Muəllif:

Amerikadan «sitat»

İndi deyəcəksiniz ki, bu da bizi «öz Amerikası» ilə lap bezdirdi. Bir şey olan kimi Amerikadan «sitat» gətirir. İnan, əziz oxucu, qəsdən etmirəm. Belə alınır. İndi mən nə edim ki, ABŞ 2014-cü maliyyə ili üçün dövlət proqramları və ümumən dövlətin təbliğatına ayrılacaq vəsaitin keçən illə müqayisədə düz 20,45 milyon dollar azaldılmasına qərar verdiyi halda, bizim Dövlət Neft Şirkəti «işini-gücünü buraxıb» Türkiyə media bazarına girir. Orada qəzet və televiziya kanalı alır. Azərbaycanda kanal alar-almaz, indi də «dünyaya açılır». Bir sözlə, «Qazprom»luq edir.
Maraqlısı budur ki, Dövlət Departamenti xərcləri azaltmaq qərarına gəlsə də, onun bu istəyinin həyata keçib-keçməyəcəyi qərarını Konqres verəcək. Yəni çox qüdrətli icra strukturu olan Dövlət Departamenti də özbaşına deyil, onun büdcə yükünü azaltmaq istəyi belə, qanunverici strukturun «xeyir-duası» olmadan həyata keçə bilməz. ABŞ Yayım Şurası Dövlət Departamentinin tabeliyində olaraq «Amerikanın səsi», «Azadlıq/Azad Avropa», «Azad Asiya», «Sava», ərəbdilli «Əl-Xurra» və ispandilli «Marti» teleradiokompaniyalarının işinə nəzarəti həyata keçirir.
Bizim Dövlət Neft Şirkəti də, adından bəlli olduğu kimi, dövlətin mülkiyyətindədir. Maraqlıdır, görəsən, bizim «neftçilər»in media aləminə nüfuz etməsindən Milli Məclisin xəbəri varmı?
Anladığım qədər, Yerin təkindəki bütün təbii sərvətlər heç kəsin, kobud ifadəyə görə üzr istəyirəm, dədəsinin malı deyil. Bəs onda necə olur ki, xalqın sərvətindən əldə olunan gəlir onun, yəni xalqın sevib seçdiyi millət vəkillərinin, xəbəri olmadan sağa-sola xərclənir?!
İndi mən Amerikadan sitat gətirməyim, nə edim?
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 214