Muəllif:

Aqiyə Naxçıvanlı: «İbtidai sinif müəllimi olmaq istəyən qabiliyyət imtahanı versin»

Bölgələrdə müəllim kadrlarına böyük ehtiyac hiss edilsə də, işlə təminatda problemlər yaşanmaqdadır. Paytaxt məktəblərində isə əksinə sıxlıq müşahidə edilir. Bir neçə dövlət təhsil ocağında müəllim hazırlanması özü sual doğurur. Axı bu kadrlara əmək bazarında zərurət yoxsa… Kadrların işlə təminat məsuliyyətini heç kim üzərinə götürmür. İbtidai sinif müəllimlərinin yerində olmamasına görə kim məsuliyyət daşıyır?
Azərbaycan Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlı bu qənaətdədir ki, bu qədər ibtidai sinif müəllimi Azərbaycana lazım deyil:
«Əgər bunu təkcə biz hazırlasaydıq, bilərdik ki, məsuliyyət bizim üzərimizə düşür. Xeyli sayda savadsız ibtidai sinif müəllimləri yetişir. Halbuki ibtidai sinif və bağça müəllimliyinə ən yüksək bal toplayan abituriyentlər qəbul olunmalıdır. Çünki biliyin təməli bağçada və ibtidai sinifdə qoyulur. İdman Akademiyasına daxil olan qabiliyyət imtahanından keçir. Amma bütün cəmiyyətin əsasını qoyan ibtidai sinif müəllimidir. Mənə elə gəlir ki, qabiliyyət imtahanını məhz ibtidai sinif müəllimi verməlidir».
Millət vəkili hesab edir ki, Bakıya bu qədər tələbə axınının qarşısı alınmalıdır. «Bu qədər maşın, bu qədər tələbə, bu qədər sıxlıq olmaz. Universitetlərin çoxunun yataqxanası yoxdur. Nə üçün kadrlar regionlarda hazırlanmasın?»
Millət vəkili onu da vurğuladı ki, təhsildə inqilabi yolla nəsə əldə etmək mümkün deyil. Çünki bir məktəb direktorunun və ya bir institut rektorunun hazırlanmasına illər lazımdır. «Şübhəsiz ki, islahatlar da lazımdır. Bəlkə də haradasa təxirəsalınmaz islahatlar olmalıdır. İslahatlar olmalı və paralel şəkildə işlər getməlidir».
Dərsliklərin keyfiyyəti ilə bağlı narazılıqlara toxunan Naxçıvanlı düşünür ki, bir fəndən fərqli dərsliklər olmalıdır. «Mən hansısa ixtisas, hansısa fənn üzrə bir dərsliyin mövcudluğunu qəbul etmirəm. Qoy bir neçə dərslik yazılsın. Tələbə də axtarıb onun özü üçün səmərəli olanını tapsın. Bəlkə o, bu dərsliklərə baxanda yeni bir fikir ortaya gələcək? Mən ümumiyyətlə, alternativ dərsliklərin tərəfdarıyam».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 691