Muəllif:

“Altılığ”ın qapısını kim açacaq?


Futbol üzrə Azərbaycan çempionatında 21-ci tura start verilib. Turun açılış matçında “Rəvan”la “Qarabağ” qarşılaşıb. İlk “altılığ”a düşmək üçün nəzəri şansları qalan “Rəvan” indiyədək məğlub etmədiyi Ağdam klubu ilı görüşdə “siftə” etməyə çalışıb. Lakin onların bu istəyi alınmayıb. Görüş hər iki tərəfin hücumları ilə başlayıb. İlk qol erkən vurulub. Rəqibin müdafiəsindəki kobud səhvdən sonra Riçard Almeyda “Qarabağ”ı hesabda irəli çıxarıb. 19-cu dəqiqədə “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli ikinci topu “Rəvan”ın qapısından keçirib. Lakin bu, ilk hissədə vurulan sonuncu qol olmayıb. Meydan sahiblərinin argentinalı futbolçusu Xuan Varea Ağdam klubunun qapıçısı Fərhad Vəliyevin səhvindən istifadə edərək hesab fərqini azaldıb — 1:2.

İkinci hissədə “Rəvan” daha bir qol vuraraq “status-kvo”nu bərpa edib. Bu dəfə meydan sahiblərinin qış fasiləsində transfer etdikləri litvalı Lindauqas Kalonas fərqlənib – 2:2. Lakin “Qarabağ” artırılmış dəqiqələrdə daha bir qol vuraraq, çətin qələbə qazanıb. Künc zərbəsindən sonra Admir Teli komandasını yenidən hesabda önə keçirib — 2:3. Bu qələbədən sonra “Qarabağ” turnir cədvəlində ikini pilləyə yüksəlib.

 

İlk altılığa düşməyə çalışan digər bir komanda – “Bakı” isə Zaqatalada “Simurq”un qonağı olub. Lakin bu komandalar arasında matç isə ilk dövrədəki kimi heç-heçə nəticələnib. Bununla da paytaxt klubu “altılığ”a düşmək işini daha da çətinləşdirib. Doğrudur,  bu 1 xal bakılılara 6-cı pilləni “Xəzər Lənkəran”dan almağına imkan verib. Ancaq onu nəzərə alaq ki, lənkəranlıların 1 oyunu ehtiyatda var və sabah “Qəbələ” ilə səfər matçında qazanacağı xal onu yenidən 6-cı pillədə qərarlaşdıra bilər.

Turun ən maraqla gözlənilən görüşlərindən biri sabah Qəbələdə olacaq. Rayonun eyniadlı komandası “Xəzər Lənkəran”ı qəbul edəcək. Hər iki komandanı hazırda bir məsələ düşündürür: ilk altılığa vəsiqəni rəsmiləşdirmək! Heç-heçə bu komandaların heç birinə sərf etmir. Lənkəran klubunun işi daha çətindir. Qeyri-sabit çıxış edən “Xəzər Lənkəran” bu görüşü səfərdə keçirir ki, bu, cənubluların vəziyyətini ağırlaşdıran məqamlardandır. Əks düşərgədə isə doğma meydan amili öz müsbət təsirini göstərə bilər. Son 5 matçda rəqib qapısına yol tapan “Xəzər Lənkəran” “Qəbələ” ilə matçlardakı üstünlüyünü artırmağa cəhd edəcək. Bu komandaların Qəbələdəki son 4 matçında heç-heçə qeydə alınmayıb. Baxmayaraq ki, ilk dövrədə keçirilən “Xəzər Lənkəran” – “Qəbələ” qarşılaşması 1:1 hesabıyla başa çatmışdı.

 

İlk altılıq ümidlərini hələ də saxlayan AZAL bu tur “Kəpəz”i qəbul edir. Gəncə klubu cari mövsümdə demək olar ki, rəqiblərinə müqavimət göstərə bilmir. Bu üzdən də paytaxt komandasının qələbə qazanacağı şübhə doğurmur. Amma komandanın üzərindəki təzyiq müəyyən problem yarada bilər. Yubiley – 10-cu duel ərəfəsində AZAL-ın üstünlüyü böyükdü. Bakılılar son 4 matçda da qalib gəlib. Bu uğurlu seriyada 2:0 hesablı qələbələri sıralayan bakılılar öz meydanında bu rəqibdən qol da buraxmayıblar. Elə ilk dövrədə Gəncədə keçirilən görüşdə də məhz AZAL 2:0 hesabıyla qalib gəlmişdi.


Turun mərkəzi qarşılaşmasında “Neftçi” “İnter”lə üz-üzə gələcək. Son çempion liderliyi ələ keçirmək üçün yaxşı fürsət qazanıb. Buna görə də Böyükağa Hacıyevin komandası doğma meydanda keçiriləcək görüşdə mütləq qələbə qazanmağa çalışacaq. Maraq üçün bildirək ki, bu komandaların arasındakı görüşlərin ümumi balansında da “Neftçi”nin üstünlüyü böyükdü. 32-ci paytaxt derbisi ərəfəsindəki son 4 matçda hər 2 komanda qol sevinci yaşayıb.

Bu görüşdə də heç-heçə qeydə alınsa, “bankirlər” buna qane ola bilərlər. Ən azı ona görə ki, Kaxaber Sxadadzenin komandası zirvədəki mövqeyində qalacaq.

 

Turun qapanış matçında isə iki autsayder — “Sumqayıt”la “Turan” üz-üzə gələcək. 6-cı oyuna minimal üstünlüklə çıxan “Sumqayıt” son 4 matçda meydanı qolsuz tərk etmir. Bu 4 matçda “Turan” qalib gələ bilməyib. Elə ilk dövrədə Tovuzda baş tutan görüşdə də sumqayıtlılar minimal hesabla qalib gəlmişdilər.

 

Topaz Premyer Liqası, 21-ci tur

 

23 fevral

 

15:00. Qəbələ — Xəzər Lənkəran

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Vüsal Əliyev.

AFFA nümayəndəsi: Maşallah Əhmədov.

Hakim-inspektor: Kərim Ağayev.

Qəbələ şəhər stadionu.

 

17:00. Neftçi – İnter

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Xaqani Məmmədov.

Bakı. Bakcell stadionu (8-ci km.).

 

18:00. AZAL — Kəpəz

Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, Ramil Diniyev.

AFFA nümayəndəsi: Telman Əzizov.

Hakim-inspektor: Füzuli Nəcəfov.

Bakı. AZAL Arena.

 

24 fevral (bazar)

 

15:00. Sumqayıt  – Turan

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rza Məmmədov, Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Ramiz Abdullayev.

Hakim-inspektor: Akif Məmmədov.

Bakı. Bayıl Arena.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 182