Aşıq Hüseyn Saraclı anıldı
Bu gün Gürcüstanın Bolnisi rayonunun Saraclı kəndində məşhur Aşıq Hüseyn Saraclının anım günü keçirilib. Törən aşığın məzarını ziyarət etməklə başlayıb. Sonra Saraclı kəndinin mərkəzində Aşıq Hüseyn Saraclının büstü önündə Borçalı şair və yazıçıları, ictimaiyyət nümayəndələri yaxın keçmişin bu ünlü Borçalı aşığı ilə bağlı ürək sözlərini bölüşüblər.
Borçalı aşıqlarından Məhəmməd Sadaxlı, Aslan Kosalı, Qərib Məmmədov, Məsim, Ziyəddin Keşəli və başqaları aşıq mahnıları ilə ustad sənətkar aşıq Hüseyn Saraclını yad ediblər. Törəndə sazsevənlər, Tiflisdən, Bakıdan, Marneulidən, Dmanisidən, Qaradabanidən, Borçalı kəndlərindən gələn ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər (APA).
Aşıq Hüseyn Saraclının anım günü hər il ənənəvi olaraq aprelin ikinci ongünlüyündə keçirilir. Bu gün keçirilən törən sayca 26-cıdır. Törəndə 2016-cı ildə aşığın 100 illiyinin qeyd edilməsi qərara alınıb.