Avropa Məhkəməsi Çankayevin işi üzrə qərarını açıqlayıb
AİHM Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb. Rusiya vətəndaşı Hacı Çankayevin Azərbaycana qarşı iddiasına baxan AİHM onun Azərbaycandan Rusiyaya ekstradisiyasını qanunsuz saymayıb, lakin Avropa Konvensiyasının 13-cü maddəsinin (effektiv hüquqi müdafiə hüququ) pozulduğu qənaətinə gəlib.
Qərarda qeyd olunur ki, məhkəmənin qərarı qüvvəyə minənə qədər H.Çankayev Rusiyaya təhvil verilə bilməz.
AİHM Palatasının qərarları hökm çıxarılandan üç ay ərzində qüvvəyə minir və məhkəmənin Böyük Palatasında mübahisələndirilə bilər.
Qeyd edək ki, H.Çankayev 2002-ci ildə Rusiyadan Azərbaycana qaçıb. 2006-cı ildə Azərbaycanda qanunsuz silahlı dəstə yaratmaqda və qanunsuz silah saxlamaqda ittiham edilərək məhkum olunub. Elə həmin il çeçen silahlı qruplaşmasının üzvü kimi təqsirli bilindiyi cinayətlər üzrə məhkəmə qarşısında durmaq üçün müvəqqəti olaraq Rusiyaya təhvil verilib və 6 il azadlıqdan məhrum olunub.
2012-ci ilin iyun ayında Rusiya H.Çankayevin ekstradisiyası üçün Azərbaycana müraciət edib. Avqustda bu istək təmin edilib. H.Çankayev isə bu qərardan şikayət verib. Sentyabrın 3-də onun apellyasiya şikayəti rədd edilib. Lakin AİHM-də şikayət üzrə qərar çıxarılana qədər ekstradisiya qərarının icrası dayandırılıb