Muəllif:

Allahverdi Pələngov: «Məni tutan şəxslər dedilər ki, səndə qızıl var»

Oktyabrın 17-də, iki ay keçəndən sonra Ermənistan sərhədçiləri tərəfindən saxlanılan Sadaxlı inzibati ərazi nümayəndəliyinə daxil olan Burma kənd sakini Allahverdi Pələngov azad edilib. Pələngovun Ermənistan-Gürcüstan sərhədində yerləşən Sadaxlı sərhəd-buraxılış məntəqəsində kənd sakinləri, onun qohumları tərəfindən sebinclə qarşılanıb. A. Pələngov APA-nın Gürcüstan müxbirinə həbs olunmağının səbəblərini bütün təfərrüatı ilə açıqlayıb.
“Avqustun 17-də şəxsi mal-qaramı kəndimizin üst tərəfindən keçən dağların başına yaxın olan meşə zolağında otarırdım. Birdən mülki geyimdə olan iki nəfər mənə yaxınlaşıb erməni dilində salam verdilər. Mən onların salamını aldım və onlardan biri mənə əl uzatdı. Mən də ona əl uzadan zaman hər iki şəxs qolumdan tutub məni qamarladılar. Biz yarım saata qədər süpürləşdikdən sonra bu iki nəfərə kömək gəldi. Məni tutan şəxslər dedilər ki, səndə qızıl var. Mən etiraz edib, heç nəyim olmadığını bildirdim. Amma onlar silahsız idilər. Sonra mənim əllərimi bağlayıb dağların o başında yerləşən Ermənistan ərazisindəki Cöckan kəndində yerləşən sərhəd zastavasına gətirdilər. Mənə bildirdilər ki, sən sərhədi pozubsan. KQB və on nəfərdən çox hərbçilər gəldi. Məni avqustun 17-də Ermənistan Milli Təhlükəsizlik təcridxanasına gətirdilər. Avqustun 19-da gecə saat 12-də həbsxanada müstəntiq məndən izahat aldı və dedi ki, səni cərimə edəcəklər. Bir ay yarım Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanıldıqdan sonra məni İrəvandakı Vartaşen həbsxanasına gətirdilər. Sentyabrın 21-də Ermənistanın müstəqillik günü münasibəti ilə prezidentin əfv fərmanı əsasında oktyabrın 3-də mən də azad olundum”.

A.Pələngov günahsız olaraq saxlanıldığını bildirib. O, təcridxanada ona işgəncə verilmədiyini, normal qidalandığını bildirib. “Mən 14 gün Vartaşen həbsxanasında saxlanıldıqdan sonra oktyabrın 17-də saat 12.00-da azad edildim. Həmin gün məni Gürcüstan səfirliyinin konsulu və Tiqran Sinoyan adlı müstəntiq həbsxanadan azad etdilər və konsulluq məni Gürcüstana yola saldı”.

Allahverdi Pələngov oğlunun İrəvana gəldiyini və onunla görüşə bilmədiyini deyərək kövrəlib ağladı: “Mən təcridxanada olanda oğlum və qardaşım oğlu mənim yanıma gəldilər. Lakin onlarla görüşə bilmədim. Mənə yemək gətirmişdilər. Həbsxanada iki erməni ilə qalırdım. Digər kameralarda saxlanılan ermənilər hərdən məni söyürdülər. Həbsxanada iki gürcü və bir türk vətəndaşı da üç gün mənimlə həbsxanada qaldılar”.

A.Pələngov günahsız olduğunu və heç bir səbəb olmadan həbsxanaya salındığını qeyd edib: “Bu gün doğmalarımız arasındayam. Lakin mən heç nəyə görə iki ay həbsxanada yatdım. Mən əfv fərmanı ilə azad oldum. Heç bir cərimə vermədim. Amma mənə yer edən o idi ki, mənim haqqımda səbəbi məlum olmayan iddia ilə məhkəmə işi qaldırmışdılar. Kəndimizin ərazisində heç bir sərhəd məftili və yaxud nişan yoxdur. Əgər mən məftili qırıb Ermənistana keçmişəmsə, qoy məni qanunla ittiham etsinlər. Lakin adama o yer edir ki, mən mal-qaramı otardığım yerdə tutulub həbsxanaya atıldım”.

A. Pələngov avqustun 23-də bir dəfə Gürcüstanın Ermənistandakı konsulunun və iki erməni QHT hüquq müdafiəçisinin gəlib onun taleyi ilə maraqlandığını deyib. “Əfv olmasaydı, ola bilər ki, məni azad etməzdilər”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 217