Anbarlarda külli miqdarda hazır yun yığılıb qalıb
Daxili bazarda yuna tələbat yox səviyyəsindədir. KTN ölkədə istehsal olunan yunun satışı ilə bağlı dəfələrlə xarici ölkələrə, o cümlədən xalçaçılığın inkişaf etdirilməsi üçün Türkiyəyə müraciət edib. Bunu «APA-Economics»ə KTN heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov bildirib: «Lakin hələlik bununla bağlı heç bir cavab gəlməyib. Türkiyəyə hətta 4 min tondan artıq yun verməyə hazırıq».
Onun sözlərinə görə, Azərbaycanda xalçaçılıq sənayesinin inkişafı arzu olunan səviyyədə deyil. Ona görə də, yerli yun xarici ölkələrə təklif olunur.
«Biz dəfələrlə Nazirlər Kabinetinə müraciət etmişik ki, xalçalığın inkişaf etdirilməsi ən yaxşı iş formasıdır. Qadınlar üçün, xüsusilə ev qadınlarını işlə təmin etmək üçün ən yaxşı iş növüdür. Hələ SSRİ dövründə əsasən kənd yerlərində xalçaçılıq sahəsində 8 mindən artıq xanım çalışıb. Bu sbəbdən kəndlərdə bu sahənin işini yenidən bərpa etmək lazımdır. Hazırda yun anbarlarda çürüyür və bununla bağlı tədbir görən yoxdur», — deyə Ç. Fərəcov bildirib.