Analoqu olmayan
Hər bir sistem vaxtaşırı müvazinətini yoxlayır, gücünü sınayır. Siyasətin dərinliklərinə və ictimai həyatın qəribəliklərinə bələd olan müdriklər deyirlər ki, avtoritar tipli rejimlər üçün bunun ən yaxşı üsulu vəziyyətin absurda çatdırılmasıdır. Onda cəmiyyətin ayrı-ayrı təbəqələrinin absurda reaksiyası göstərəcək ki, sistemin iradəsi nə dərəcədə keçərlidir, lazımi məqamlarda kütləyə təzyiqləri artırmağın yeri var, ya yox.
Biz növbəti belə mərhələyə qədəm qoyuruq. Mənim üçün bunun birinci göstəricisi hüquq müdafiəçilərinin hər yerdə «siyasi məhbus» kimi təqdim etdikləri bəzi şəxslərin qarşıdakı prezident seçkilərində hakimiyyətin namizədini dəstəklədikləri barədə tələsik bəyanatları oldu. Neçə vaxtdır iqtidarın onlarla düşmənçilik etdiyinə, günahsız cəza çəkdiklərinə dünyanı inandırmaq istəyən adamlar indi bir-birini qabaqlamağa çalışaraq oturduqları kameralardan öz «əzabkeşlərinə» sevgi və sədaqət mesajları göndərirlər. Həmin şəxslərin bunu hansı şərtlər daxilində və hisslər burulğanında etdikləri ilə işim yoxdur. Əsas odur ki, belə bir iezuit seçki texnologiyasına əl atmaq kiminsə ağlına gəlib! Seçkiqabağı kampaniya rəsmən start götürməmiş nə qanunlara, nə də sağlam məntiqə sığan üsul tapılıb: təbliğata məhbəs kameralarından başlanıb.
Adamın gözlərini ovxalayıb bir də oxumağa məcbur qaldığı ikinci seçki xəbəri sağlam məntiqdən, bəlkə, daha uzaqdır. Televiziya kanalları pullu seçkiqabağı təbliğat kampaniyasında iştirakdan imtina edirlər! Təsəvvürə gətirmək çətindir. Normalda televiziyalar 5 il bu günü gözləyirlər, cəmi üç-dörd həftə davam edən kampaniya ərzində auditoriyalarını genişləndirmək və yüksək qazanc əldə etmək üçün yarışa girirlər. Mən başa düşürəm ki, bizdə medianın gəlir mənbələri normaldan fərqlidir, büdcələri başqa cür formalaşır və beşilliyin ən böyük siyasi kampaniyasından kənarda durmaqla televiziyalar pullu təbliğatdan əldə edəcəklərindən daha artıq qazanc götürə bilərlər. Bəs auditoriya? Bəs medianın xidmət göstərməli olduğu ictimai maraqlar? İctimaiyyət bilmək istəyir ki, növbəti beş ildə xalqa rəhbərlik etmək üçün rəqabətə girişən tərəflər ona nə vəd edirlər, hansı gələcək hazırlayırlar və kimin eksperimentinə səs versələr, daha təhlükəsiz olar. Son illər sosial şəbəkələr genişlənməyə başlayıb, amma hələlik televiziya əhalinin böyük əksəriyyəti üçün əsas informasiya mənbəyi olaraq qalır. Belə şəraitdə kanalların xalqı prezidentliyə namizədlərlə hətta pullu ünsiyyət imkanlarından da məhrum etməsini hansı jurnalistika prinsipləri, media fəlsəfəsi, lap elə vətəndaşlıq mövqeyi ilə izah etmək mümkündür?
Televiziyalar seçki təbliğatı kampaniyasına qoşulmurlar, amma həbsxanalar qoşulurlar. Absurd bax budur!
Qəzetlər, saytlar yazırlar ki, məhbusların ardınca kampaniyaya müğənnilər qatılacaqlar. Onda absurd dönüb olacaq konsert. Sözün hərfi və məcazi mənasında böyük bir Qala-Konsert. Mən təklif edərdim ki, həmin konsertlərdə bəzi məşhur məhbuslara da oxumaq imkanı yaradılsın. Heyif ki, Space bu dəfə seçki konsertlərini xalqa nümayiş etdirməyəcək. Axı əvvəlki dönəmlərdə kanal onları bizə pullu təbliğat kimi göstərirdi.
[email protected]