Muəllif:

Allaha qarşı üsyan edənlər

Ankara

«Yalançı-ALLAHA qarşı üsyan edən, lakin insanlardan qorxan bir axmaqdır…»
(Frensis Bekon)

Sən demə, fil qulağında yatmışıq. Axı qəzetləri oxumuruq. Bütün Dünya alternativsizlik sindromuna düçar olub. Məsələn, Birləşmiş Amerika Ştatlarının əhalisi əmindir ki, indiki prezident Barak Obamanın yaxın 20 il üçün heç bir alternativi yoxdur. Ona görə də bir qrup konqresmen ABŞ Konstitutsiyasına dəyişiklik edilməsi təklifini irəli sürüb. Amma nə edəsən ki, ABŞ Konstitusiyasının müəllifləri çox dar düşüncəli insanlar olublar. Onların günahı üzündən Konstitusiyanı dəyişdirmək demək olar ki, mümkün deyil. Nəticədə 200 ildən artıq bir zaman kəsimində Konstitutsiyaya yalnız 27 dəyişiklik edilə bilib. Çünki, belə bir təşəbbüsün qeydə alınması üçün Nümayəndələr Palatası və Senat üzvlərinin üçdə ikisinin dəstəyi lazımdır. Lakin bu da kifayət deyil. Bundan sonra həmin düzəliş ABŞ Ştatlarının yerli parlamentlərinin üçdə ikisində, yəni 38-də ratifikasiya olunmalıdır. Ona görə də ABŞ bədbəxt olub. Artıq yeganə superdövlət statusunu itirib və demək olar ki, üçüncü Dünyanın geridə qalmış ölkələrindən birinə çevrilib. Yeni superdövlət statusunu qazanmaq üçün ən gerçək namizəd isə Azərbaycandır.
Demə, Almaniya da eyni problemlə qarşılaşıb. Alman elitasının fikrincə, ölkəni məhv olmaqdan yalnız və yalnız Angela Merkelin referendum vasitəsilə ömürlük kansler elan olunması xilas edə bilər. Amma özündən razı bavariyalılar razılıq vermirlər. Yalnız ona görə ki, Merkel əslən keçmiş Almaniya Demokratik Respublikasındandır. Bu bavariyalılar isə xronik antikommunistdirlər. Onların da razılığını almadan Almaniyada heç bir yeniliyi həyata keçirmək olmaz. Alman elitasının fikrincə, indi nəinki, Almaniyanın, hətta bütövlükdə Avaropa Birliyinin xilası Azərbaycan Milli Məclisinin verəcəyi qərardan asılıdır. Sən demə, Bundestaq Almaniyanın Azərbaycana birləşdirilməsi xahişi ilə Milli Məclisimizə müraciət edib. Bu bavariyalıların Almaniyanın xilas edilməsi üçün razılaşdıqları yeganə variant olub.
Azərbaycanda bütün bu cəfəngiyyatı həqiqət kimi qəbul edəcək ağlı başında olan bir adamın belə tapılacağına inanmıram. Ağlı başında olmayanların sayının isə çox az, yəni Dünya üzrə ortalamadan o qədər də fərqlənmədiyini düşünürəm. Amma ona yüz faiz əminəm ki, bir çoxları bütün bu cəfəngiyyatı həqiqət kimi qəbul etdiklərini hamının qarşısında nümayiş etdirməyə hazırdırlar. Tanınmış şair və sufi ustadı Əlişir Nəvai (1441 — 1501) zəmanəsinin nüfuzlu hökmdarı Sultan Hüseyn Bayqaranın (1438 — 1506) sarayında vəzirlik edirmiş. Bir gün sultan ondan soruşur ki, dünyanın harasında ağcaqanad yoxdur.
Nəvai deyir:
— İnsanın olmadığı yerdə.
Vəzirini pis vəziyyətdə qoymaq və yanıldığını ona isbatlamaq üçün sultan ona ata minib, şəhər kənarına gəzintiyə getməyi təklif edir. Ucqar bir yerə gəlib çıxırlar. Bir hovur dincəlmək üçün bulaq başında oturduqları zaman bir neçə ağcaqanadın vızıltısı sultanın zəhləsini tökür. Qanı qaralan Hüseyn Bayqara istehza ilə Nəvaidən soruşur:
— Bəs deyirdin insan olmayan yerdə ağcaqanadlara rastlanmır?
Əlişir Nəvai soyuqqanlı şəkildə cavab verir:
— Yoxsa biz insan deyilik?!
İndi məni də bir sual narahat edir: biz insanıq ya yox?! Ağıllı olduğumuza heç şübhəm yoxdur. Bəs onda nədən Allaha qarşı üsyan edirik?! Bəs onda nədən Allahlıq iddiasındayıq?!
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. Yəni 20 ildən az bir müddətdə Konstitusiyaya yüzdən çox dəyişiklik və əlavə etdik. Əlimizdə deyil…
2002-ci ildə Konstitusiyaya edilən dəyişikliklərlə bir kişinin əvəzolunmaz elan olunması üçün şərait yaradıldı. Sonradan əvəzolunmazların sayı artmağa başladı. Yəqin ki, yalnız bir nəfərə belə bir statusun verilməsinin, yalnız bir nəfərə belə bir haqqın tanınmasının ədalətsiz olduğunu düşündülər. İndi bizdə hər bir Kişi öz yerində əvəzolunmazdır — Baş prokuror da, Ali məhkəmənin sədri də, insan haqqları müvəkkili də və nəhayət, hətta Mətbuat Şurasının sədri də. Demək olar ki, «əvəzolunmazlar panteonu» yaratmışıq. Allah bilir, bu gedişlə axırımız nə olacaq. Çünki belə görürəm ki, yolumuzu davam etdirmək fikrindəyik. Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov gənclərlə görüşdə onları «yüksək səviyyənin» nümayəndələri olmağa çağırıb.
«Siz orada olmadıqda, bu yerləri aşağı intellektli insanlar tutur. Azərbaycan mətbuatına baxın. Baxın, ictimaiyyəti kim yönəltmək istəyir? Sizdən dəfələrlə aşağı intellektual səviyyəyə malik, amma sizdən xeyli fəal insanlar. Niyə onlar daha fəal olmalıdır?»,- deyə Həsənov ritorik sual verib. Əslində Əli Həsənov da əvəzolunmazlardan biridir. Nə olsun ki, onun bu haqqı Konstitusiya və qanunlarda öz əksini tapmayıb. Amma etiraf etməliyəm ki, şəxsən mənim üçün o ən arzuolunan əvəzolunmazlardan biridir. Ən azından ona görə ki, tələbə yoldaşımdır.
Amma məsələnin məğzi bu deyil. Belə görürəm ki, bizim hakim elitanın nümayəndələri insanları intellekt səviyəsinə görə sıralamaq üçün də artıq «lisenziya» alıblar. Sözsüz ki, ən yüksək pillədə özləri və onları dəstəkləyən insanlardır. Məsələn, bu yaxınlarda hakim partiyadan Milli Məclisin üzvü, hamı tərəfindən az qala intellekt etalonu kimi qəbul edilən Siyavuş Novruzov Rüstəm İbrahimbəyovun bütün tərəfdarları ilə birlikdə bu sahədə, nəinki onun özü ilə, hətta YAP-ın bir kənd rayon təşkilatı ilə raqabət apara bilməcəyini bəyan etdi.
Yeni, əvəzolunmazlar kastası yaratmaq olar. Bu o qədər də böyük problem deyil. Özü də heç nə icad etmək də lazım deyil. Bunun yolları Qədim Dünya dövründən məlumdur. Hətta Misir fironları kimi özünü «ölməz» də elan etmək olar. Əslində son 20 ildə biz alternativsizlik və təkvariantlılıq mühiti yaratmağa çalışmışıq. Hamı bir sualın üzərində baş sındırır: «O olmasa, bəs kim?». Əmin edirəm ki, ABŞ-da, Almaniyada, Fransada heç kim bu sualı özünə vermir. Hər kəs çox gözəl bilir ki, «o olmasa, yerinə kimsə tapılacaq».
Amma hərdən bir yada salmaq lazımdır ki, bu əvəzolunmazlıq sindromu Allaha qarşı üsyandır. Çünki yalnız Allah laməkan. Yəni yalnız ONUN üçün zaman, məkan və tazahür sınırı yoxdur.
Əslində Azərbaycan çox paradoksal, bəlkə də absurd bir dönəmdən keçir. Rüstəm İbrahimbəyovun dindar olub-olmadığını bilmirəm. Ənənəvi dindar təfəkkürə malik olmadığı isə gün kimi aydındır. Amma alternativsizlik və təkvariantlılıq mühitini dağıtmaq cəhdi ilə, o əslində bizim yeni «əvəzolunmazların» ən azından ruhunu xilas etməyə çalışır. Gerçəkdə nə istədiyindən asılı olmayaraq, hamımızın Allah deyil, insan olduğumuzu yada salmağımıza yardımçı olur…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 449