Muəllif:

ATƏT missiyasının işi tənqid deyil, müşahidə etməkdir

ATƏT DTİHB müşahidə missiyasının rəhbəri deyib ki, onların işi tənqid deyil, müşahidə etməkdir. Missiya prezident seçkiləri ilə bağlı iki aralıq hesabat hazırlayacaq, yekun hesabat seçkilərdən 8 həftə sonra dərc olunacaq.
“Bizim işimiz tənqid etmək deyil, müşahidə etməkdir. Zərurət yaranan hallarda biz vəziyyəti yaxşılaşdırmaq üçün zəruri tövsiyələrimizi verə bilərik”. APA-nın məlumatına görə, bu fikirləri ATƏT DTİHB-in monitorinq missiyasının rəhbəri Tana de Zulueta missiyanın fəaliyyətə başlamasına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, ATƏT bütün iştirakçı dövlətlərə eyni standartlarla yanaşır: “Biz nəticəni mühakimə etmirik, müşahidəçi kimi bizim məqsədimiz – tərəfsiz qalmaqdır. Bu, ATƏT DTİHB-in Azərbaycanda müşahidə edəcəyi sayca doqquzuncu seçkilər olacaq. Müşahidəçilər qarşıdan gələn seçkiləri üzv ölkələrin ATƏT qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun dəyərləndirəcəklər. Missiya bu gündən fəaliyyətə başlayır və seçkilərin bütün mərhələlərini, seçki kampaniyasının gedişini, seçki komissiyalarının fəaliyyətini, kampaniyaların KİV-də işıqlandırılmasını və KİV-in bu seçkilərdə rolunu izləyəcək”.

Tana de Zulueta uzunmüddətli müşahidəçilərin seçki prosesini regionlarda izləyəcəyini, hər regiona iki müşahidəçinin göndərilməsinin planlaşdırıldığını deyib.

Missiya Azərbaycanda prezident seçkiləri ilə bağlı iki aralıq hesabat hazırlayacaq, yekun hesabat seçkilərdən 8 həftə sonra dərc olunacaq. Səsvermədən bir gün sonra keçiriləcək mətbuat konfransında ilkin müşahidələr açıqlanacaq. Tana de Zulueta missiyanın oktyabrın 19-dək Azərbaycanda olacağını deyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 158