənəli şəkildə bəyan edib, lakin yalnız Azərbaycanın ərazi bütövlüyünün saxlanmasının və Qarabağ münaqişəsinin BMT TŞ-nin 4 qətnaməsi əsasında həllinin vacibliyinə dair hissəyə toxunub.
Azərbaycan XİN qətmanənin Azərbaycana dair ikinci hissəsini nədənsə “görməyib” (Turan).

