Muəllif:

Araz Əzimovdan düşündürücü siyasi açıqlamalar

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə Qarabağ mövzusu ətrafında düşündürücü açıqlamalar verib. Əzimov qeyd edib ki, Azərbaycan Suriyadan olan erməni ailələrinin məskunlaşdırılmasına qarşı deyil, Azərbaycanı narahat edən erməni ailələrinin işğal olunmuş ərazilərdə məskunlaşdırılmasıdır:
“İnsanların Suriyanı tərk etməsi normaldır, insan həyatını itirmək istəmir. Onların Ermənistanda məskunlaşdırılmasına qarşı da heç bir iddiamız yoxdur. Lakin nədənsə sonradan onları Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məskunlaşdırırlar. Bildiyimiz kimi, Ermənistan əhalisinin 50 faizi ölkəni tərk edib, bu səbəbdən ölkədə çoxlu boş yerlər var. Demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədilə bu yerlərdən Suriyadan gəlmiş erməniləri məskunlaşdırmaq üçün istifadə etmək olar. Bununla da suriyalı ermənilər Ermənistanın özündə yaşamaq imkanı əldə etmiş olarlar. Bu nöqteyi-nəzərdən çıxış edərək, Ermənistanın tamamilə başqa məqsəd güddüyünü iddia edirəm”. (APA)
Xarici işlər nazirinin müavini bildirib ki, digər tərəfdən Suriyadan gələn qaçqınlar arasında terrorçular da ola bilər: “Onlardan qaçqın görkəmində diversiyaların həyata keçirilməsi üçün istifadə edilə bilər”.
Araz Əzimov 1993-cü ildə təlim keçmiş, terrorçu vərdişlərinə yiyələnmiş 300 nəfərdən ibarət erməninin Dağlıq Qarabağa göndərildiyi və terrorçuların orada azərbaycanlı əhaliyə qarşı döyüşdüyü faktını xatırladıb: “Bu kimi faktları nəzərə alaraq biz ciddi narahatlıq keçiririk və bu məsələ diqqət mərkəzində olmalıdır. Bu, təkcə məskunlaşma məsələsi deyil. Hətta məskunlaşma məsələsi olsa belə, bizi ciddi şəkildə narahat edir”.
Əzimov daha sonra deyib: “Yəqin ki, həmsədrlər 2013-cü ildə hər iki ölkədə seçkilərin keçiriləcəyini bəhanə gətirərək bu ilin də üstündən xətt çəkəcəklər. Amma vaxt gedir, münaqişə isə həll olunmur. Bu, Azərbaycanı da, Azərbaycanın üzv olduğu təşkilatları hədsiz dərəcədə narahat edir və ümumiyyətlə dünyada və regionda gedən inkişaf prosesinə uyğun gəlmir”.
Xocalı aeroportu ilə bağlı məsələyə də aydınlıq gətirərək deyib ki, Azərbaycan tərəfi öz hava məkanında qanunsuz uçuşlar keçirilməsinə imkan verməyəcək. Azərbaycan xarici işlər nazirinin müavini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın Xocalı aeroportu ilə bağlı fikirləri jurnalistlərə belə şərh edib:
“Digər tərəfdən Azərbaycan mülki təyyarələri vurmağa hazırlaşmır. Çikaqo Konvensiyasına uyğun olaraq müəyyən qaydalar var və Azərbaycan tərəfi bu qaydaları tanıyır. Bu qaydalar qanunsuz uçuşların qarşısını almaq üçün təyyarəni havada ələ keçirmək və müəyyən aerodromda yerə endirməyi nəzərdə tutur. Bu qaydalar bütün dünyada qəbul olunub və həyata keçirilir. Buna görə də kiminsə əvvəldən Azərbaycan mülki təyyarələri vuracaq ya yox deyə spekulyasiya etməsi düzgün deyil”.
“Erməni tərəfi belə desək, bizi Xocalı aeroportuna uçuşlar həyata keçirəcəyi ilə qorxutmağa çalışır. Birincisi, bu qanunsuzdur. Digər tərəfdən bu məsələnin siyasi-ideoloji mahiyyəti var, çünki bu kimi addımlar Xocalıda qətlə yetirilmiş azərbaycanlıların ruhunun təhqir edilməsi olacaq. Bundan başqa bu ərazilər işğal altındadır və orada infrastrukturu dəyişmək düzgün deyil. Bu, beynəlxalq hüquq və qanunlara ziddir və qanunsuz hava dəhlizinin açılması hava məkanının işğalı demək olacaq”, — deyə Araz Əzimov bildirib.
Bununla da Araz Əzimov hesab edir ki, erməni tərəfi Azərbaycan ərazilərinin işğalı və Laçın dəhlizinin açılmasının ardınca bu siyahıya ələ keçirilmiş hava məkanında hava dəhlizinin açılmasını da əlavə etmiş olacaq:
“Və kimlərsə hər şeyi sanki Azərbaycan guya humanitar məqsədlər üçün nəzərdə tutulmuş addıma qarşı çıxdığı kimi qələmə verməyə çalışır. Birincisi, Qarabağ ərazisində təxminən 30 min erməni yaşayır, hesab edirəm ki, onların tələbatının təmin edilməsi üçün hər gün minimum 70 yük avtomobilinin hərəkət etdiyi Laçın dəhlizi kifayət edir. Buna görə də humanitar məqsədlər üçün hava məkanı açmaq lazım deyil, aydındır ki, bütün bunlar bəhanədir.
Düşünürəm ki, hava məkanını başqa məqsədlər üçün istifadə etməyə çalışırlar. O cümlədən işğalı davam etdirmək və yaranmış vəziyyəti öz xeyirlərinə dəyişmək məqsədilə Qarabağa xüsusi təyinatlı yüklərin daşınması, işğal bölgəsinə daha çox hərbi texnikanın daşınması üçün. Aydındır ki, burada humanitar aspektdən söhbət gedə bilməz. Və aydındır ki, peşəkar ekspertlər erməni tərəfin atmaq istədiyi addımların mahiyyətini çox gözəl anlayırlar”.
Araz Əzimov Azərbaycanın bu məsələ ilə əlaqədar öz mesajını erməni tərəfə və həmsədr ölkələrə çatdırdığını deyib: “Bir çox ölkələr Ermənistana müraciət edərək, onu bu kimi addımlardan çəkinməyə çağırıblar. Ümidvaram ki, Ermənistan bu addımı atmayacaq”.
Onun sözlərindən bəlli olub ki, “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdəki son görüşü də nəticə baxımdan fərqlənmir. Bizi razı salmayan bir ənənə yaranıb”. O, Ermənistan xarici işlər nazirinin görüşdə nümayiş etdirdiyi mövqenin əvvəlki görüşlərdən fərqlənmədiyini deyib:
“Paris görüşü də ürəkaçan olmayıb. Ermənistan tərəfə çatdırmaq istədiyimiz təkliflər bəlkə də heç düşünülmədən qəbul edilmədi. Eyni zamanda qarşı tərəfdən bəzi kritik mesajların verildiyini də nəzərə alsaq, bəlkə də mənfi inkişafa doğru meyl hiss olunur. Minsk prosesinə yeni təşəbbüs verilməlidir. Azərbaycan tərəfi bu təşəbbüsü irəli sürüb. Təəssüflər olsun ki, Ermənistan buna müsbət cavab vermir”.
Nazir müavini bildirib ki, Ermənistan ənənəsinə uyğun olaraq danışıqlar prosesində mənfi mövqe nümayiş etdirməkdə davam edir:
“Ermənistanda seçkilər gözlənilir, bəlkə seçkilərdən sonra nəsə dəyişə bilər. Biz Minsk qrupu həmsədrləri birlikdə yenə də çalışmalıyıq. Azərbaycanın irəli sürdüyü yanaşma həmsədr ölkələrdə və digər ölkələrdə öz tərəfdarlarını tapır. Bu yanaşma ondan ibarətdir ki, illərdir, davam edən bu müzakirələrdən dərs çıxarıb, uzun siyasi müzakirələri konkret praktiki addımlardan ibarət cərəyana başlamaq lazımdır. Çünki aydındır ki, Ermənistan sadəcə vaxt udmağa çalışır. Onlar siyasi spekulyasilara yol verərək, vaxt qazanmağa çalışır və fikirləşirlər ki, bu vəziyyət onların xeyrinədir. Reallıqda isə elə deyil. Udanın kim, uduzanın kim olduğunu öyrənmək üçün Ermənistanın və Azərbaycanın inkişafına baxmaq lazımdır”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 179