Amaliya Pənahova: “Məhkumlar» uğurlu başlanğıcdır
Amaliya Pənahova ilk dəfə serialda çəkilməyə qərar verib. “Məhkumlar” bədii televiziya serialında canlandırdığı Amaliya obrazı aktrisanın karyerası boyu bir serialda həyat verəcəyi ilk roldur. Onunla söhbətimizin əvvəlinə fəaliyyətinin bu tərəfi ilə başladıq:
— Doğrudur, rəsmən bu mənim bir teleserialda ilk işimdir. Ancaq xatırlatmaq istəyirəm ki, neçə il öncə Türkiyə və Azərbaycanın müştərək istehsalı olan dörd seriyalı bir filmdə çəkilmişəm. Nəzərə alsaq ki, “Məhkumlar”ın 10 seriyasında iştirakım planlaşdırılıb, əlbəttə, müqayisədə buradakı işim daha irihəcmlidir. Ümumiyyətlə, mən “Məhkumlar” başda olmaqla bu gün çəkilməkdə olan bütün seriallara uğurlar arzulayıram. Nöqsanlar, qüsurlar ola bilər. Çünki bu, bir başlanğıcdır. İstənilən yeni işin əvvəlində müəyyən səhvlər ola bilər və bunu böyük bir faciə tək yox, tam təbii bir hal kimi qəbul etmək lazımdır. Hər şey zamanla yoluna qoyulacaq, bütün çətinliklər, çatışmazlıqlar tədricən arxada qalacaq. Unutmaq lazım deyil ki, inkişafın yolu, təcrübədən, təkamüldən keçir. Yadda saxlayaq ki, hazırkı mərhələ bir sınaq dövrüdür. Biz böyük ölçüdə istədiyimizə, məhz bu sınaq mərhələsi yekunlaşdıqdan sonra çata biləcəyik.
Amma bu proses boyu əsas qazanclarımızdan biri də yeni adların, yeni simaların – rejissorların, aktyorların, operatorların, prodüserdən tutmuş işıqçıya qədər istedadlı gənclərin meydana çıxması olacaq. Sanki bu bir ələkdir, kimlərsə bu ələkdən ələnəcək, kimlərsə özünü, istedadını təsdiqləyərək üzdə qalacaq. Sözün həqiqi mənasında, hazırkı mərhələnin çox böyük əhəmiyyəti var. Bir daha vurğulamaq istəyirəm ki, məhz bu zaman kəsiyində bir çox gənc istedadlar aşkarlanacaq, cəmiyyətdə tanınacaq, seviləcək. Bu mənada, düşünürəm ki, dövlət tərəfindən milli teleserialların çəkilməsinə verilən böyük maddi və mənəvi dəstək yalnız müsbət nəticələrə gətirib çıxaracaq. Nə qədər dünya təcrübəsindən öyrənməyə cəhd etsək, bəhrələnsək, bir o qədər tez uğura yaxınlaşa bilərik. Şübhəm yoxdur ki, bir neçə ildən sonra bizdə də Rusiyada, Türkiyədəki kimi geniş auditoriyanın rəğbətini qazanmış keyfiyyətli işlər ortaya qoyulacaq.
— Bir qədər konkret danışmağınızı istərdik: bizim seriallarda çatışmayan nədir? Sevgi və uğur qazanmaq üçün ilk növbədə nə etmək, hansı addımları atmaq lazımdır?
— Bizim serialların çatışmayan əsas cəhətlərindən biri professionallara az müraciət olunmasıdır. Şübhəsiz, professinallar olan yerdə keyfiyyət də yüksək olur. Və istər-istəməz bu professionallarla, ustadlarla işləyən gənclər də onlardan öyrənir, əsl sənət məktəbi keçməli olur. Bu, çox mühüm amildir və bizim serial çəkilişləri ilə məşğul olan həm prodüserlərimiz, həm də rejissorlarımız bu məqama xüsusi diqqət və həssaslıqla yanaşmalıdırlar.
— “Məhkumlar” serialı ilə bağlı münasibətinizi bilmək maraqlı olardı.
— Mən “Məhkumlar”ın təqdimat mərasimində də bildirmişdim ki, bu çox effektli bir layihə, uğurlu bir başlanğıcdır. Çünki ümumilikdə, “Məhkumlar” serialının yaradıcı və texniki heyəti professionallardan ibarət bir komanda olaraq formalaşıb. Ən əsası da, bax, elə budur. Elə bu vacib amil keyfiyyəti də, uğuru da təmin edir. Düşünürəm, məhz elə bunun nəticəsidir ki, “Məhkumlar” rəğbət qazanıb. Oynadığım obraza gəlincə, bu yeni Amaliyayla əlaqədar ilk təəssüratım çox xoşdur. Nəzərinizə catdırım ki, mən bu obraza hələ 10 seriya əvvəldən çəkilməliydim. Amma gah digər işlərimlə bağlı ölkədə olmadım, gah səhhətimdə müəyyən problemlər yarandı və mənim çəkilişlərə qatılmağım bir qədər yubandı. Amma bu müddət ərzində serialın rejissoru Yaşar Əhmədov və ssenaristi Vüsal bəy mənimlə mütəmadi olaraq əlaqə saxlayırdılar. Görünür, qismət bu günəymiş. Çəkildiyim Amaliya maraqlı bir obrazdır və mən də çalışacağam ki, nəsə fərqli bir iş ortaya qoyaq. Çünki şəxsən mənim özüm üçün də bu günün biznes-ledisini, işgüzar qadınının xarakterini canlandırmaq çox maraqlıdır. Ümid edirəm ki, yaxşı bir iş alınacaq.
— “Məhkumlar” komandası əsasən gənclərdən təşkil olunub. Gənclərlə işləmək çətin olmur ki?
— Mən hər zaman gənclərlə işləməyi xoşlamışam və tam səmimiyyətimlə deyirəm ki, çox vaxt da özüm buna can atmışam. Bildiyiniz kimi, rəhbəri olduğum Bakı Bələdiyyə Teatrı 20 ildən artıqdır ki, fəaliyyət göstərir və bu gün onun kollektivinin səksən faizini gənclər təşkil edir. Mən həmişə istedadlı gənclərə böyük etimad göstərmişəm, şükürlər olsun ki, onlar da hər zaman mənim etimadımı doğruldublar. “Məhkumlar”ın çəkilişləri davam etdikcə, şahidi oluram ki, bu komandaya əsasən bacarıqlı, peşəsinə ürəkdən bağlı olan istedadlı gənclər toplaşıblar.
— Karyeranız boyu əsasən tammetrajlı bədii filmlərdə çəkilmisiniz. Bu, bir həqiqətdir ki, tammetrajlı filmlərlə seriallar arasında bir sıra fərqli cəhətlər var…
— Vurğulamaq istəyirəm ki, serialların çoxluğu naminə nə gəldi, hansı mövzu oldu çəkmək qətiyyən düzgün deyil. Məqsəd sənətin səviyyəsini yüksəltmək, mənəviyyata xidmət etmək olmalıdır. Bacardıqca bayağı mövzulardan qaçılmalı, düşündürücü, problematik mövzulara üstünlük verilməlidir. Belə olan təqdirdə, tamaşaçı da kinodan, sənətdən uzaq düşməz, sevə-sevə ekran qarşısında oturar. Əsas məqsəd gənclərimizin problemlərini işıqlandırmaq, adət-ənənələrimizi, tariximizi yaşatmaq olmalıdır. Yadıma düşmüşkən, daha bir məqama diqqət çəkmək istəyirəm. Bu da seriallarımızın diliylə bağlıdır. Televiziya rəhbərləri bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdırlar. Bu gün yayımlanan bütün serialların dili qüsurludur. Biz heç bir güzəştə getmədən dilin saflığını qorumalı, ədəbi dilimizi yaşatmalı, inkişaf etdirməli, layiqli şəkildə gələcək nəsillərə ötürməliyik. Ən böyük arzum isə tarixi mövzuda serialların çəkilməsidir. Düzdür, bunun üçün çox vəsait lazımdır, amma şərəfli tariximizi yaşatmaq və gələcək nəsillərə catdırmaq naminə bu çox vacibdir.