AŞ Azərbaycandakı durumdan narahatlıq ifadə edir
Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt və Cozef Qreş nümayişçilərin saxlanması və mühakimə edilməsi, müxalifət liderlərinin həbsləri daxil olmaqla, ölkədə hadisələrin bu cür mənfi inkişafından narahatlıq bildiriblər («Turan»).
«Ədalətsiz məhkəmə prosesləri, saxlanılanlarla pis davranma ilə bağlı çox narahatedici xəbərlər daxil olur», — deyə AŞPA-nın saytında yerləşdirilən bəyanatda deyilir.
Yanvarın 26-da Bakıda dinc nümayiş zamanı 80-ə yaxın adam saxlanılıb. Onlar yanvarın 23-24-də İsmayıllı rayonunda hakimiyyətin zorakılığına qarşı etirazlarını bildiriblər. Bakıda 30-dək nümayişçi inzibati qaydada cəzalandırılıb, beş nəfər həbs olunub.
«Biz Azərbaycan hakimiyyətini insan hüquqları standartlarına uyğun olaraq saxlanılanların və həbs olunanların işlərinə yenidən baxmağa çağırırıq. Pis davranış və işgəncələr barədə bütün məlumatlar yoxlanmalıdır, günahkarlar cəzalandırılmalıdır», — bəyanatda vurğulanır.
Məruzəçilər REAL hərəkatının rəhbəri İlqar Məmmədovun və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun həbsinə xüsusi diqqət yetiriblər. «Etirazlardan bir neçə gün sonra baş verən həbslər onların qanuni olduğuna şübhə etməyə əsas verir. Biz Azərbaycan rəhbərliyini bu müxalif siyasətçiləri azad etmək üçün bütün qanuni tədbirlərdən istifadə etməyə çağırırıq», — məruzəçilər qeyd edirlər.
Onlar həmçinin xatırladırlar ki, Azərbaycan Avropa Şurasına daxil olarkən götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
«Hüquqi prosesin ədalətliliyi, təhqiqatın şəffaflığı təmin edilməlidir. Toplaşma və ifadə azadlığı əsas insan hüquqlarıdır və Avropa Şurasının hər bir tərəfindən ona zəmanət verilməlidir».
Bu arada AŞ Siyasi Araşdırmalar məktəblərinin direktorları birgə bəyanatla çıxış edərək azərbaycanlı həmkarları, Bakı məktəbinin direktoru İlqar Məmmədovun həbsini pisləyiblər. Onlar yanvarın 23-24-də İsmayıllı rayonunda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilmiş İ.Məmmədovun dərhal azadlığa buraxılmasını tələb ediblər.
«Həqiqi demokratiyanın aparıcı müdafiəçilərindən biri olan cənab İlqar Məmmədova qarşı irəli sürülmüş ittihamlar siyasi motivlidir və məhkəmə təqibləri yolu ilə onu susmağa məcbur etməyə yönəlib.
Bu ədalət mühakiməsinin parodiyası AŞ üzvü və Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısı olan Azərbaycan tərəfdən öhdəliklərin görünməmiş dərəcədə pozulmasıdır», — deyə Strasburqda yayılan bəyanatda qeyd edilir.
AŞ keçmiş baş katibi (1989-94-cü illər) rəhbərlik etdiyi Avropa Siyasi Araşdırmalar Məktəbləri Assosiasiyasının direktoru Katrin Lalyumyer Avropa Şurasından, Avropa Birliyindən və onların üzvlərindən insan hüquqları və demokratiyanın müdafiəsinə qalxmağı xahiş edir. Onlar İlqar Məmmədovun dərhal və şərtsiz azad olunmasını tələb edir. «Onun yeganə «cinayət»i Avropa layihəsinin əsasını təşkil edən dəyərləri və ideyaları müdafiə etməsindən və irəlilətməsindən ibarətdir.
Qeyd edək ki, Assosiasiyaya Şərqi Avropa və keçmiş SSRİ ölkələrindən 16 məktəb daxildir.