Amerikalı rəssam Endi Uorholun Bakıda sərgisi açıldı
Bu gün Heydər Əliyev Mərkəzində tanınmış amerikalı rəssam Endi Uorholun (Andy Warhol) işlərindən ibarət sərginin açılış mərasimi idi. Sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-da Endi Uorhol Muzeyi (Andy Warhol Museum) və Heydər Əliyev Mərkəzinin əməkdaşlığı çərçivəsində təşkil edilib.Mərasimində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, ÜNS Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, professor Nərgiz Paşayeva, YARAT! Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova, mədəniyyət və incəsənət adamları iştirak ediblər.
Endi Uorhol Muzeyinin direktor müavini Patrik Mur Heydər Əliyev Mərkəzinə heyran olduğunu qeyd edib, həmçinin sərginin yüksək səviyyədə təşkil olunmasına görə Mərkəzin rəhbərliyinə öz təşəkkürünü bildirib.
P.Mur vurğulayıb: «Əgər Endi Uorhol Azərbaycana səfər etsəydi, sizin koloritli və müasir şəhərinizə, mədəniyyət və incəsənətə olan münasibətinizə, tolerantlıq və qonaqpərvərliyinizə heyran olardı».
Sərginin kuratoru Cianni Merkurio rəssam Endi Uorholun həyatı və yaradıcılığından danışıb.Daha sonra qonaqlar ekspozisiya ilə tanış olublar.
Sentyabrın 9-dək davam edəcək «Life, death and beautiful» («Həyat, ölüm və gözəllik») adlı beynəlxalq sərgidə müəllifin fotoları, dünya kino, musiqi, moda ulduzlarının portretləri və digər dünya şöhrətli əsərlər («Rənglər», «Kamuflyaj», «Sonuncu şam yeməyi», «Kişinin dua edən əlləri», «Elektrik stulu» və s.) nümayiş olunur.
Sərgidə ümumilikdə rəssamın 100-ə yaxın əsəri nümayiş etdirilir.
XX əsrin tanınmış rəssamı Endi Uorhol 1928-ci ildə doğulub. Fotoqraf və rəssam E.Uorhol, həmçinin rejissor olub. Pittsburqda (ABŞ) yerləşən pop-art üslubunda Endi Uorhol Muzeyi 1994-cü ildə yaradılıb. Fəaliyyətə başladığı ilk günlərdən etibarən Muzey ziyarətçiləri arasında populyar olub. İlk həftə ərzində Muzeyi 25 min nəfər ziyarət edib. Endi Uorhol Muzeyində 900 şəkil, 100 heykəltəraşlıq əsəri, 400 foto, həmçinin 60 bədii film və müəllifin digər əsərləri nümayiş olunur.