Muəllif:

Atatürkün böyüklüyü

İstanbul

«Bozdan sonra hər zaman qara gəlir»
Struqatski qardaşları

Professor Arnold Lüdviq (Ludwig) amerikalı psixiatrdır. Ömrünün 18 ilini böyük bir araşdırmaya sərf edib. O, 2000 dövlət rəhbəri və lideri içindən 377 nəfərini seçərək, onları PGS adlandırılan (Political Greatness Scale) «Siyasi Böyüklük Ölçüsü»nə görə sıralayıb. Bu sıralama çox zəhmət və zaman tələb edən statistik hesablamalar nəticəsində hazırlanıb. Kimlər yoxdur bu siyahıda — C.Neru, F.Ruzvelt, F. Kastro, V.Lenin, İ.Stalin, Q.Meir, C.Kennedi, U.Çerçill, Xomeyni və b. Bu liderlər əvvəlcədən təsbit edilmiş 200 kriteriyaya görə, incələndikdən sonra onlara tək-tək 1-31 intervalında xal verilib. Nəticə etibarı ilə ortaya A.Lüdviqin «Zirvənin Kralı» adlı (King of the Mountain, The nature of political leadership, by, Arnold M. LUDWIG, University Press of Kentucky, 2002) son dərəcə maraqlı kitabı çıxıb.
PSG-yə görə Kennedi 15, Çerçil 22, Ruzvelt 30, Stalin 29, general de Qoll 27 xal toplamışlar. 31 xal toplayan yeganə lider isə Mustafa Kamal Atatürk olub və Türkiyə Cumhuriyyətinin qurucusu XX əsrin ən böyük lideri seçilib. A.Lüdviq «Böyük Siyasi Lider» kimi Atatürk, Sezar, Bismark, Linkoln, Vaşinqton kimi «Ölməz Siyasətçiləri» misal göstərir. Tarixə damğasını vurmuş bu liderlərin adlarını çəkərkən onların ortaq xüsusiyyətlərini, üstünlüklərini araşdırmışdır. Amerikalı alim bunun üçün onların qazandıqları hərbi zəfərləri, fəthləri, apardıqları sosial islahatları, əldə etdikləri iqtisadi uğurları dərindən təhlil etmişdir.
Açığı, Atatürkün bu araşdırmada da birinci olması məni təəccübləndirmir, maraqlı və önəmli olan bu nəticənin həyatında bircə dəfə də olsun Türkiyədə olmamış bir alimin elmi-statistik araşdırmasından çıxmasıdır. «Visionary», yəni «uzaqgörən» sifəti ilə «Bütün liderlərin lideri» seçilən Atatürkün böyüklüyü ətrafımızda baş verən hadisələr işığında necə də aydın görünür. Və çox təəssüf ki, onun ölkəsi üçün nə qədər əmsalsız işlər gördüyünü günümüz Türkiyəsində bəzi çevrələr anlamır, onu tarixin səhnəsindən silməyə cəhd edirlər.
Halbuki, Atatürk xalqını öz arxasınca sürükləmədi, onu ortaq bir gələcəyə aparmaq üçün ortaq bir model seçdi, Vətən və Millət məvhumunu yaratdı, ölkəsinin bəxtsiz qədərini dəyişdi. Yaratdığı Cumhuriyyət modeli sürəkli dəyişir, yenilənir, liderlər dəyişsə belə, çalışmağa davam edir. Onun qurduğu siyasi sistemdə İslam və demokratiya birlikdə yaşadı, nəticədə Türkiyəni qonşularından ən az 100 il irəliyə götürməyə nail oldu. Elə buna görə Türkiyə bu gün nə Misirdir, nə də Liviya…
Bu gün Ərəb dünyasında Siyasi İslamın sonunun belə acınacaqlı olmasında Türkiyənin «günahı» böyükdür. Lakin, AK Partiyanın iqtidara gəlməsi ilə Qərb dünyası «İslam» və «Demokratiya»nın ortaq məxrəcə gələ biləcəyinə inanmağa başlamışdı. Məntiqləri sadə idi — Türkiyədə oldusa, digər müsəlman ölkələrində də ola bilər. Elə Erdoğanın özü də bu yolda liderlik edəcəyinə müttəfiqlərini inandırmağa çalışmış və buna da müvəffəq olmuşdu.
Əslində «Ərəb Baharı» adlandırılan bu yenilik rüzgarı Türkiyə modelinin İslam ölkələrinə tətbiqi planı idi. Dünyanın demokratik düşərgəsi bu utopik plana inanmışdı. Amma qısa bir zaman içində bütün ümidlər puç oldu. Hazırki vəziyyət göz qabağındadır — Liviyada sular durulmur, Misir vətəndaş müharibəsinin astanasına gəlib, nisbətən sabit Tunisə isə inqilabın çürük meyvələrini toplamaq qalıb. Çıxılmaz bir girdaba saplanmış Suriyanın isə durumu daha bərbaddır.
«Ərəb Baharının» ideoloq və ssenaristləri bəlkə də hər şeyi doğru hesablamışdılar. Tək bircə şeydən başqa — Heç bir müsəlman ölkəsi Türkiyənin 90 illik Cumhuriyyət, 70 illik də demokratiya ənənələrinə sahib deyildi. Və heç birinin də Mustafa Kamal Atatürk kimi geniş bir vizyonu yox idi. Struqatski qardaşlarının yuxarıdakı sözlərini ərəb ölkələri üçün bu şəkildə ifadə etmək olar — «Atatürk kimi bir lider çıxmadıqca bozun yerinə qara gələcək». İslam və Demokratiya bir yerdə olmadıqları müddətcə «Boz Mursidən» sonra kim bilir necə «Qara Mursilər» gələcək.
Arnold Lüdviqin kitabı Amerikada 2002-də nəşr edilib, yəni AK partinin iqtidara gəldiyi ildə. Necə də acınacaqlıdır ki, kitab Türkiyədə hələ də işıq üzü görməyib.
Türkiyə Cumhuriyyəti varını, yoxunu, hər şeyini Mustafa Kamal Paşa Atatürkə borcludur…

[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 558