Muəllif:

Anatoli Banişevski — 67

Azərbaycan futbolunun ən istedadlı isimlərindən biri, uzun illər “Neftçi”də çıxış etmiş mərhum Anatoli Banişevskinin anadan olmasının 67-cı ildönümüdür.
Bu münasibətlə AFFA rəhbərliyi 23 fevralda Banişevskinin məzarını ziyarət edəcək. Fəxri xiyabanda AFFA əməkdaşları futbolçunun abidəsinin önünə əklil və gül dəstələri qoyacaq, onu yad edəcəklər. Mərasimdə futbol ictimaiyyətini təmsil edənlər, veteran futbolçular da iştirak edəcək.
Bu şöhrətli futbolçunun adı Bakının “Neftçi” komandasının şanlı tarixinə qızıl hərflərlə yazılıb. Banişevski futbol zirvəsinin ən yüksək nöqtəsinə çatanda da, sadə bakılı fanatlar üçün o, “Banış” idi.
Uşaq yaşlarında onun futbola olan hədsiz sevgisi böyük qardaşının onu “Lokomotiv” cəmiyyətinin idman məktəbinə aparması ilə nəticələnir. Balaca Anatoli futbolun ilk sirlərini bu cəmiyyətdə öyrənməyə başlayır. Öz oyunu ilə hamıdan fərqlənirdi. Banişevskinin böyük futbolla ilk tanışlığı 1962-ci ildə olur. Ölkə birinciliyinin final oyunları keçirilirdi. “Lokomotiv”in növbəti oyununudan sonra bir nəfər paltardəyişmə otağında Anatoliyə yaxınlaşaraq deyib:”Siz mənə lazımsınız. “Neftçi”də oynayacaqsınız”. Bu şəxs SSRİ-nin tanınmış futbol mütəxəssisi, o vaxt “Neftçi”nin baş məşqçisi olan Boris Arkadyev idi. Bununla da Anatoli Banişevskinin “Neftçi”dəki karyerasına start verildi. Cəmi 15 yaşı olan yeniyetmə tezliklə öz adını tanıtdı. Flaqmanın əvəzedici heyətində onun göstərdiryi futbol əsas komandanın məşqçilərinin diqqətini cəlb etdi. SSRİ-nin yeniyetmələrindən ibarət komandasına cəlb olunan Banişevski, debüt oyununda Braziliya ilə görüşdə meydana çıxdı. Bu hadisədən sonra Banişevski daim yığmanın tərkibinə cəlb edilirdi. Uzun illər doğma “Neftçi” komandamızın əsl lideri olan “Banış” 1974-cü ildə flaqmanın sıralarını tərk etdi. Anatoli futboldan uzaqlaşa bilməyərək, məşqçiliyə başladı. Bir il Sumqayıtda çalışdıqdan sonra o, 1975-ci ildə “Neftçi”yə məşqçi kimi döndü. Həmin dövrdə flaqmanın baş məşqçisi olan Valentin Xlıstov Banişevskidən yenidən yaşıl meydana dönməsini istədi. 1975-ci ilin 2-ci dövrəsindən etibarən Anatoli yenidən ən çox sevdiyi “Neftçi”də çıxış etməyə başladı. 1978-ci ildə o, karyerasını birdəfəlik bitirdi.
Bir müddət məşqçi kimi çalışan Anatoli 1987-ci ildə Afrika qitəsinə Burkina-Fasoya yollandı. Burada ölkənin gənclərdən ibarət komandasının baş məşqçisi oldu. Lakin ölkədəki hərbi çevriliş sonradan Banişevsikinin həyatında dərin iz buraxdı. Burkina-Fasoda hadisələrin mərkəzinə düşən bakılı, bərk həyəcan keçirdiyindən şəkər xəstəliyinə tutulur. Bundan sonra yataq xəstəsinə çevrilən dahi “Banış” böyük futboldan ayrı düşür. Getdikcə xəstəliyi şiddətlənən Banişevski 1997-ci il dekabrın 10-da əbədi olaraq gözlərini yumaraq Fəxri Xiyabanda dəfn olunur.
Banişevski müsahibələrinin birində demişdi: “Əgər mən yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım “Neftçi”ni seçərdim”.
“Neftçi” rəhbərliyinin diqqəti və qayğısı ilə əhatə olunan Anatoli Banişevski ölümündən bir il əvvəl, prezident Heydər Əliyev tərəfindən, “Şöhrət ordeni” ilə təltif olunmaqla layiqli qiyməti aldı. 2 fevral 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 309