Muəllif:

Almaniyanı da «abıra salacağıq»

Ankara
«Hacı Kərimin Aya səyahəti» tamaşasında ölməz komik aktyorumuz Bəşir Səfəroğlunun yaratdığı Hacı Kərim obrazı orta və yaşlı nəsil nümayəndələrinin çoxunun, yəqin ki, yadındadır. Ay yolçuluğuna çıxmağa hazırlaşan Hacı Kərim ömür-gün yoldaşını özü ilə aparmaq istəmir. Səbəbi də odur ki, qadınları Aya buraxmırlar. Çünki aydakıların hamısı «lüt-madərzatdır». Ona görə də Hacı Kərim bir dəstə kişinin başında gedib Aydakıları «abıra salmağa» hazırlaşır.
İlk dəfə Bəşir Səfəroğlunun iştirakı ilə «Hacı Kərimin Aya səyahəti» tamaşasından fraqmentlərə baxanda uşaq idim. Deyəsən, heç məktəbə belə getmirdim.
Bəlkə də artıq qocalmağa başlamışam. Deyirlər ki, insan qocalanda uşaqlığının ən parlaq xatirələrini bütün aydınlığı ilə gözünün önündə canlandırmağa başlayır. O illərdə milyonların sevimlisi olan Bəşir Səfəroğlunun yaratdığı obrazlar mənim uşaqlığımın ən parlaq xatirələrindəndir. Yəqin ki, elə buna görə də günümüzün bəzi gerçəklikləri ilə qarşılaşanda yaddaşım istər-istəməz həmin obrazlarla paralellər yaratmağa başlayır. Nə edim, özümdən asılı deyil. Yaddaş insan beyninin çox əcaib məhsuludur. Bu məhsulun parametrlərini əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. İndi isə keçək əsas mətləbə…
Hüquq müdafiəçilərinin əsas vəzifəsi etiraz etməkdir. Hüquq müdafiəçisi həmişə etiraz etmək üçün bir səbəb, bəhanə tapmalıdır. Əks təqdirdə hüquq müdafiəçisi statusunu itirmiş olar. Onlar həmişə kimlərinsə, nələrinsə haqlarını müdafiə etməlidirlər. «Nələrinsə» deyəndə səhv etmədim. Onlar indi də təbiətin, yəni ağacların və heyvanların, hətta sahibsiz küçə itlərinin belə haqlarını müdafiə edirlər. Bu sonsuz və deyərdim ki, bütün cəmiyyətin maraqlarına cavab verən çox pozitiv prosesdir. Ən azından hüquq müdafiəçiləri heç kimi arxayınlaşmağa qoymur. Bir sözlə, hüquq müdafiəçilərinin nəyəsə etiraz etməsi sıradan bir hadisədir. Burada təəccüblü heç nə yoxdur. Azərbaycan kimi ölkələrdə kimlərinsə, nələrinsə haqlarını pozanlar əksər hallarda hüquq müdafiəçilərini eşitmək belə istəmirlər. Özü də söhbət yalnız dövlət orqanlarından, dövlət məmurlarından getmir. Söhbət bütün özünün gücü ilə təmsil etdiyini düşünənlərdən gedir. Azərbaycanda isə onların çeşidi çox geniş və rəngarəngdir. Ona görə də bizim hüquq müdafiəçilərimizin əksər hallarda son «pənah yeri» bu qüsurlu sistemə azdan-çoxdan təsir göstərmək, onu az da olsa islah etmək imkanı olan, necə deyərlər, «demokratik Qərb» olur. Uzun sözün qısası, bizim hüquq müdafiəçilərimizin uzun və qısa müddətli xarici ezamiyyətlərində və bu səfərlər zamanı «onların» müxtəlif dövlət qurumlarının və beynəlxalq təşkilatlarının qapısını döyməsində, bəzən də təpikləməsində də təəccüblü heç nə yoxdur. Nə etməli, onlar «itə ataram, yada satmaram» prinsipini rəhbər tutan vətənpərvərlər deyillər. Yəqin ki, vətənpərvər olmaq istərdilər. Amma başqa çarələri yoxdur.
Bu günlərdə də iki tanınmış hüquq müdafiəçimiz, daha dəqiq desək, Emin Hüseynovla Eynulla Fətullayev «uzaq xaricə» ezamiyyətə gediblər. Yenə də «onların» qapılarını döyürlər, açana dərdlərini anladırlar. Amma bir vacib məsələni qeyd etməyi unutdum. Hər ikisi də məndən inciyə bilər. Onların bir yerdə deyil, ayrı-ayrılıqda səyahətə çıxdıqlarını qeyd etməyi unutdum.
Əslində E.Hüseynov üzünə açılan qapılardan içəri girəndən sonra yeni heç nə deməyib. Yeni deyiləcək bir sözü də yoxdur. Necə deyərlər, «köhnə hamam, köhnə tas». Əslində klassik mənada bu sahədə, yəni insan haqları bölümündə yeni bir şey baş vermir. Bizim türmələr, şair demişkən, «bir yandan boşalır, bir yandan dolur», lap bu Dünya kimi. Bir sözlə, siyasi məhbusların və vicdan məhbuslarının rotasiyası baş verir. Məsələn, indi gənclər hərəkatının fəalları, «feysbuk inqilabçıları» çox dəbdədirlər. Ona görə də E.Hüseynovun işi çox müşküldür. «Çevir tatı, vur tatı». Eyni sözləri nə qədər təkrarlamaq olar? E.Hüseynov deməsə də, orada hamı bilir ki, Azərbaycanda insan haqları pozulur, söz azadlığı, demək olar ki, yoxdur… Amma Ə.Hüseynov tərs adamdır. Dediyini deyir. Həm də çörəyi hüquq müdafiəsindən çıxır. Bu çörəyi halallıqla qazanmaq istəyir.
İndi isə E.Fətullayevin xarici səfərinə keçək. Doğrudan da, tam ciddiyyəti ilə əmin edirəm ki, bu səfərin nəticələri Azərbaycan hüquq müdafiəçiliyi tarixinə BÖYÜK HƏRFLƏRLƏ yazılacaq. Hərflərin rəngini və çalarını özünüz müəyyənləşdirə bilərsiniz. Yox, E.Fətullayev ümumi ənənəyə sadiq qalıb. O da «onlara» şikayət edir və etirazını bildirir. Bunsuz olmaz. Amma E.Fətullayev hamının yadında qalacaq qədər fərqli davranıb. Ümumiyyətlə, xalqımızı beynəlxalq aləmdə təmsil edən bir çox fərdlərin intellektual səviyyəsi məni heyran edir. E.Fətullayev də bu tip insanların sırasına daxildir. Hər dəfə hər bir problemin həllinə ən yüksək səviyyədə yaradıcı münasibətin şahidi oluram. Hiss olunur ki, insan öz işindən həzz alır. Qeyd etdiyim kimi, E.Fətullayev də şikayət və etiraz edir. Amma E.Hüseynovdan fərqli olaraq, Azərcaycan iqtidarından şikayət etmir. O, Azərbaycanda insan haqlarının pozulmasına da etiraz etmir. Qərbə Qərbin özündən şikayət edir. Qərbə Qərbin özündə insan haqlarının pozulmasına etiraz edir.
Nuh əyyamından qalmış bir lətifə yadıma düşdü. ABŞ vətəndaşı sovet həmkarına demokratiyanın nə olduğunu izah etməyə çalışır: «Mənim istədiyim vaxt Ağ evin qarşısına çıxıb ABŞ hökumətinin siyasətinə qarşı etirazımı bildirmək hüququm və imkanım vardır». Sovet vətəndaşı da təəccübünü bildirir: «Elə bu?! Mənim də istədiyim vaxt Qırmızı meydana çıxıb ABŞ hökumətinin siyasətinə etiraz etmək imkanım var». Bir sözlə, E.Fətullayev öz sovet sələfindən bir addım irəli gedib. O, Berlində alman hökumətinin siyasətinə qarşı etiraz edir. Təsəvvür edin, bizim hüquq müdafiəçimiz «Frankfurtu işğal et!» kütləvi etiraz aksiyasının təşkilat komitəsinə daxil olub. Maraqlı təkliflər də verib. Özünün dediyinə görə, bu təklifləri qəbul da olunub. Çox böyük qəhrəmanlıqdır.
İndi isə E.Fətullayevin yerində Azərbaycana gəlmiş alman hüquq müdafiəçisini təsəvvür edin. Birincisi, viza verməyə bilərlər. Yəni Azərbaycanı ziyarət etmək arzusu ürəyində qala bilər. AŞPA mandatına malik Bundestaq üzvü Kristofer Ştrasserdən artıq deyil ki?!
İkincisi, belə bir tədbirdə iştirak etdiyi və «Azərbaycanın daxili işlərinə qarışdığı» üçün ölkədən deportasiya edərdilər. Özü də bu halda alman hüquq müdafiəçisi Allahına şükür etməli olar. Çünki daha təhlükəli variantlar var. Məsələn, cibindən uyuşdurucu tapıla, dövlət çevrilişinə cəhddə ittiham oluna bilərdi. Ən gülməlisi isə odur ki, bir qədər əvvəl E.Fətullayevin rəhbərlik etdiyi haqqin.az saytı ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan vətəndaşı olan əməkdaşının bazar günü keçirilən kütləvi aksiyada iştirakını bu beynəlxalq təşkilatın ölkəmizin daxili işlərinə qarışmasının sübutu kimi dəyərləndirmişdi. Bundan da böyük absurd təsəvvür etmək çətindir. Əslində hüquq müdafiəçisi iş verənin kimliyindən asılı olmayaraq, hər hansı bir fərdin vətəndaşlıq haqlarının məhdudlaşdırılmasının əleyhinə çıxmalıdır. Amma bu işdə E.Fətullayev unikallığa iddia edə bilməz. Bu istiqamətdə onun rəqibləri kifayət qədərdir. Onun kimi keçmiş hüquq müdafiəçisi, indi isə Milli Məclisin üzvü Çingiz Qənizadənin QHT-lərin fəaliyyət imkanlarını məhdudlaşdıran qanun layihəsinin müəllifliyini yada salmaq kifayətdir. Amma ədalət naminə qeyd etmək lazımdır ki, Ç.Qənizadə E.Fətullayev qədər beynəlxalq miqyasa çıxa bilməmişdi.
E.Fətullayevin beynəlxalq aləmdəki nailiyyətlərini saymaqla qurtarmaq olmaz. Berlində o, «Sərhədsiz reportyorlar»ın Almaniya ofisini ziyarət edib və Azərbaycandan daha çox başqa ölkələrdə kütləvi informasiya vasitələrinin vəziyyətinə diqqət verməyi məsləhət görüb. E.Fətullayevin fikrincə, yalnız bir jurnalisti, daha doğrusu, Əvəz Zeynallını həbsdə saxlayan Azərbaycan bu cür diqqətə layiq deyil.
E.Fətullayevlə E.Hüseynov arasında həbsdə olan jurnalistlərin sayı ilə bağlı fikir ayrılığı o qədər də önəmli deyil. Hər həbsdəki jurnalist Fətullayev «miqyasında» ola bilməz. Başqa sözlə desək, onunla Hüseynovun arşınları müxtəlifdir. Amma düşünürəm ki, mən nəyisə diqqətdən qaçırmışam. Bəlkə Elmar Hüseynovun, Rafiq Tağının qatilləri tapılıb və cəzalandırılıb? Bəlkə Xədicə İsmayılovanın şəxsi həyatına təcavüz edənlər layiq olduqları cəzanı alıblar? Mən hələ uyuşdurucunu Azərbaycan siyasətində həlledici amilə çevirənləri demirəm. Amma bunların heç biri önəmli deyil. Hətta hüquq müdafiəçisinin ölkədəki ictimai-siyasi vəziyyət və beynəlxalq təşkilatların ölkədəki fəaliyyətilə bağlı tezislərinin ən üst səviyyəli dövlət xadimi tərəfindən təkrarlanmasının da elə bir önəmi yoxdur. Amma hansının digərinin tezislərini təkrarlaması məsələsində səhv edə bilərəm. Çünki hal-hazırda Azərbaycanda, necə deyərlər, «kimin əlinin kimin cibində olduğunu bilmək olmur».
Bir şeyi dəqiq bilirəm. E.Fətullayev Hacı Kərim kimi Almaniyanı və almanları «abıra salmağı» qarşısına məqsəd qoyub. Yəqin ki, Azərbaycan və azərbaycanlılardan əlini üzüb. Bizi islaholunmaz hesab edir. Amma bir sual üstündə nə qədər başımı sındırıram, cavabını tapa bilmirəm: onları «abıra salandan» sonra cənab Fətullayev bizi Almaniyaya, yoxsa almanları Azərbaycana köçürməyə hazırlaşır? Düşünürəm ki, hətta Azərbaycan kökənli Almaniya vətəndaşları belə hər iki variantın əleyhinə olarlar…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 288