Atasının ruhunu şad edəcək
Adını peşəkar ifaçılar sırasına yazdıran Lətifə Soyuöz bu dəfə dünyasını vaxtsız dəyişən atası, tanınmış incəsənət adamı Akif Fətəliyevin ruhuna ithaf etdiyi mahnı ilə onu sevənlərin qarşısına çıxacaq. Əməkdaşımıza açıqlamasında sənətçi bu mahnı barəsində söylədi:
«Sənətdə var olduğum üçün yalnız bir şəxsə ömrümün sonuna kimi minnətdar olacağam. Bu da mərhum atam Akif Fətəliyevdir. Oxucularınıza bir sirr açım ki, repertuarıma hansı yeni mahnını daxil edirəmsə, mütləq məzarı başına gedib, ona dinlədib, ruhundan halallıq alıram.
Atam təkcə valideynim yox, ən yaxın dostum, öyrəndiyim müəllimim idi. Onun yoxluğu ilə barışmaq çətin olsa da, sırf ruhunu şad etmək üçün dayanmadan yaradıcılığım üzərində çalışıram. Atamın sənət dünyasında çox yaxşı dostları var. Onlardan biri də tanınmış bəstəkarımız Faiq Sücəddinovdur.
Təşəbbüs göstərdim ki, atamın ruhuna layiq bir əsər ifa etmək itəyirəm, Faiq müəllim də var olsun, ən gözəl mahnılarından birini mənim üçün yazdı. Sözləri Sona Arifə məxsus olan bəstə «Başımın tacı» adlanır. Mahnının yüksək səviyyəli aranjiсmanını Yaşar Baxış etdi. Əminəm ki, dinləyici rəğbəti də qazanacaq».
Lətifə onu da əlavə etdi ki, martın 7-də Akif Fətəliyevin doğum günüdür. Atasının doğum gününü əlamətdar hadisə kimi qeyd edəcək. «Başımın tacı»na ekran həyatı verməyi də düşünür. Rejissor Anar Hüseynovun son aylar gördüyü işlərdən məmnun qaldığından Lətifə Soyuöz bu klipi çəkməyi də ona həvalə edib.