Muəllif:

Amnesty İnternational: Ramazanov və Əlibəyli “vicdan məhbusları”dır

Azərbaycan hakimiyyəti söz azadlığına hücumlara, hökuməti tənqid edən jurnalistlərin və blogerlərin saxta ittihamlarla təqib olunmasına son qoymalıdır. Bu barədə Amnesty İnternational hüquq-müdafiə təşkilatının noyabrın 13-də jurnalist Sərdar Əlibəyli və bloger Rəşad Ramazanovun barəsində çıxarılan məhkəmə hökmləri ilə əlaqədar bəyanatında bildirilir.
“Azərbaycanda KİV-də özgəfikirliliyə amansız və məqsədyönlü hücumlar sürətlə artır, vətəndaşlar öz əqidələrinə görə uydurma cinayət işlərinin əsasında həbsə alınırlar”, — Amnesty İnternational-ın nümayəndəsi Con Dalussen bildirib.
Yazıçı və bloger R.Ramazanov Facebook və YouTube saytlarında hakimiyyətə qarşı çıxıb və narkotik maddə alveri üzrə şübhəli ittihamla 9 il müddətinə azadlıqdan məhrum edilib.
Müxalifət qəzetinin redaktoru Sərdar Əlibəyli “xuliqanlıq”da ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.
“Rəşad Ramazanov və Sərdar Əlibəyli vicdan məhbusları sayılır. Onlar öz ifadə azadlığı hüququnu reallaşdırdığına görə həbs olunublar və dərhal, heç bir şərt olmadan azadlığa buraxılmalıdırlar”, — Dalussen vurğulayıb.
Yeni hökmlər Azərbaycanda hökuməti tənqid edənlərə, o cümlədən KİV işçilərinə, QHT və hüquq-müdafiə təşkilatlarının fəallarına qarşı təzyiqlərin davam etməsi fonunda səslənib.
Amnesty International-ın məlumatına görə, Azərbaycanda 18 nəfər “vicdan məhbusu” var. Onlar KİV-də hakimiyyətin əleyhinə çıxdıqları üçün həbsə alınıblar.
Barələrində hökm çıxarılan şəxslərin həbs tarixçələrinə, saxlanma şəraitinə və onlarla rəftara toxunan təşkilat nümayəndəsi qeyd edib ki, Azərbaycan hökuməti bu həbslər dalğası və hökmlərlə özgəfikirliliyə yol verməyəcəyi barədə aydın və təhlükəli mesaj yollayır.
9 oktyabr prezident seçkilərindən bir neçə ay əvvəl Azərbaycanda media və vətəndaş cəmiyyəti, siyasi fəallar üçün repressiv mühit yaradılıb. Bu, seçkilərdən sonra da davam edib.
Jurnalistlərə qarşı təqiblər müstəqil və müxalifət qəzetlərinə təzyiqlərin artması ilə müşayiət olunur.
Kompensasiyaların ödənilməsi barədə tələblər, bank hesablarının dondurulması, köşklərdə və metro stansiyalarda tənqidi qəzetlərin satışının qadağan edilməsi populyar “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin çapının dayanmasına gətirib çıxarıb (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 176