Muəllif:

ARDNŞ Elm Fondu müsabiqə elan edib

ARDNŞ Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini və digər elmi tədbirləri (bundan sonra — layihələr) dəstəkləmək, Azərbaycan MEA sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə 2013-cü il üçün müsabiqə elan edir.

APA-Economics-in xəbərinə görə, bu barədə Şirkətin yaydığı elanda deyilir:

1. Elm Fonduna təqdim olunan layihələr bu elm sahələrinə aid olmalıdır:

— Yer elmləri;

— Texnika elmləri;

— Kimya elmləri.

2. Aşağıdakı prioritet istiqamətlər üzrə təqdim edilən layihələrə üstünlük veriləcək:

• Böyük dərinliklərdə karbohidrogen yataqlarının axtarış perspektivləri və tədqiqi;

• Karbohidrogen resurslarının mənimsənilməsində kompleks kompüter proqramlarının və 3D geoloji-hidrodinamik modellərin yaradılması;

• İntellektual informasiya texnologiyalarının tətbiqi ilə insan resurslarının səmərəli istifadə olunması problemlərinin həlli mexanizmlərinin işlənilməsi;

• Neft-qaz çıxarma, neft emalı sənayeləri, hərbi sənaye və kənd təsərrüfatı üçün kimya məhsullarının, xüsusi təyinatlı yağların, yüksək keyfiyyətli yanacaq komponentlərin yaradılması;

• Neft-qaz hasilatının optimallaşdırılmasında iqtisadi baxımdan səmərəli metodların istifadəsi, kompüter proqram təminatlarının və informasiya texnologiyalarının nailiyyətlərinin tətbiqi;

• Qeyri-ənənəvi enerji növlərinin səmərəli istifadəsi imkanlarının araşdırılması. Şist qazı və qaz-hidrat alternativ enerji mənbələrinin axtarış perspektivləri.

3. Yuxarıda qeyd olunmuş elm sahələri üzrə müsabiqə növləri:

• sona çatdırılmış ən yaxşı elmi-tədqiqat işləri müəlliflərinin “həvəsləndirici mükafatla” qiymətləndirilməsi (müsabiqə növünün kodu: HM);

• planlaşdırılan ən yaxşı elmi-tədqiqat layihələrinin yerinə yetirilməsi üçün maliyyələşdirilmə (müsabiqə növünün kodu: ET);

• xüsusi layihələrdən ən yaxşısının yerinə yetirilməsi üçün maliyyələşdirilmə (müsabiqə növünün kodu: XL).

4. “Həvəsləndirici mükafat” yuxarıda sadalanan prioritet istiqamətlərin hər biri üzrə yaxın 1 ildə tamamlanmış, əhəmiyyətli işlərin müəlliflərini həvəsləndirmək üçün verilir.

Mükafat 3 nominasiyada verilir:

• birinci yer: 10 min manat məbləğində olan bir mükafat;

• ikinci yer: hər biri 5 min manat məbləğində olan iki mükafat;

• üçüncü yer: hər biri 3 min manat məbləğində olan üç mükafat (gənc alimlər üçün).

5. Fundamental və tətbiqi səciyyəli ən yaxşı elmi-tədqiqat layihələri (ET) üçün, onların mürəkkəbliyindən, işin həcmindən və yerinə yetirilmə zamanından asılı olaraq, aşağıdakı qaydada maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulur:

— kiçik həcmli layihələr üçün (100 min manata qədər);

— orta həcmli layihələr üçün (100 mindən 200 min manata qədər);

— böyük həcmli layihələr üçün (200 mindən 400 min manata qədər).

Müsabiqənin nəticəsinə əsasən, seçilmiş ən yaxşı xüsusi layihələr (XL) kiçik

həcmli layihələr üçün nəzərdə tutulmuş məbləğdə maliyyələşdirilir.

Xüsusi layihələr aşağıdakıları əhatə edir:

— (XL1): Elmi əsərlərin Azərbaycanda və ya xaricdə nəşri, Azərbaycan dilinə və ya Azərbaycan dilindən tərcüməsi;

— (XL2): Elmi ekspedisiya və çöl işlərinin təşkili;

— (XL3): Azərbaycanda elmi tədbirlərin təşkili və keçirilməsi;

— (XL4): Xarici elmi tədbirlərdə iştirak etmə;

— (XL5): Xarici ölkələrin birində doktorantura xətti üzrə təhsilin alınması.

Müsabiqə üzrə layihələrin 2013-cü il üçün ümumi maliyyələşdirmə həcmi 3 500 000 manat təşkil edir.

6. Müsabiqədə ancaq AMEA-nın əməkdaşları və onlarla həmmüəllif olan şəxslər iştirak edə bilər. Layihələr müsabiqəyə fərdi və kollektiv formada təqdim oluna bilər. Müsabiqəyə təqdim edilən layihə həmin layihə üzrə rəhbərlə təmsil olunmalıdır.

7. Müsabiqədə iştirak etmək üçün ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materiallar 1 mart 2013-cü il tarixindən başlayaraq qəbul olunur. Müsabiqədə iştirak etmək üçün ərizələrin, ərizəyə əlavə olunan müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 30 aprel 2013-cü il saat 17:00-dır.

Elm Fondu tərəfindən qrantların verilməsi üzrə 2013-cü il üçün müsabiqənin nəticələri 20 sentyabr 2013-cü il tarixindən gec olmayaraq açıqlanacaq.

8. Bütün layihələr, bir qayda olaraq, Azərbaycan dilində tərtib edilməlidir. Sənədlərin 2 №-li forması əlavə olaraq ingilis və rus dillərində təqdim olunmalıdır. Layihələr iki formatda (kağız üzərində və elektron məlumatdaşıyıcılarına yazılmış şəkildə) aşağıdakı üsullarla təqdim olunmalıdır.

9. Müsabiqədə iştirak etmək üçün layihə rəhbəri tərəfindən imzalanmış ərizənin, ərizəyə əlavə olunan müvafiq sənədlərin və digər müşayiətedici materialların A4 formatlı ağ kağızda çap olunmuş variantı (2 nüsxə) və elektron daşıyıcısına (CD, DVD və s.) yazılmış versiyası ilə birlikdə Elm Fondunun Müsabiqə Komissiyasına layihə rəhbəri tərəfindən şəxsən təqdim edilməlidir və ya poçt vasitəsilə göndərilməlidir.

Ünvan: AZ1001, Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 10, otaq 509.

10. Layihələr yuxarıda göstərilən ünvanda hər gün (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul edilir.

11. Ərizənin (Forma 1), ərizəyə əlavə olunan sənədlərin (Formalar 2-4) və digər müşayiətedici materialların elektron versiyası ilə çap versiyası tam eyni olmalıdır. Bütün formaların nümunələri www.socar.az və www.science.az saytlarında yerləşdirilib.

12. Müsabiqədə iştirakla bağlı suallarla AMEA-nın Elmi-təşkilat şöbəsinə müraciət etmək olar. Əlaqə telefonu: (012) 492-84-48; elektron poçt ünvanı: [email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 466