Avropa birinciliyində 3 boksçumuz yarımfinala yüksəldi
Rotterdam şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində yarımfinalçılar məlum olub. Boks Federasiyasından bildirilir ki, Azərbaycan millisinin 3 üzvü yarımfinala vəsiqə qazanmaqla, yarışın medallarını özlərinə təmin ediblər.
56 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov 1/4 finalda rumıniyalı Fredi Nikusoru məğlub edib. Həmyerlimiz finala gedən yolda albaniyalı Rexildo Zenili ilə qarşılaşacaq.
Cavid Quliyev də (64 kq) qitə birinciliyinin mükafatçıları sırasına daxil olub. Millimizin üzvü 1/4 finalda Rumıniya nümayəndəsi Vizanı mübarizədən kənarlaşdırıb. Quliyev yarımfinalda Almaniyanı təmsil edən Aqon Qaşi ilə üz-üzə gələcək.
52 kq çəki dərəcəsindəki təmsilçimiz Məsud Yusifzadə də yarımfinala yüksələnlər arasındadır. Boksçumuz 1/4 finalda fransalı Samuel Xistourri üzərində qələbə qazanıb. Məsudun növbəti rəqibi Türkiyə nümayəndəsi Ömər Koç olacaq.
Münasib Məmmədov (49 kq), Nəbi Bağırov (75 kq), Rahil Məmmədli (81 kq) və Məhəmmədəli Tahirov (91+kq) 1/4 final mərhələsində məğlubiyyətlə üzləşiblər. Avropa birinciliyinə avqustun 17-də yekun vurulacaq.