Muəllif:

Atəşi kəsən zabitin göz yaşı

ANS cəbhə bölgəsində snayper gülləsindən həlak olmuş gizirimizin dəfnindən süjet göstərdi. Artıq uzun illərdir həyatımıza daxil olmuş, öyrəşdiyimiz bir fraqment. Özünü itirmiş atanın titrək səsi, sinəsinə bala dağı çəkilmiş ananın fəryadı, çaşqınlıqdan karıxmış qonum-qonşular… Sonra.. Sonra isə aparıcı heç nə olmamış kimi digər bir xəbəri oxudu…
Efirin o üzündə qalan, amma ürəklərdə dəhşət saxlayan müharibənin daha bir izi… Diqqətimi çəkən cavan giziri dəfn etməyə gəlmiş hərbiçi həmkarları oldu. Onlardan biri ağlayırdı. Bu ağlayan zabit mənim üçün illərdir davam edən atəşkəsin bir barometri oldu sanki. Yaşı artıq 20-yə çatmış, lənətə gəlmiş atəşkəsin..
…Gizir 1990-cı ildə anadan olub. O ağır ildə… Cəmi 4 il keçəcək və indi hərbiçinin həyatına son qoyacaq atəşkəs barədə sənəd imzalanacaq. O körpə üçünsə hələ arzular qurulur, niyyətlər kəsilir. Yəqin, körpəsinin dünyaya gəlişinin sevincini yaşayan atası, anası həmin illərdə Qarabağda başlanmış davanın fərqində olublar. Bəlkə də meydanlara çıxıb bu münaqişənin ədalətlə həllinə çağırış edən kütlənin də arasında yürüyüblər… Mən əminəm ki, bu körpə doğularkən anası əllərini göyə açıb «Allah, bu qan-qadanı tez apar bu məmləkətdən, bizim övladlardan uzaq elə» deyərək dua edib. Atası bir siqaret yandıraraq qaranlıq gecənin zəif işığında pıçıltı ilə «bu dava, yəqin ki, övladlarım böyüyənə qədər qurtaracaq, hökmən qurtaracaq» deyə özünə təsəlli verib.
…Atəşkəs müharibə deyil. «Cəbhədən əsgər meyiti daha gəlmir» deyənlərin sevincindən doğan bir qarğışdır indi. Bizim altında yaşadığımız bu atəşkəs ancaq və ancaq beynəlxalq silah alverçilərinin məkrli planları, «dünya düzəni» adı verdikləri torpaq qamarlama niyyətləri üçün bizi saldıqları GİROVDUR.
…Müharibənin öz qaydaları var. Tarix bunu sübut edib. Ən qanlı müharibələr belə, başa çatır. Nəticəsindən asılı olmayaraq. Müharibə siyasətin gücünü göstərən bir nümayişidir. Bizi atəşkəsə məcbur edən ATƏT-in piti yeməyə həvəskar vasitəçiləri üçün isə silahın susması Qafqazda «parçala və hökm sür» prinsipinin doqma olduğu qüvvələrin maskaradıdır. Qanlı, heç bir qanun tanımayan və sadizm səhnələrinin bol olduğu maskarad.
…22 il əvvəl əsməyə başlamış dəhşətli külək artıq tarixin bu üzünə gəlib çatıb: «Atəşkəs» gülləsi ilə açılan avtomatlar, snayper tüfəngləri 1990-91-92-93-94-cü ildə doğulan balaları «yeməyə» başlayıb. İllər öncə torpaq uğrunda aparılan müharibəni siyasi oyunların girovuna çevirənlər indi atəşkəsin qanlı girovuna çevriliblər.
…Zabitin göz yaşları isə tüfəngə zorla taxılmış qızılgülə bənzəyir: onun sərt üzündən süzülən bu yaş müharibədə ölməyən əsgərə bir elegiyadır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 610