Muəllif:

Arif İsayev imzaladı

«Qəbələ» FK-nın sabiq futbolçusu Arif İsayev karyerasını Türkiyədə davam etdirir. 27 yaşlı yarımmüdafiəçi qardaş ölkədə I divizion təmsilçisi «Dənizlispor»la anlaşıb. Tərəflər arasında 1,5 illik müqavilə bağlanıb.
Arif «Dənizlispor»da oynayan 2-ci həmyerlimizdir. Onunla yanaşı, ötən ilin yayında «Neftçi» ilə yollarını ayıran Rail Məlikov da Dənizli klubunun uğurları üçün çalışır.
Qeyd edək ki, Azərbaycan milli komandasında 4 oyun keçirən İsayev «Qəbələ»də çıxışını 2012-ci ilin yayında başa vurub. Mövsümlərarası fasilədə AZAL-a keçən futbolçu tezliklə legioner həyatı yaşamaq qərarına gəlib. Özü də o, «Dənizlispor»a azad agent qismində transfer olunub. Çünki Arifin AZAL-la müqaviləsində xaricdən təklif alacağı halda, həmin komandaya sərbəst gedəcəyi barədə bənd olub. Artıq həmvətənimiz «Dənizlispor»da debüt edib və hətta qol da vurub. Yarımmüdafiəçi qol hesabını «Yeni Malatyaspor»la yoldaşlıq görüşündə açıb. Oyun 4:4 hesabı ilə nəticələnib. Onu da əlavə edək ki, «Dənizlispor» Türkiyənin I divizionunda ilk dövrədən sonra 17 oyundan 21 xalla 12-ci sırada qərarlaşıb.
Arif İsayev ötən gün «azerisport.az» saytına müsahibə verib. Futbolçu müsahibəsində ictimaiyyətə təqdim olunmasından, qarşıdakı turda debüt etmək şanslarından danışıb.
— Srağagün yeni klubunuz sizi ictimaiyyətə təqdim etdi. Dənizlidə sizin bu kluba keçidinizlə bağlı nə düşünürlər?
— İlk növbədə mən bu kluba keçidimi, bəslənilən ümidləri doğrultmalıyam. Ümid edirəm ki, ondan sonra haqqımda yalnız yaxşı düşüncələr olacaq. Dünənki təqdimat mərasiminə gəlincə, hər şey çox tez alındı. Mənimlə yanaşı daha altı futbolçu ictimaiyyətə təqdim olundu.
— Komandanız ikinci dövrəyə hazırdır?
— Bəli. Amma bu suala nəticələrimiz, oyunlarımız daha dəqiq aydınlıq gətirəcək.
— Bəs özünüz?
— Mən indi özümü iki həftə əvvəllə müqayisədə daha yaxşı hiss edirəm. Demək olar ki, tam hazıram. Mən komandaya təlim məşq toplanışının ilk günlərindən qoşulmuşam. Buna görə yaxşı hazırlaşa bildim. Daha iki oyun keçirəndən sonra 100 faiz hazır olacağam.
— Artıq bu gün «Dənizlispor»da rəsmən debüt edə bilərsiz. Həyəcan var?
— Deməzdim. Mən yığmanın heyətində Almaniya və Türkiyə yığmalarına qarşı oynamışam. Ona görə də belə oyunlara alışmışam. Sadəcə, məsuliyyət hissi çoxdur.
— Meydana ilk dəqiqələrdən çıxmalısız?
— Belə olacağını gözləyirəm. Amma buna baş məşqçi qərar verir. Çox istərdim ki, ilk dəqiqələrdən meydanda olum.
— Sizi «1461 Trabzon»la duel gözləyir. Hansı ki, həm Birinci Liqanın liderlərindəndir, həm də Türkiyə kubokunda uğurlu çıxışı ilə seçilir…
— Layiqli rəqibdir. Onların oyununu görmüşəm. Bizə asan olmayacağı dəqiqdir.
— Oyunun fanatlarsız keçirilməsi şanslarınızı artırır?
— Bu, şanslarımızı az da olsa, artırır. Qələbə üçün gedirik. Amma heç-heçə də pis nəticə olmayacaq. Qələbə qolunu vurmağım pis olmazdı. Ola bilər ki, beş qol vurum, amma komandam 5:5 hesablı heç-heçə etsin. Ən yaxşısı o olardı ki, minimal hesabla üstün olaq. Bu sözlər şablon görünə bilər. Lakin qələbə qazanmağımızı çox istəyirəm.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 209