Altı bankın bağlanmasına hazırlıq gedir
Altı bankın bağlanmasına hazırlıq gedir. Mərkəzi Bankın məcmu kapitalı 50 milyon manata çatmayan banklara təklifi var. 2014-cü il yanvarın 1-dək məcmu kapitalını tələb olunan 50 milyon manata çatdıra bilməyən banklar ya qeyri-bank təşkilatına çevrilməli, ya birləşməli, ya da, ümumiyyətlə, bazardan getməlidir. Bu, Mərkəzi Bankın tələbidir. Artıq MB yeni normativ tələblərə qədər nizamnamə kapitalını yüksəldə bilmədiyi təqdirdə bankların bank olmayan kredit təşkilatlarına (BOKT) çevrilməsi ilə bağlı hüquqi baza yaradıb.
Qeyd edək ki, hazırki tələblərdə ölkə banklarının nizamnamə kapitalı minimum 10 milyon manat həcmində olmalıdır. Lakin ötən il MB-i tələbləri daha sərtləşdirərək, bu məbləği 50 milyon manata qaldırdı.
Iqtisadçı-ekspert Azər Mehdiyev Azərbaycanda bank sektorundakı durumun iki istiqamətdə narahatlıq yaratdığını deyir: ”Birincisi, son vaxtlar bank sektorunda sabitlik məsələləri xeyli dərəcədə problemli görünür. Çünki ödənməyən və ödənilməsi şübhə doğuran borcların artması prosesi gedir. Bu məbləğin hansı banklarda daha çox olması ilə bağlı geniş məlumat verilmir. Ancaq bütövlükdə qaytarılmayan və qaytarılması şübhəli olan borcların miqdarı kreditin ümumi məbləğində 8 faizlik həddə çatmaqdadır. Bu da bütövlükdə bank sistemində gərginlik yaradır. Çünki bank sektorunda qaytarılması şübhə doğuran borcların həcmi ümumi kredit həcmlərində 10 faizdən çox ola bilməz”.
Ekspert ikinci narahatlıq doğuran məqam kimi bank sektorunun iri oliqarxların əlində cəmləşməsini göstərdi. Nizamnamə kapitalının artırılması tələbi isə əslində inhisarlaşmanı bir az da möhkəmlədən amildir.
Ancaq bununla belə nizamnamə kapitalının aşağı olması bankların risk imkanlarını artırır. Bank sektorunu gözləyən böhranın qarşısını almaq, yaxud qabaqlamaq üçün nizamnamə kapitalının artırılması bu sektorun etibarlılığını gücləndirə bilər.
Ölkədə fəaliyyət göstərən banklara isə kapitallaşmalını artırmaq üçün 2014-cü ilin yanvarındək vaxt verilib. Mütəxəssislər düşünür ki, sözügedən maliyyə təşkilatlarının hamısı bu tələbi yerinə yetirə biməyəcək. Ona görə də, 15-ə yaxın bankın bağlana biləcəyi istisna edilmir. Vəziyyətdən çıxmaq üçün onların birləşməsini ən məqsədəuyğun variant hesab edirlər.
MB-da hesab edirlər ki, bazarda birləşdirilmə prosesinin başlanması zamanı bankların BOKT-na çevrilməsi ideyalardan biridir idi. Hələlik belə transformasiya ilə bağlı qanunverici baza yoxdur. MB bazanın yaradılması sahəsində işləri davam etdirir. Onun yaradılmasında məqsəd belə transformasiya zamanı təşkilatların aktivlərinin saxlanılması, istehlakçıların hüquqlarının qorunmasıdır.
Qeyd edək ki, bu qərar veriləndə Azərbaycanda 43 bankdan 15-nin məcmu kapitalı 50 milyon manatdan yuxarı idi. Təqribən 25-28 bankın məcmu kapitalı buna imkan vermirdi. Artıq əksər maliyyə təşkilatları kapitallarının artırılması istiqamətində çalışırlar. Mərkəzi Bankın son məlumatlarında bildirilir ki, 80 faizə yaxın bank məcmu kapitalını normaya çatdırıb. Belə aydın olur ki, hazırda fəaliyyət göstərən bankların 20 faizi sıradan çıxacaq.
İqtisadçı-ekspert Samir Əliyev deyir ki, artıq 6 bankın fəaliyyətinin dayandırılması ilə bağlı danışıqlar gedir.
Məcmu kapitalını yerinə yetirməyəcək bankların aqibətinə gəldikdə S.Əliyevin fikrincə, iki variant var: «Variantlardan biri odur ki, kiçik banklar öz aralarında birləşə bilərlər. Birləşməyəcəkləri halda lisenziyaları ləğv olunacaq. Bu halda da bank olmayan kredit təşkilatlarına çevrilməkləri gündəmə gəlir. Əvvəlki fəaliyyətlərindən fərqləri depozit qəbul edə bilməyəcəklər. Hər halda bank fəaliyyəti daha genişdir».
Ekspertə görə, bank olmayan kredit təşkilatları bazarında gərginlik yarana bilər: «Əgər kiçik banklar belə bir kredit təşkilatlarına çevrilsələr hazırda bu tip kommersiya qurumlarının bəzilərini sıradan çıxara bilərlər. Çünki onlar daha güclü potensiala malikdirlər. Onu da qeyd edək ki, bazarda canlanma yarana bilər. Bu gün bank olmayan kredit təşkilatlarının sayı çox azdır».
Məlumdur ki, bank olmayan kredit təşkilatlarının təklif etdikləri faiz dərəcələri kifayət qədər yüksəkdir. Onların arasında 40-42 faizlik kredit verənlər də var. Belə təşkilatların sayının artacağı təqdirdə faiz dərəcələri aşağı düşəcəkmi? Sualını cavablandıran S.Əliyev bunun ölkənin iqtisadi vəziyyətindən asılı olduğunu bildirdi: «Nə qədər ki, bank sekorunda kreditlər ucuzlaşmayıb, bank olmayan maliyyə təşkilatlarında da bunu müşahidə etməyəcəyik. Onların təqdim etdikləri kreditlərin həcmi az olduğundan, faiz dərəcələri yüksək olur. Bu baxımdan faiz dərəcələrinə təsir göstərəcəyinə inanmıram».