Arif Quliyev: İmkanım olanda gülürəm, vaxta baxır
Arif Quliyev illərdən bəri dadlı-duzlu yumoru ilə üzünə təbəssüm qondurmuşdu. Fəqət aktyorun həyatındakı acı günlər üzündəki təbəssümü silib apardı. Övlad itkisi yaşayan aktyor bu acıdan sonra nə qədər istəsə də, daha əvvəlki kimi gülderə bilmir. Həmişə deyib-gülər gördüyümüz aktyorun əslində qəlbinin dərinliklərində böyük kədər yatır. Amma bu dəfə yalnız gülüşdən danışmaq istədi.
— Arif Quliyevin adı gələndə istər-istəməz adamın üzünə təbəssüm qonur. 40 ildir adınız gülüşün sinonimi kimi işlənib. Bunu necə bacarırsınız?
— Bu sualı məndən həm yaşca, həm də başca üstün olan aktyorlara versəniz, daha yaxşı olar. Bu sualın kiçik bir qolu mənə aiddir. Fizikada bir qanun var: təsir əks-təsirə bərabərdir və yaxud ataların bir məsəli var: «Nə tökərsən aşına, o da çıxar qaşığına». Mən insanlara gülüş bəxş edirəm. İnsan yalnız sevincli anlarında gülə bilir, adamın atasını öldürüb onu gülməyə məcbur edə bilməzsən. Mən insanlarda xoş əhval-ruhiyyə yaratdığıma görə insanlar məni bu illər ərzində seviblər.
Ola bilsin ki, mənim gülüşüm bir az duzlu olduğuna görə, yaddan çıxmamışam. Gülüş insanın qəlbini, ürəyini, üzünü bəzəyir. İndi gülüş sənətində qocaman nəsil, orta nəsil və gənc nəsil var. Gənclərdən Coşqunla Rafaeli misal göstərə bilərəm. Lap cavanlardan isə Fərda, Elməddin hazırda öz təmiz, saf yumorları ilə keçmiş yumoru davam etdirirlər. Yəni ot kökü üstə bitər, onlar çalışırlar ki, öyrənsinlər və fikirlərini yumorla, mənalı tərzdə çatdırsınlar. Həmişə mənalı gülüşə üstünlük verirəm. Mənalı gülüş odur ki, insanın ürəyini aça, qəmini-kədərini yox edib onu ovuda biləsən.
— Bu 40 ildə xalqa nə verdiniz, xalq sizə nə verib?
— İnsanda olan istedadin hamısı xalqındır. Xalqıma mən sənətimi vermişəm, əvəzində xalq məhəbbəti qazanmışam. Dövlətimiz də məni layiqincə qiymətləndirib, hazırda prezident təqaüdçüsüyəm.
İnsan sabahla yaşamalıdır. Kədərlər, əziyyətlər arxada qalıb. Mən istəyirəm ki, insanların ürəyindən qəmi-kədəri çıxarıb atım, əvəzinə sevinc toxumu səpim. Mən qəm-kədərin nə olduğunu bildiyim üçün heç kəsə bunu arzulamıram. Ölüm Allahın işidir, hamı ölənlə ölmür. Əgər ağlayanla ağlasaq, ölənlə ölsək, qalan işləri kim görər? Biz çalışmalıyıq ki, həyatı olduğu kimi insanlara çatdıraq. Onsuz da çətin zamandayıq. İnsanlara sevinmək lazımdır, kiçik bir sevinc, zarafat bəs edir ki, qəlbləri gülsün.
Mən ətrafımda olanları bir anlıq da olsa, düşdükləri aləmdən uzaqlaşdırıb, gülüş aləminə aparmağı bacarıram. İnsan ciddi olmağı da, zarafatcıl olmağı da bacarmalıdır. Düşdüyü mühitə uyğunlaşmağı bilməlidir. Allah fəsilləri də dəyişkən yaradıb. Amma bir şeydən zəhləm gedir ki, insan vəzifəyə keçəndən sonra dəyişsin. Ucalan insan daima sadə olmalıdır. Deyirlər ki, ağac bar verəndə başını aşağı əyər. Təəssüflər olsun ki, indi ucalan insan saymazlıq edir.
— Həyatın elə məqamları var ki, insan o anlara qayıtmaq istəmir. Siz hansı günlərinizə qayıtmaq istəməzdiniz?
— Uşaqlıq illərimə qayıtmaq istəməzdim. Düzdür, onda da sevgi ilə əhatə olunmuşdum — müəllimlərimin sevgisi ilə. Amma ata-ana sevgisinin yerini heç nə vermir. Bu baradə çox danışmaq istəməzdim. İndi isə mən tənha deyiləm. Mənim tamaşaçılarım var. Bütün sevincim — hər şeyim tamaşaçılarımdır.
— Siz komediya aktyorusunuz, ampluanızı dəyişib dramatik rollar oynamaq istərdinizmi?
— Dəvət eləsələr, oynayaram. «Mənim ağ şəhərim», «Qəm pəncərəsi» filmlərində rol almışam. Qeyd edim ki, Mərahim Fərzəlibəyov «Mənim ağ şəhərim» filmində mənə rol verərək bir növ sınadı. Həmin filmdə yaxşı rol oynamışam. Mənə elə gəlir ki, bacarıram.
— Azərbaycan estrada sənətində Arif Quliyevin öz adı, öz dəsti-xətti var. Amma bu gün estrada janrı özünün böhran dövrünü keçirir. Bunu nəylə izah edərdiniz?
— Azərbaycan satirasının, yumorunun və estrada janrının bugünkü durumunu təhlil etmək mənlik deyil. Çünki hərənin öz işi, öz düşüncəsi və səviyyəsi var. Arif Quliyev ifaçılardan biridir. Ona görə də ümumi danışa bilmərəm. Bu işdə əsas söz sahibi yazıçılardır. Mən sadəcə ifaçı olduğuma görə heç kim məndən vəziyyətin belə olmasının səbəbini soruşa bilməz. Bu, böyük bir məsələdir, burada Yaşar Nuri, Səyavuş Aslan var, tanınmış yumor yazarlarının fikirləri çox önəmlidir.
Mən həmişə ayağımı yorğanıma görə uzatmışam. Çox doğru buyurdunuz ki, bu gün Azərbaycan səhnəsi satira cəhətdən kasıbdır, axsayır. Amma var, bunu inkişaf etdirmək çətin deyil. Misal üçün, Rəfael İsgəndərov, Coşqun Rəhimov, Fərda Xudaverdiyev və digərləri. Onlar üçün yazarları tapıb ortalığa çıxarmaq lazımdır.
— Sizi səhnədə həmişə deyib-gülən görmüşük. Bəs həyatda necəsiniz?
— İmkanım olanda gülürəm, imkanım olmayanda ciddi oluram. Vaxta baxır. İnsan həmişə gülə bilməz. Problemlər hamıda var. Hamının bir gün gülüb, bir gün ağlayan vaxtı olduğu kimi, mənim də belə anlarım olur. İnsana xas olan hər nə varsa — gülmək, ağlamaq, kədərlənmək, əzab çəkmək, sevinmək, hiss etmək məndə də var. Mən bir insan kimi bunların hamısını qəbul edirəm. Çünki nə qədər həyat var, bunlar olmalıdır. Mənim həyatda nə qədər səmimi, hazırcavab olduğumu kənardan baxanlar görə bilərlər.
— Şan-şöhrət, xalq sevgisi, məşhurluq öz yerində. Maddi baxımdan bu sənət sizə nə qazandırıb?
— Bu sənətin bir o qədər də qazancı yoxdur. Ən böyük qazancı yenə də insanların məhəbbətidir. Səni tanıyanların sənə olan böyük məhəbbəti qazanc deyil, bəs nədir? Digər tərəfdən, bu o demək deyil ki, sənətə gəlmişəm, nə isə qazanmalıyam. Sənətimdən aldığım zövq, məhəbbət mənim qazancımdır. Yəni bunlar hər şeyi həll edir. Çünki tamaşaçı sevgisi onları tamaşalara gətirir, səni toylara dəvət edirlər və buradan da qazancın çıxır.
— Toylara tez-tez dəvət alırsınız?
— Həftədə bir dəfə (zarafatla). Toy el şənliyidir, sən el sənətkarısansa, çağırılan yerə getməlisən. Deyirlər, «çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə».
— Həyatda da rola girirsinizmi?
— Hərdən işin xatirinə rola girmək olar. Amma mən işin xatirinə də rola girməmişəm. Çünki haraya gedirəm, hamı kömək edir. Rola girməyə ehtiyac qalmır.