Alternativ dərsliklər yaradılacaq
Orta məktəb dərslikləri heç bir psixoloji, fizioloji tədqiqatlar aparılmadan hazırlanır. Bunu Təhsil Şurasının sədri Əjdər Ağayev qurumun ümumi yığıncağında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda dərsliklərin elmi redaktoru yoxdur: «Dərsliklərin ekspertizadan keçirildikdən sonra tətbiq edilməsi vacibdir. Bu gün bir adam 3-5 dərsliyin müəllifidir. Bu isə dünya praktikasında yoxdur. Bu gün Azərbaycanda psixologiya institutu yoxdur. Nəticədə də dərsliklərlə bağlı müəyyən problemlər yaranır. Bütün bu problemlər həll edilməlidir».
Şura sədrinin sözlərinə görə, sovet təhsil sisteminin təcrübəsi çox olsa da, bacarıqlar yox idi.
O qeyd edib ki, bu gün ali məktəblərə qəbulun testlə aparılması tələbələrin elmi dünyagörüşünü azaldır.
Təhsil Nazirliyi isə dərsliklərin keyfiyyətinə qeyri-dövlət strukturlarının da nəzarət etməsini təklif edib. Bu gün dərsliklərin keyfiyyətinə dövlət tərəfindən nəzarət edilir. Təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, bu il aparılan islahatlar nəticəsində dərsliklərin məzmunca hazırlanması ilə onların çapı prosesi ayrılıb. Bu da ilk növbədə dərsliklərin ən savadlı şəxslər tərəfindən hazırlanmasına xidmət edir.
Cabbarov qeyd edib ki, dərsliklərin metodoloji baxımdan hazırlanma formasının dəyişdirilməsi nəzərdə tutulur. Onun fikrincə, yeni hazırlanan dərsliklər ilk növbədə sınaqdan keçirilməlidir.
Nazirin sözlərinə görə, ali məktəblər dərsliklərin hazırlanması ilə bağlı tenderlərdə iştirak etmirlər: «Bu gün bir tərəfdən ali məktəblərin maliyyələşdirilmə mexanizmini axtarırıq. Ancaq bizim bu sahədə ən yaxşı müəllimlərimiz ali təhsil müəssisələrində deyillərsə, o zaman onlar hardadırlar? Burada söhbət həm idarəetmə baxımından gedir, həm də düzgün həvəsləndirmə sistemindən gedir».
Təhsil naziri mətbuata açıqlamasında onu da bildirib ki, kurikulumlara əsaslanan yeni və alternativ dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması, bu sahədə görüləsi mühüm işlərdəndir. Bunlarla bərabər, istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramları da hazırlanacaqdır».
Nazirin fikrincə, bütün bunlar bizə o imkanları verəcək ki, təhsil alan təkcə bir dərsliyi deyil, daha geniş öyrənmə mənbələri ilə, sınaqdan çıxmış və dünyanın mötəbər nəşriyyatlarının qrifi ilə çap olunan xarici dərslik nümunələri ilə, o cümlədən, elektron resurslarla tanış ola bilsin, öyrənməlini öyrənsin, yiyələndiyi biliyi bacarıq və vərdişə çevirsin: «Məktəb isə müəllim mərkəzli deyil, şagird öyrənən mərkəzli olsun».
Dərsliklərin hazırlanmasında və istifadəsində alternativlik yeni mövzu deyil. Təhsil islahatları və proqramları həyata keçirən Şərqi Avropa və MDB ölkələrinin böyük əksəriyyətində bu məsələ çoxdan öz həllini tapıb. Filologiya elmləri doktoru, professor Telman Vəlixanlı (Cəfərov) deyir ki, ölkənin bütün regionlarının və məktəblərinin cəlb olunduğu, son illərdə milli təhsil sistemimizdə köklü dəyişiklik yaradan, yeni tədris texnologiyalarını və pedaqoji-psixoloji yanaşmaları, informasiya-kommunikasiya vasitələrini məktəblərimizə intensiv şəkildə gətirən Milli kurikulum müəllimlər üçün yeni perspektivlər və yaradıcılıq imkanları açıb.
«Milli kurikulum əsasında I və V siniflər üçün 40-dan çox dərslik sifariş verildiyi halda, cəmi dörd adda dərslik üzrə tenderin baş tutması narahatedici məqamdır. Bu qədər potensialın qarşısında orta məktəblər üçün alternativ dərsliklərin olmaması hansı məntiqə sığır? Bu, yaradıcı məktəb müəllimlərinin, pedaqoji kollektivlərin marağına cavab verirmi? Ölkəmizdəki multikulturalizm, demokratiya, yaradıcı mühit, təhsilimizə ayrılan külli miqdarda vəsait şəraitində bu vəziyyət bizi qane edə bilərmi? Bu imkanlara malik olduğumuz halda, nə üçün övladlarımıza, məktəb və müəllimlərimizə sərbəst seçim imkanı vermirik? Əgər dərsliklərimiz 100 min nüsxəyə yaxın, bəzən də artıq tirajla dövlət büdcəsi vəsaiti hesabına çap olunursa (təlim rus dilində olan məktəblərdə bu rəqəm 10-12,5 min nüsxə arasındadır), alternativ dərslik istehsalı üçün hansı maneə var? Bəzi qonşularımız kimi burada müəyyən hədd də qoya bilərik: deyək ki, Dövlət standartı, proqramı və Milli kurikulumun tələbləri əsasında yaradılmış üç ən yaxşı dərslik layihəsinə qrif verilə və dövlət vəsaiti hesabına çap edilə bilər. Alternativ dərslik hüququ qazanmış tədris vəsaitləri nəşriyyatların vəsaiti hesabına da buraxıla bilər».
Vəlixanlı hesab edir ki, nəşriyyatların (söhbət ənənəvi olaraq tədris ədəbiyyatları üzrə ixtisaslaşmış nəşriyyatlardan gedir) dərslik çapına könülsüz və ümidsiz qoşulması, öz ətrafına metodist müəllimləri, pedaqoji sahə üzrə mütəxəssis alimləri toplaya bilməməsi faktı da narahatlıq doğurur:
«Əlbəttə, üç-beş nəşriyyatın belə imkanları var, lakin onların bu sahədə dominant rolu bütövlükdə tam səmərə verə bilməz. Macarıstan təcrübəsinə müraciət etsək, hələ 90-cı illərin sonunda orada orta məktəb dərslikləri nəşrinə 60-dan artıq nəşriyyat qoşulmuşdu. Eyni sayda əhaliyə və eyni böyüklükdə əraziyə malik Azərbaycan üçün də bu variant məqbuldur. Söhbət nəşriyyat-poliqrafiya sənayesində monopoliyanın mövcudluğundan getmir, məsələnin məğzi daha çox yaradıcı insanların — müəllim və pedaqoq alimlərin, müəllif kollektivlərinin işə cəlb olunmasından gedir. Heç kəsə sirr deyil ki, nəşriyyatlar üçün orta məktəb dərsliklərinin çapı böyük bir stimuldur. Axı məsələ dərslik, müəllim üçün vəsait və iş dəftərinin hazırlanması və çapı ilə bitmir. Nəşriyyatlar dərslik komplektlərindən törəmə dərslik vəsaitlərinin, tədrisə yardımçı materialların çapını da üzərlərinə götürməklə ətraflarında müəllif kollektivləri, ixtisaslı redaktor və korrektorlar, rəssam və dizaynerlər toplayır. Geniş mənada bu həm də müəllimlərin sosial ehtiyaclarının ödənilməsi, kitab bazarının normal formalaşması, şagird və müəllimlərin lazımi ədəbiyyatları əldə etməsi, vergi ödəyicilərinin sayının artması deməkdir».
Professorun müşahidələrinə görə, son illər dərsliklər eyni müəlliflər tərəfindən yazılır, burada daha çox məktəb müəllimləri fəallıq göstərirlər. Məsələn, o Zülfiyyə Veysovanın iştirakı ilə ibtidai siniflər üçün yazılan uğurlu dərslikləri qeyd edir. Onun fikrincə, bir müəllifin bu qədər dərslik komplektinə cəlb edilməsini də normal hal deyir. Bundan başqa, ali məktəbləri təmsil edən metodist və pedaqoq alimlər orta məktəb dərsliklərinin yazılmasına həvəslə qoşulmurlar.
«Təbii ki, müəlliflərə nəşriyyatlar tərəfindən kifayət qədər qonorar ödənilmədiyi problemi var. Xüsusən də rus bölməsi üçün dərsliklərə görə müəlliflər qəpik-quruş alırlar ki, bu da təlim rus dilində olan məktəblər üçün dərsliklərin yazılmasına tək-tük müəllifin həvəs göstərməsinə səbəb olur. Axı tirajın dərslik və müəllimə, vəsait mətni hazırlayan müəllifə nə dəxli var? Nəşriyyatlar bu məqama xüsusi fikir verməlidirlər. Müəllif üçün qonorarın həcmi çap olunacaq dərslik və müəllim üçün vəsaitin tirajı ilə şərtləndirilə bilməz. Nəticədə tələm-tələsik iş görülür. Çap vərəqinə görə müəllif kollektivinə 100-150 manat pul ödənilən dərslikdən nə gözləyəsən?».
Vəlixanlının qənaətincə, təhsil rus dilində aparılan məktəblər üçün dərslik yaradıcılığında güclü rəqabətə meydan verilməlidir ki, fənn müəllimləri və şagirdlər digər ölkələrin tədris vəsaitlərinə — milli dəyərlər və ideologiyamızla, maraqlarımızla səsləşməyən, həm də istifadəsi normal tədris prosesi üçün sistemsizlik yaradan dərsliklərə az müraciət etsinlər.
Sözsüz ki, aparıcı metodist alimlərin orta məktəb dərsliklərinin yaradılması prosesinə cəlb edilməsinin faydası böyük ola bilər. Əvvəllər dərsliklərin yazılmasına məktəb müəllimlərinin cəlb olunması problemi var idisə, professor deyir ki, indi əks proses gedir. Belə ki, metodist alimlərimiz özlərini işə vermək istəmirlər.
Əgər Milli kurikulumun tətbiqinin əsas qayəsi bilik və bacarıqlar aşılamaqdırsa, metodist alimin elmi-pedaqoji fəaliyyətinin mənası şagird və tələbələr üçün müasir tələblərə cavab verən dərsliklərin, tədris vəsaitlərinin yazılmasında iştirakdır:
«Bu problem dərsliklərin qiymətləndirilməsi prosesində də müşahidə olunur. Ayrı-ayrı fənlər üzrə dərslik komponentlərinin qiymətləndirməsində ali məktəblərimizin elmi-pedaqoji potensialından qədərincə yararlanmağa ehtiyac var».
Orta məktəblər üçün alternativ dərslik və dərs vəsaitləri dedikdə, bizdə, ilk növbədə, orta məktəb dərslikləri və abituriyentlər üçün vəsaitlər arasındakı uyğunsuzluqlarla bağlı fikirlər yaranır. Bunu kütləvi repetitorluğa səbəb olan amillərdən biri kimi qiymətləndirir, dərslik materialları və test bankları arasındakı uyğunsuzluqların mövcudluğunu orta təhsil pilləsi üçün ən ciddi problem hesab edirik.
Gəlin bir reallıqla barışaq ki, son bir neçə il ərzində, xüsusən də yuxarı siniflərdə dərslik ikinci dərəcəli vəsaitə çevrilib. T.Vəlixanlı dərslikdən törəmə test proqram və məcmuələrinin dərsliyi — ilkin mənbəni sıxışdırmasını anormal hal sayır. Dərs prosesinin dərslik üzərində deyil, test vəsaitlərinə istinadən qurulması şagirdlərin aşağı siniflərdə qazandıqları şifahi və yazılı nitq vərdişlərini korşaldır və unutdurur.