Arazın suyunu Urmiyaya axıtmaq — baş aldatmaq cəhdidir
Arazın suyu ilə Urmiya gölünün xilas edilməsi baş aldatmaqdır. Qərbi Azərbaycan vilayət Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejadın sözlərinə görə, Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsi yalnız kənd təsərrüfatı, sənətkarlıq və turizmi inkişaf etdirmək məqsədilə həyata keçirilir: “Bu layihəni belə bir məqsəd üçün gerçəkləşdirən şəxslər Urmiya gölü quruyandan sonra bölgədə artıq kənd təsərrüfatının məhv olacağını bilmirlər?”
Abbasnejad deyir hazırda Urmiya gölünün yalnız 1/3 hissəsi qalıb: “Həmin hissə də quruyanda yerində qalan duz kütləsi Azərbaycan, Kürdüstan, Məşhəd və Tehran vilayətləri də daxil olmaqla bütün İranı bürüyəcək”.
Qərbi Azərbaycan vilayət Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri vurğulayıb ki, indiyədək Urmiya gölünü ekoloji fəlakətdən xilas etmək üçün 24 layihə icra vəziyyətindədir.
Qeyd edək ki, bu il iyulun 27-də Şərqi Azərbaycan vilayətinin qərbində yerləşən Culfa şəhərində Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsinin icrasına başlanılıb. Layihədə məqsəd 22 şəhər və 286 kənddə əhalinin suya olan tələbatını ödəmək, Urmiya gölünü lazımi miqdarda su ilə təmin etmək və layihə ərazisində əkin sahələrinin müasir metodlarla suvarılmasına şərait yaratmaqdır

