Muəllif:

Avropa çempionatında rəqiblərimiz bəlli oldu

İyulda Fransanın Kabrai şəhərində Avropa çempionatı-2 yarışına qoşulan qadın otüstü hokkeyçilərdən ibarət milli komandamızın rəqibləri bəlli olub. Azərbaycan Otüstü Hokkey Federasiyasından verilən xəbərə görə, iki ildən bir keçirilən qitə çempionatının ikinci səkkizliyində çıxış edən yığmamız iyulun 21-dən 28-dək «A» qrupunda Ukrayna, Fransa və Litva hokkeyçiləri ilə yenidən yüksək dəstəyə çıxmaq uğrunda yarışacaq. Digər qrupa isə İtaliya, Rusiya, Polşa və Avstriya təmsilçiləri daxildirlər.

Qitənin 8 ən güclüsü sırasında yarışan milli komandamız 2011-ci ilin avqustunda koreyalı məşqçilər korpusunun rəhbərliyi ilə Avropa çempionatında 7-ci yeri tutaraq güçlülər dəstəsini tərk etmişdi. Bu yarışdan sonra əcnəbi məşqçi və oyunçulardan imtina edən milli baş məşqçi Adil Paşayevin rəhbərliyi ilə növbəti qitə çempionatına hazırlaşır. Komandamızın heyətinin əksəriyyətini isə yerli gənc hokkeyçilər təşkil edir. Qeyd edək ki, yığmamız fevralın 25-dən Bakıda təlim-məşq toplanışına başlayıb. Bu toplanışdan sonra Almaniyaya hazırlığa yollanacaqlar.

Avropa çempionatında millimiz ilk oyununu iyulun 22-də meydan sahibləri — Fransa hokkeyçilərinə qarşı keçirəcək. İki gün sonra həmyerlilərimiz Ukrayna hokkeyçiləri ilə qarşılaşacaq. Qrup mərhələsində sonuncu oyun iyulun 25-də Litva təmsilçilərinə qarşı olacaq.

Bir günlük istirahətdən sonra çempionat iştirakçıları «play-off» oyunlarında görüşəcəklər. Əvvəlcə qruplarda 4-cü yeri tutanlar, ardınca qrup üçüncülər qarşılaşacaq. Sonra «A» qrupunun 2-cisi «B» qrupunun qalibi, «A» qrupunun qalibi isə «B» qrupunun 2-cisi ilə mübarizə aparacaq.
Çempionatın sonuncu günü — iyulun 28-də A4-B3, A3-B4, sonra bir gün əvvəl «çarpaz» üsulla qarşılaşan cütlərin oyununda məğlub olanlar 3-cü yer uğrunda, qalib gələrək Avropanın ən güclü 8 komandası sırasına vəsiqə qazananlar isə formal xarakter daşıyan baş mükafat uğrunda yarışacaqlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 216