Muəllif:

Avropa Birliyi: Timoşenko buraxılmasa, assosiasiya sazişi imzalanmayacaq

Avropa Birliyi Ukrayna ilə assosiasiya sazişinin imzalanıb-imzalanmaması barədə yekun qərarını noyabrın 18-də verəcək. AB xarici fəaliyyət xidmətinin və Şərq tərəfdaşlığı ölkələri Departamentinin rəhbəri Dirk Şubel bildirib ki, əvvəlcə bu barədə qərarın AB ölkələri xarici işlər nazirlərinin 21 oktyabr iclasında verilməsi planlaşdırılsa da, sonradan qərar dəyişib. Şubel bəyan edib ki, sabiq baş nazir Yuliya Timoşenkonun məsələsi məqbul formada həllini tapmasa, AB Şərq tərəfdaşlığının 28-29 noyabr Vilnüs sammitində Ukrayna ilə assosiasiya sazişi imzalamaqdan imtina edəcək.

AB-nin aparıcı dövlətləri də Y. Timoşenkonun məsələsi həll olunmasa, Ukrayna ilə assosiasiya sazişin imzalamayacaqlarını açıqlayıblar. Fransanın Ukrayna səfiri Alen Remi açıq şəkildə qeyd edib ki, Timoşenko həbsdə qalarsa, sazişin imzalanması mümkün olmayacaq. Almaniya səfiri Krtistof Vayl da buna bənzər mövqe ifadə edərək bildirib ki, keçmiş baş nazir həbsdə qalmağa davam edərsə AB-nin 28 üzvü Ukrayna ilə saziş imzalanması məsələsində konsensusa gələ bilməz.

Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski AB-nin Ukrayna prezidenti Viktor Yanukoviçə Yuliya Timoşenkoya “qismən əfv” tətbiq olunmasını təklif etdiyini açıqlayıb: “Biz bunu Ukrayna prezidentinə yazdığımız məktubda ifadə etmişik. Belə görünür ki, bu, ən realist yanaşmadır və qalan müddət bunu həyata keçirməyə imkan verir. Vaxt çox deyil, sammitə 42 gün qalır”.

A. Kvasnevski qismən əfvin mahiyyətini də açıqlayıb. Onun sözlərinə görə, Timoşenkonun 7 illik həbs cəzasını 2 ilə endirib, bu cəzanı artıq çəkdiyi üçün onu azadlığa buraxmaq mümkündür.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 282