Arxeoloqlar Balçılı qalasında yeni faktlar üzə çıxarıblar
MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə Arxeoloji Ekspedisiyası Göygöl rayonun Balçılı kəndindəki Balçılı qalasında və Kürək çayı yaxınlığındakı karvansarayda apardığı arxeoloji tədqiqat işləri zamanı yeni faktlar aşkarlayıb. Bu barədə ekspedisiyanın rəhbəri Arif Məmmədov danışıb. Arxeoloq bildirib ki, XII əsrə aid olan möhtəşəm Balçılı qalası Gəncənin müdafiəsində olduqca mühüm rol oynayıb. Balçılı qalası Gəncə ətrafındakı digər qalalardan fərqlənir. Bu qalanı uzaq məsafədən görmək mümkün deyil. Çünki qala qayanın daşlarından yonularaq inşa edilib, qaya ilə qala eyni rəngdə olduğundan kənardan qala diqqəti cəlb etmir: «Ancaq möhtəşəmliyinə və böyüklüyünə görə Gəncə ətrafında olan qalalar arasında Balçılı qalası ən əzəmətlisi hesab oluna bilər. Bundan əlavə, bu qalanın ətrafında-dağın ətəyində təxminən 50 hektar sahədə əlavə qala divarı çəkilib. Görünür ki, orada əsasən, əkinçi, sənətkar əhali məskunlaşıbmış. Onların ictimai binalarının qalıqları, istifadə etdikləri ocaq yerləri hazırda da qalmaqdadır».
A.Məmmədov bildirib ki, ekspedisiya Kürək çayının üzərindəki Qızıl Arslan körpüsünə yaxın ərazidə yerləşən karvansarayda da arxeoloji tədqiqat işləri aparıb. Əsasən XI əsrdə inşa olunan karvansaraydan XIX əsrə kimi istifadə edilib. Arxeoloji materialların ardıcıl olaraq bir-birini tamamlamaları da karvansaraydan həmin müddət ərzində istifadə olunduğunu göstərir. Karvansaranın tikinti xüsusiyyətləri onun 2 mərtəbə formasında olduğunu göstərir. Karvansaranın həyəti olub, onun 2-ci mərtəbəsində əsasən, qonaqlar, alt mərtəbəsində isə yüklər yerləşdirilib.