Anar: Heydər Əliyev Azərbaycanın əbədi sərvətidir
«Heydər Əliyev həm Azərbaycanın qurtarıcısı, həm də qurucusudur. 1991-ci ildə Azərbaycan parçalanmaq, dağılmaq ərəfəsində idi. Ölkədə xaos, anarxiya hökm sürürdü. Belə çətin dövrdə Heydər Əliyev ölkəyə qayıdaraq Azərbaycanın istiqlaliyyətini əbədi təsdiq etdi». Bunu Trend-ə açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib.
Anar deyib ki, Heydər Əliyev Azərbaycanın əbədi sərvətidir.
Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan istiqlaliyyətinin təminatçısı oldu. Eyni zamanda Heydər Əliyev yeni Azərbaycanın əsasını qoydu, yeni Azərbaycanı yaratmağa başladı: «Heydər Əliyevin bir cəhətini də qeyd etmək istəyirəm. Mən ikinci bir lider tanımıram ki, mədəniyyətə, ədəbiyyata, sənətə bu qədər diqqət və qayğı göstərsin. Bütün tamaşalarımıza gəlirdi, filmlərimizi izləyirdi, tədbirlərdə, konsertlərdə iştirak edirdi, bütün sənət adamlarına sonsuz diqqət və qayğı ilə yanaşırdı. Heydər Əliyevin qayğısı bizi xilas etdi. Heydər Əliyev həm Sovet dövründə, həm də müstəqillik dövründə bizi qoruyurdu, bizə dəstək verirdi. Mən o böyük insana çox minnətdaram. Heydər Əliyev həm də mənim taleyimdə öz dəstəyi, köməyi və xoş münasibəti ilə böyük rol oynayıb».
Xalq yazıçısı bildirib ki, Heydər Əliyev həmişə onun qəlbində yaşayır və yaşayacaq.