Muəllif:

Ankarada İran səfirliyinin önünə qara əklil qoyuldu

Bu gün İranın Türkiyə səfirliyinin qarşısında soydaaşlarımızın etiraz aksiyası keçirilib. Aksiya iştirakçılarından olan Siyamək Babanejada istinadın, aksiya Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Türkiyə təmsilçiliyinin təşkilatçılığı ilə İranda həbsdə olan azərbaycanlı siyasi məhbuslara dəstək məqsədilə keçirilib (APA). Babanejad deyib:

“Əllərimizdə İran həbsxanalarındakı azərbaycanlı siyasi məhbusların şəkillərini tutaraq İranın Türkiyə səfirliyinin binasına doğru yürüş etdik. Daha sonra diplomatik korpusun binası qarşısında aksiya keçirdik”.

Aksiyada “Azərbaycan bir olsun, istəməyən kor olsun!”, “Məhbuslara azadlıq!”, “Qızıldan olsa da qəfəsim, azadlığa var həvəsim!”, “Ankara, Bakı, Təbriz — birlikdə güclüyük biz!” və digər şüarlar səsləndirilib. Bundan əlavə, hazırda Türkiyədə mühacirətdə yaşayan azərbaycanlı şairə Şərifə Cəfəri şeir səsləndirib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında opera sənəti üzrə təhsil almış Xosrov Əmiri isə Azərbaycan gənclik marşını oxuyub.

Sonda İran səfirliyinin binası önünə qara əklil qoyulub və Türkiyədə mühacirət həyatı yaşayan Babək Əsənli aksiyanın qətnaməsini oxuyub.

Qətnamədə bildirilir ki, İranda 35 milyon Azərbaycan türkü 80 ildir assimilyasiya siyasətinə məruz qalmaqdadır. Azərbaycan türklərinin öz ana dillərində yazıb-oxumaları qadağan edilib. İran hökumətinin laqeydliyi nəticəsində Urmiya gölü quruyur. Aparılan siyasətə etiraz edənlər İran hökuməti tərəfindən təqib və təzyiqlərə məruz qalır, həbs edilir, işgəncələrlə üzləşir. Bu təzyiq və həbslər hər keçən gün artmaqdadır, xüsusilə son günlərdə daha da çoxalıb: “Biz GAMAC olaraq dünyadakı bütün insan haqları təşkilatları və quruluşlarından, BMT-dən və Türkiyədən İrandakı insan haqları pozuntularına qarşı daha həssas yanaşmalarını istəyirik”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 268