Muəllif:

Arif Acaloğlu: “Erməni xalqı hədəfə alınarsa, bu işləri ciddi qəbul etməzlər”

İstanbul Yedditəpə Universitetinin dosenti, Rusiya arxivlərindən erməni məsələsinə dair toplanan mənbələrin türkcəyə tərcüməçisi, filologiya elmləri doktoru Arif Acaloğlunun APA-ya müsahibəsində deyib ki, “İngilisə problemi ingiliscə izah etmək kifayət deyil, problemi ingilis zehniyyətinə xitab edəcək şəkildə anlatmaq lazımdır ki, təsir yarada bilsin”

— “Soyuq müharibə”nin bitməsindən sonra bəzi ölkələrin parlamentləri  uydurma “erməni soyqırımı” ilə bağlı Türkiyənin əleyhinə qərarlar qəbul edərkən Türkiyədə siyasətçilər buna laqeyd yanaşdılar.Məsələ ilə bağlı Türkiyədəki “oyanma” nə vaxtdan başladı?

 

— “Soyuq müharibə” dövründə Türkiyədə “erməni məsələsi” ilə bağlı bəzi kitablar yazılıb, ancaq 90-cı illərin ortalarından sonra, xüsusilə Qərbdən Türkiyəyə təzyiqlər başlayınca ölkədə oyanma baş verdi. Türkiyənin inkişafını, beynəlxalq arenadakı fəaliyyətini və manevrlərini  məhdudlaşdırmaq üçün “erməni kartı”ndan istifadə edilməsi dövlətin qurumlarını, hərbçiləri, elmi tədqiqat qurumlarını hərəkətə gətirdi. Əgər əvvəllər bu məsələyə daha çox milliyyətçi qanaddan reaksiya verilirdisə, 90-cı illərin axırlarına doğru bu problem bütövlükdə ictimaiyyəti məşğul  etməyə başladı, xalq bunu özünün problemi saydı. Ümumilikdə bu məsələlərə qarışmayan, qarışsa da çox vaxt mənfi münasibət bildirən sol təbəqə bu dəfə dövlətin – yəni həqiqətin — yanında yer almağa başladı. Əvvəllər solçuluğu, beynəlmiləlçiliyi, insan haqlarını müdafiə edən təbəqələr “erməni məsələsi”ndə Türkiyənin haqsızlığa məruz qaldığını görüb dövlətin tezislərini müdafiə etdilər. Məncə, bu, çox yaxşı bir gəlişmə oldu. 1996-97-ci illərdən başlayan proses 2001-2002-ci illərdə dalğa-dalğa yayıldı. Bunun başında 3  qurum durdu: Türk Tarix Qurumunun tərkibində yaranan Erməni Araşdırmaları Mərkəzi, Avrasiya Strateji Araşdırmaları Mərkəzində (ASAM) Erməni Araşdırmaları İnstitutu və “Ulusal” kanala bağlı olan “Kaynak” nəşriyyatı. İşin əvvəlində “Kaynak” nəşriyyatı 8-10 kitab çap edəcəyini elan etdi. O kitablardan 5-ni mən tərcümə etdim. Bəzi kitabların tərcüməsində, bəzilərinin redaktəsində əməyim oldu. Maraqlısı odur ki, “Kaynak” nəşriyyatı 8-10 kitab çap edəcəyini desə də, indiyə qədər 20-yə yaxın kitab çap edib. Çünki onlar da işin içinə girib irəlilədikcə çox material olduğunu gördülər. Ermənilərin təkcə Türkiyədə deyil, Azərbaycanda, Gürcüstanda, bütün Qafqazdakı mənfi fəaliyyətlərini əks etdirən xeyli kitab müxtəlif ölkələrin arxivlərindən çıxarıldı. Bu prosesdə ən önəmli mənbələrdən biri olan  Ovanes Kaçaznuninin “Daşnak partiyasının görə biləcəyi bir iş yox idi” kitabını mən ruscadan türkcəyə tərcümə etdim.

— Sizin tərcümə etdiyiniz kitab Türkiyə diplomatiyasının Qərbdə istifadə etdiyi birinci dərəcəli əhəmiyyətli mənbə oldu…

— Mən Kaçaznuninin kitabını tərcümə edəndə onun başqa dillərə də tərcümə ediləcəyini təxmin edirdim. Kitab 1923-cü ildə nəşr edilib və heç bir kitabxanada tapmaq mümkün deyil. Tartuda aspiranturada oxuyarkən  kitabxanada ermənilərin saxta tarix kitabını görmüşdüm: Movses Xorenasinin yazdığı tarix kitabı. Əslində o yığma bir kitabdır. Yığma bir kitabı 1811-ci ildə çap edib İ Aleksandra veriblər. Kitabın əvvəlində yazılıb ki, burdakı məlumatları müxtəlif mənbələrdən toplayıb Movses Xorenasinin adından təqdim etdik. İndi mən o kitabı axtarıb tapa bilmirəm. O vaxt gördüyüm kitabxanadan isə mənə dedilər ki, kitab bərpaya verilib. Ermənilər bilir ki, indiki şəraitdə kitabı dijital şəkildə əldə etmək mümkün olacağına görə, buna mane olmaq üçün guya kitabı bərpaya veriblər. Tartu Universitetində işləyən dostlarım və həmyerililərimiz də kitabı görə bilmədilər. İndi bu cür kitabları ABŞ Konqresinin kitabxanasından da tapaq olmur. Ermənilər kitabı yox etmirlər, amma vermirlər. Ona görə “Kaynak” nəşriyyatı mənim ruscadan tərcümə etdiyim kitabı çap etdi, almancaya tərcüməsinin tapılıb-tapılmayacağı məchul olduğuna görə, kitab mənim türkcəyə tərcüməmdən o biri dillərə də tərcümə edilərək çap olundu. Kitabın tərcüməsi bitəndən sonra Türkiyə Xarici İşlər Nazirliyində də baxıldı, ondan sonra çapa getdi. Nəşriyyat o kitabı sürətlə ingiliscə, fransızca və almancaya tərcümə etdirərək buraxdı, son tərcüməsinin ərəbcəyə olduğunu bilirəm. Kitab Türkiyədə çox geniş əks-səda doğurdu. Nəşr sahəsində Türk Tarix Qurumu çox yaxşı işlər gördü, ASAM-ın Erməni Araşdırmaları İnstitutu isə elmi-siyasi-diplomatik yazıların üstünlük təşkil etdiyi seriyalar buraxdı. Bəzi nəşriyyatlar bu sahədə sadə dildə yazılmış populyar kitablar çıxardı ki, bunun da faydası var, çünki məsələləri öyrənmək istəyən əyalət insanlarına  üçün bu cür nəşrlər də lazımdır. Türkiyədəki nəşrlərin müştərək xüsusiyyəti bundan ibarətdir: istər mənbələr olsun, istərsə də araşdırmalar, heç bir yazıda erməni xalqı təhqir edilmir. Əgər mənbə və araşdırmaların çapında erməni xalqı hədəfə alınarsa, xaricdə bu işləri ciddi qəbul etməzlər. Fərz edək ki, biri bizi döyür, biz polisə onu anasını-arvadını söyə-söyə şikayət edirik, o durumda polis bizi suçlu çıxarar. Biz məsələyə bu məntiqlə yanaşsaq, haqlı mövqeyimizi dünyaya qəbul etdirməkdə çətinlik çəkərik. Bu işlərdə çox zəhmət çəkmiş  bir dostumuz rus arxivlərindən çox önəmli yeni sənəd blokları gətirib. 1914-15-ci illərdə rus ordusunda xidmət edən ermənilərin Qafqaz, Azərbaycan, Borçalı bölgələrində etdikləri çox sayda cinayətlər var. Rus ordusunun batalyonlarında xidmət edən ermənilər Qafqazın hər yerində türk kəndlərini yandırıb, xalqın əlindəki mal-qaranı alırmışlar. Rusların nizami ordusu vardı, ermənilərin bu cür fəaliyyətləri müharibə vəziyyətində olan ordunun nizam-intizamını pozurdu, ona görə də onları hərbi məhkəmələrə çıxarıb cəzalandırıblar. O məhkəmələrin stenoqramları rus arxivlərindən gətirilib. Bakıdan keçən rus  hərbi qatarı bir stansiyada dayanır, qatardan enən 2 erməni əsgəri bizim bir azərbaycanlını soyur. O məhkəmənin stenoqramı da var. Düşün ki, rus hərbi qatarı Bakıdan keçib Ərzuruma silah aparacaq, yolda 1 saat  dayanır və ermənilər bu fürsəti əldən verməyərək bizim adamımızı qarət edirlər. Bu, bir məhkəmə sənədidir və bizim üçün çox önəmlidir, rus hərbi məhkəməsi 2 erməni əsgərini cəzalandırıb. Ancaq bizim bu sənədə istinad edərək “ermənilər quldur, soyğunçu, başkəsən, vəhşidir” — yazmağımız lazım deyil. Önəmli olan bu cür tarixi sənədləri arxivlərdən çıxarıb müxtəlif dillərə tərcümə etmək və dünyaya çatdırmaqdır. Oğru məlumdur, cəzanı verən rus hərbi məhkəməsidir, qarət edilən vətəndaşımızın pulunu və gümüş saatını özünə qaytarıblar. Bu, kifayətdir, buna həddindən artıq azğınlaşmamış və pozğunlaşmamış erməni heç bir şeyə deyə bilməz. Biz bu sənədləri şərh edərkən təhqirə yol versək, ermənilər vay-şüvən salacaqlar ki, bunlar bizi təhqir edirlər. Bəlkə sənəd yaddan çıxacaq, ermənilərin hay-küyü aranı qarışdıracaq.

— Söhbəti yaxşı bir nöqtəyə gətirdiniz.Xüsusilə, Azərbaycandan gələn bəzi tədqiqatçıların bu məsələlərlə bağlı yazı və çıxışlarında gərəksiz üsluba müraciət etmələri ermənilərin hay-küy qaldırıb diqqəti əsas məsələdən uzaqlaşdırmağa cəhd etmələrinə kömək edir.Türkiyədəki ermənilər Türkiyə Böyük Millət Məclisinə müraciət edərək “Azərbaycanın  Türkiyədəki ermənilərə qarşı kin-nifrət yaratmağa cəhd etdiyini” bəhanə gətirir, bunun qarşısını almaq qanun çıxarılmasını tələb edirlər.Baş nazir Ərdoğanın 30 sentyabrda açıqladığı “Demokratikləşmə paketi”ndə “Kin-nifrət qanunu” qəbulu ediləcəyinə dair maddə də var…

— Üzr istəyirəm, Azərbaycanda da belədir. Hökumətimiz deyir ki, Azərbaycanda 20-30 min erməni yaşayır və onlar bizim vətəndaşlarımızdır. O vətəndaşlara qarşı etnik təməldə təbliğat aparılması da Azərbaycan Konstitusiyasına və cəza qanunlarına görə suçdur. Sadəcə, indiki şəraitdə buna diqqət yetirilmir. Ona görə, biz həmişə çıxış və yazılarımızda sənədlərə əsaslanmalı, şərhlərə öz ehtiraslarımızı qatmamalı, soyuqqanlı və məntiqli danışmalıyıq. Ermənilər bizim bu qədər insanımızı öldürüb, ev-eşiklərimizi yandırıb, 1 milyon insanımızı öz torpaqlarından didərgin salıb. Biz haqqımız uğrunda mübarizə apararkən bunları dünya ictimaiyyətinin və beynəlxalq qurumların qarşısına konkret faktlarla qoymalıyıq. Məsələn, erməni mənim evimi yandırıbsa, mən məruz qaldığım haqsızlığı bir ingilisə “erməni şərəfsizdir, alçaqdır, işğalçıdır” və s. sözlərlə izah etməyə çalışsam, ingilis mənə deyər ki, sən nə danışırsan? Ancaq mənə qarşı həyata keçirilmiş cinayətin konkret faktlarını beynəlxalq hüquq instansiyalarının qabağına qoysam, haqlılığımı qəti şəkildə isbat edərəm. Qərb imperializmi bu işdə bizə qarşı səmimidir, yoxsa deyildir? Bu, başqa bir məsələdir, məncə, səmimi deyil. Bədii əsərlərimizdə mənfi erməni obrazlarını istədiyimiz qədər yaradaq, bunlar normal şeylərdir, ancaq hüquqi mübarizənin içinə bu cür şeylərin qarışdırılması əks reaksiya doğurur. Bizim mətbuat xarici işlər naziri Davudoğlunun İrəvana getməsini bir az lağlağıyla yazdı. Onun İrəvana niyə getməsi tamamilə başqa bir şeydir, bu, diplomatiyanı və strategiyanı maraqlandırır. Yanında Türkiyə vətəndaşı olan erməni mənşəli  jurnalistlər vardı. Azərbaycan mətbuatında yazılır ki, erməni jurnalistləri də yanına aldı. Davudoğlunun İrəvana niyə getməsi, orada nəyi müzakirə etməsi müzakirə də, tənqid də edilsin, məncə də ya getməməliydi, ya da başqa cür şərtlər qoyub getməliydi. Ancaq gedərkən erməni mənşəli jurnalistləri yanında aparması Türkiyəni Qərbə fərqli şəkildə təqdim edir, Azərbaycan mətbuatı bunu sorğu-suala çəkəndə Qərb buna müsbət yanaşmır. Ona görə, biz də bu məsələlərdə daha strateji davranmalıyıq. Türkiyə bu mübarizədə haqlıdır; bilirsən ki, 1921-22-ci illərdə “soyqırım” iddialarıyla bağlı məhkəmələr quruldu, cəzalandırılanlar oldu, Türkiyə Cümhuriyyəti “erməni məsələsi”ni kürəyindən ataraq quruldu. “Soyuq müharibə”dən sonra bu məsələ aktivləşincə Türkiyə tədavülə yeni vasitələr daxil edərək bu məsələdəki haqlılığını sübut edir; ictimaiyyət bu işə cəlb edilib, mətbuatın, elm adamlarının, QHT-lərin, Məclisin gücündən səmərəli şəkildə istifadə olunur. Türkiyə bu işdə dövlət kimi hərəkət etdi və artıq ən önəmli məsələlərdə belə dövlətin müdaxiləsinə çox ehtiyac qalmır. Bu məsələ hökumətin, siyasi partiyaların, həmkarlar təşkilatlarının, universitetlərin gündəmində həmişə vardır. Ovanes Kaçaznuninin kitabı çıxandan 1 il sonra yanılımıramsa, Ümumi İş həmkarlar təşkilatı o kitabdan 10 min ədəd alıb öz üzvlərinə payladı.

— Nəşriyyatdan dəfələrlə soruşmuşam,Azərbaycan indiyə qədər heç 100 ədəd də almayıb…

— Adanadakı Çukurova Universiteti tələbələrə paylamaq üçün 1000 ədəd aldı, İstanbul Ticarət Palatası 3000 ədəd aldı, Xarici İşlər Nazirliyi sadəcə türkcəyə tərcüməsindən 5000 ədəd aldı.

— Deyəsən, indiyə qədər kitab türkcə 30 dəfə təkrar nəşr edilib.

— Mən 26 dəfə təkrar çap edildiyini bilirəm. Hər tiraj 2500-3000 ədəd olurdu. 3-5-10 minlik tirajlar isə xüsusi sifarişlər idi. Həmkarlar ittifaqları, QHT-lər, universitetlər bu işə sahib çıxdı, ona görə də heç bir siyasi partiya  bu məsələlərdə Türkiyənin və Azərbaycanın mənafeyinin əleyhinə  addım atmaz. Marginal partiyaları demirəm, bəlkə PKK terror təşkilatı ilə əlaqəsi olan BDP bunu edər. Ölkədəki təxminən 60 siyasi partiyanın heç biri bunu etməz, hətta BDP belə buna cəsarət etməz, çünki bu məsələdə ermənilərin tərəfini tutarsa, önəmli miqdarda tərəfdar itirəcəyini görür.

— Türkiyədəki Azərbaycan dərnəkləri də bu mövzuda toplantılar keçirir,həm az insan gəlir, həm də dərin analizlər yerinə səthi təbliğatlar üstünlük təşkil edir.Bu proseslərdə Türkiyədəki Azərbaycan dərnəklərinin nə dərəcədə təsirli rolu və funksiyası var?

— Mən də bir neçə dəfə bəzi dərnəklərin toplantılarında iştirak etmişəm, yaxşı mütəxəssislər çağırıldığını da görmüşəm. Maraqlısı budur ki, dərnəklər Türkiyədəki potensialdan istifadə etmirlər. Özlərini sanki Azərbaycanın burdakı təşkilatları kimi aparırlar. Azərbaycanda aparılan mübarizədəki qeyri-kafilik (istər xalq, istərsə də dövlət səviyyəsində) buradakı dərnəklərin fəaliyyətində də özünü göstərir. Mən buradakı dərnəklərin fəaliyyətini qənaətbəxş  hesab etmirəm və onların bir an əvvəl qapadılmasını istəyirəm. Çünki Azərbaycana maddi zərərdən başqa heç bir faydaları yoxdur.

— Türkiyənin haqlı mübarizəsini Qərbdə müdafiə edən alim Justin McCarthy bu yaxınlarda Türk Tarix Qurumunun Şərəf üzvü seçildi.Ancaq McCarthy də həmişə bunu vurğulayır ki, Qərbdə mübarizə üçün sadəcə onun fəaliyyəti kifayət etməz.Sizcə, 2015-ə doğru gedən yolda Türkiyə əlavə hansı mübarizə vasitələrini tədavülə daxil etməlidir? Azərbaycan bu işin harasından və necə tutmalıdır?

— Təxminən 10 ildir ki, Türkiyə ilə Azərbaycan bu məsələdə az da olsa, koordinasiya halında iş görməyə çalışır. Ermənilər Azərbaycanda həyata keçirdikləri soyqırımlara bu cür don geyindirməyə çalışırlar ki, əvvəlcə türklər bizi öldürdü, biz də gedib Azərbaycandakı türkləri öldürdük. Elə isə mənim hələ sovet arxivlərindən topladığm məlumatlara görə, ermənilər 1918-ci ilin fevralında Fərqanədə 73 min türkü qətlə yetiriblər. 90-cı illərin əvvəllərində Özbəkistanın “Ədəbiyyat” qəzetində 120 min insan öldürdükləri yazılmışdı. İranda isə müxtəlif rəqəmlər var: Səlmas, Xoy, Marağa və Urmiyədə ermənilərin 150-300 min arasında türkü qətlə yetirdikləri yazılmaqdadır. Azərbaycan və Türkiyə bu məsələləri Özbəkistan və İranın qarşısında dövlət səviyyəsində qaldırmalıdır. Özbəkistan və İran Ermənistanla yaxın əməkdaşlıq edir. Bunları hər iki dövlətin önünə qoymalıyıq. İran ictimaiyyəti bilməlidir ki, onun dövləti ən az 150 min vətəndaşını qətlə yetirmiş bir ölkəylə dostluq edir. Azərbaycan və Türkiyə bunu rəsmiləşdirməyə başlamalıdır. Bizim rus arxivlərindən tərcümə etdiyimiz sənədlər ermənilərin Şimali Qafqazda da çox qətliam törətdiklərini göstərir. Ruslar özlərinə ziyanlı olan sənədləri bizə vermir. Gürcüstanda çox ciddi qətliamlar yaşanıb. Azərbaycan bu məsələdə diplomatik kanallarından yaxşı istifadə etməlidir. Ermənilər deyir ki, türklər 1.5 milyon ermənini qətl edib. Osmanlı statistika idarəsinin son rəisi erməniydi, oradakı statistikaya görə Osmanlı imperiyasının müxtəlif bölgələrində cəmi 1 milyon 380 min erməni vardı. Azərbaycanda böyük miqdarda pullar xərclənərək “erməni məsələsi”nə dair kitablar yazılır, daha sonra o kitablar Qərb dillərinə tərcümə edilir. Ancaq o kitabların Qərb elmi dairələri və ictimaiyyətində yaratdığı təsir heç kimi maraqlandırmır. Kitab Bakı oxucusu üçün yazılırsa, onun düşüncəsinə hansı formada təsir edə biləcəyi hesablanmalıdır. İngilis oxucusuna təsir etmək üçün yazılan kitabın kriteriyaları tamamilə başqa cür olmalıdır. Məsələn, Justin McCarthy Qərbdə oxunur, ancaq bu məsələlərlə bağlı Bakıda yazılıb sonra ingiliscəyə tərcümə edilən kitaba Qərbdə nə dərəcədə maraq var? İngilisə problemi ingiliscə izah etmək kifayət deyil, problemi ingilis zehniyyətinə xitab edəcək şəkildə anlatmaq lazımdır ki, təsir yarada bilsin.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 229