Arşavin Azərbaycanı seçərsə…
Andreyin Azərbaycana futbolçu kimi gələrsə, onu burada nə gözləyəcəyi mövzusu indi daha çox qabardılır.Rusiyalı futbolçu, İngiltərə “Arsenal”ında oynayan Andrey Arşavinin Azərbaycan klublarından birinə mümkün transferi hazırda mətbuatda müzakirə mövzularındandır. Əvvəlcə İngiltərə, daha sonra Rusiya və Azərbaycan mediasını “zəbt edən” bu mövzunun nə sonucla tamamlanacağı maraqla gözlənilir. Vaxtilə Rusiya millisinin də şərəfini qorumuş bu futbolçunun karyerasını Azərbaycanda davam etdirib-etdirməyəcəyini zaman göstərər. Amma ölkəmizdə ötən il qonaq qismində olmuş Andrey Azərbaycana bu dəfə futbolçu kimi gələrsə, onu burada nə gözləyəcəyi mövzusu indi daha çox qabardılır.
Rusiyanın “Sportbox.ru” portalı London “Arsenal”ının yarımmüdafiəçisinin Azərbaycan klublarıdan birinə keçməsi ilə bağlı ehtimalları oxucularla bölüşüb. Portal yazır: “Niyə məhz Azərbaycan? Hər şey sadədir: bu ölkədə yaxşı pul var. Rəhbərlk futbolun inkişafı üçün futbola böyük yatırımlardan çəkinmir. Almaniyalı Berti Foqtsun Azərbaycan milli komandasına baş məşqçi təyin edilməsi bu istiqamətdə atılan addımlardan biridir. Tanınmış şəxsiyyətlərin olması da, yerli futbolun inkişafına təkan verən amillirdəndir.
Andrey Arşavinın şəxsiyyəti piar baxımından ideal variantdır. Azərbaycanda təkcə qollar və qol ötürmələri deyil, yerli çempionatın tanıdılması üçün bu futbolçuya onun istədiyi qədər pul verməyə hazırdırlar. Rusiyalı futbolçunun Azərbaycana gəlmək ehtimalına ilk münasibət bildirən klublardan biri də ölkənin ən imkanlı komandalarından sayılan “Xəzər Lənkəran” oldu. Klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev bununla bağlı açıqlamasında deyib:“Arşavin Azərbaycanda? Niyə də olmasın? Hər şey ola bilər. Azərbaycanda dörd komanda bu futbolçuya istədiyi məbləği ödəyə bilər. Bunlar “Qəbələ”, “Neftçi”, “Bakı” və “Xəzər Lənkəran”dır. Həm də bizim yeni baş məşqçimiz Con Toşak bu yay heyəti gücləndirməyi düşünür. Bu mənada Arşavin əla namizəd ola bilər”.
Bu transfer baş tutacağı təqdirdə Azərbaycan futbolu tarixində ən səs-küylü keçid kimi yadda qalacaq. Qeyd edək ki, gələn il təşkil olunmasının 10 illik yubileyini qeyd edəcək və qarşısına böyük məqsədlər qoyan “Xəzər Lənkəran” Arşavini heyətinə gətirə bilər. Lənkəran komandası bundan ötrü futbolçuya həftəsinə 100 min funt ödəməyə hazırdır.
Azərbaycana gəlməyəcəyi təqdirdə, Andreyinin başqa seçim imkanları da var. Belə ki, futbol həyatı futbolçunu Rusiyadan xeyli uzaqlara – Avstraliyaya da ata bilər. Ona hazırda futbol bumu yaşayan bu ölkədən də təkliflər var. Burada yerli çempionat yaradılmasının 10 illiyini qeyd edəcək. Belə bir vaxtda Avstraliya klubları tanınmış simaları öz heyətlərində görməkdə maraqlıdır. Məşhurlar diqqətdən kənarda qalmış belə çempionatlara əlavə rəng qatır. Andrey Arşavinin belə bir vaxtda Avstraliyada top qovması ideal variantdır. Hərçənd, Azərbaycandan fərqli olaraq, Avstraliya futbolu məşhur simaları görüb. Duayt York, Juninyo Paulista, Robbi Fauler, Mario Jardel, Alessandro del Pyero bu ölkədə top qovublar. Maddi təminat baxımından da Avstraliyada çətinlik yoxdur”.
“Sportbox.ru”dan fərqli olaraq “Sovetski sport” qəzeti A.Arşavinin Azərbaycanla bağlı mümkün gələcəyinə ümidverici yanaşmır. Bu qəzetdə çalışan həmkarlarımız Azərbaycana gəlib-getmiş 5 ən məşhur legioner — Valentin Belkeviç, Georgi Demetradze, Artyom Bezrodnıyın ölkəmizdəki futbol həyatını araşdırblar. Valentin Belkeviçi ilk sırada göstərən rusiyalılar onun ölkəmizə gəlməyə peşman olduğunu yazıblar: “Kiyev “Dinamo”sunun sabiq liderinin ulduz dövrü bitdikdən sonra Azərbaycana çağırılmışdı. Qafqaz adət ənənələri, yad dil, məşq bazası ətrafında otlayan keçilər… Bütün bunlar Bakı “İnter”ində oynayan Belkeviçin heç xoşuna gəlmədi. Cəmi 5 oyun keçirəndən sonra klubu ilə vidalaşdı.
“Bakı”ya transfer olunan G.Demetradze də Azərbaycana futbol oynamağa yox, karyerasını bitirməyə gedirdi. O, yeni klubunun formasını əlində tutub deyirdi ki, məni Çinə çağırsalar da Azərbaycanı seçdim. Həmin vaxt zalı alqışlar bürümüşdü. Azərbaycanda nadir hallarda oynayırdı. Ordan gedəndən bir neçə ay sonra həbs olundu. Kriminal üzündən”.
“MKT Araz”da oynamış Artyom Bezrodnıya isə daha çox yer verilib: “Azərbaycan futbolu həm də onunla tanınır ki, Bezrodnı orada “əriyib”. 17 yaşında “Spartak”la Çempionlar Liqasında debüt edən futbolçu zədələrdən bezdiyi vaxt İmişlinin “MKT Araz”ında peyda oldu. Amma macəralar da orada başladı. Yarımmüdafiəçi rejimi pozur, heç kimə qulaq asmırdı. Məşqçilər onu məşqə çıxmağa da güclə dilə tuturdular. Deyilənə görə, onu bir dəfə içkili vəziyyətdə qəbiristanlıqda tapmışdılar”.