Avropa Məhkəməsi Azərbaycanla bağlı daha bir qərar verdi
Avropa İnsan Haqları Məhkəməsi ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı Şakir Rzaxanovun işi üzrə qərarı açıqlayıb. Avropa Məhkəməsinin mətbuat xidmətinə istinadən, məhkəmə Avropa Konvensiyasının 3-cü maddəsinin pozulması qənaətinə gəlib və bununla əlaqədar iddiaçıya dəyən mənəvi ziyana görə, 7,500 avro, məhkəmə xərclərinə görə isə 2000 avro təzminat ödənməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, 1961-ci il doğumlu Şakir Rzaxanov hazırda Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkir. O qətl törətdiyinə görə 1997-ci ildə mühakimə olunub. O saxlanma şəraitindən, kameranın sıxlığından, havasızlıqdan, qidanın keyfiyyətsiz olmasından şikayətlənib. İddiaçı 2004-cü ilin yanvarında həbsxana mühafizəçiləri tərəfindən döyüldüyünü iddia edib və göründüyü kimi, haqlı çıxıb…