Arvadını bıçaqladı, 8 il 3 aylığa cəzalandı
Arvadını həyatdan məhrum etməyə cəhd edən feldıer, Masallı rayon sakini Elçin Kazımovun cinayət işi üzrə məhkəmə prosesi müttəhim üçün pis sonluqla bitdi. Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə gedən prosesdə Elçin Kazımov 8 il 3 ay müddətinə cəmiyyətdən təcrid edildi.
Bu hadisə Masallı şəhəri Heydər Əliyev prospektində, Polis Şöbəsinin yaxınlığında baş verib. Qodman kənd sakini, 24 yaşlı Elçin Kazımov, keçmiş arvadı, 30 yaşlı Mehriban Xudaverdiyevanı ailə münaqişəsi zəminində bıçaqlayıb. Zərərçəkmiş Mehriban Xudaverdiyeva, qeyri-rəsmi nikahda yaşadığı Elçin Kazımovdan ayrıldıqdan sonra onların izdivacından olan uşağı geri almaq istəsə də, buna nail ola bilməyib.
Ana rayon polis şöbəsinə gedəcəyini və bu yolla uşağı ondan alacağını bildirib. Arvadının getməsinə razı olmayan Elçin polis şöbəsinin yaxınlığında Mehribanın qarşısını kəsərək onu geri qaytarmağa çalışıb. Yoldaşının geri qayıtmadığını görən Elçin üzərində gəzdirdiyi bıçaqla arvadına zərbələr endirib…
Yaralı dərhal Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib. 4 saatdan artıq aparılan əməliyyatdan sonra yaralını həyata qaytarmaq mümkün olub. Polis Şöbəsi əməkdaşları tərəfindən hadisəni törədən Elçin Kazımov dərhal saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan şəxs Masallı Rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə şöbəsinin feldşeridir.