Muəllif:

Alimlər MEA-da islahatlardan nə gözləyirlər?

Ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən elm sahələrinə diqqət artırılmalıdır. Hazırda Milli Məclisdə «Elm siyasəti haqqında» qanun müzakirəyə çıxarılıb. Alimlər qanun qəbul olunduqdan sonra elm sahəsində ciddi dönüş yaranacağına ümid edirlər. Alimlər yeni prezidentdən MEA-da islahatların aparılacağını gözləyirlər. Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin rəhbəri İlqar Orucovun fikrincə, elmimizin inkişafını istəyiriksə tədqiqat istiqamətləri düzgün müəyyələşdirilməlidir. Alimlərə bir neçə elm sahəsinin kəsişməsində olan tədqiqatlarla məşğul olmaq tövsiyə edilməlidir. Çünki bu istiqamətdə konkret addımlar atılmasına böyük ehtiyac var.
Gənc alimin fikrincə, akademiya ilə xarici elmi mərkəzlər arasında əlaqəni gücləndirməyə də zərurət mövcuddur:
«Fikrimcə, ali məktəblərin, akademiyanın institutlarında baza kafedralar açılması vacibdir. Bunun üçün işlər görülür, amma hesab edirəm ki, yetərli deyil. Gənc kadrları mütləq dövlət xətti ilə dünyanın məşhur elm mərkəzlərinə göndərməliyik. Onlar gedib orada doktorantura pilləsini başa vurmalıdırlar. Azərbaycan elminin dünya elminə çıxış imkanlarını artırmalıyıq. Kadrlarımızı bu gün yetişdirməsək, çox gecikə bilərik». Orucov alimlərin sosial müdafiəsi üçün qayğını gücləndirməyi də vacib sayır:
«»Elm siyasəti haqqında» qanun layihəsində alimlərin sosial müdafiəsi ilə bağlı müddəalar əksini tapır. Bu qanun qəbul edilsə, elm sahəsində müəyyən qədər dönüş əldə edə biləcəyik. Burada alimlərimizin maaşlarından tutmuş gənc alimlərin mənzillə təmin olunmasına qədər məsələlər yer alıb».
Orucov hesab edir ki, kadr bazasını gücləndirmək, gəncləri elmə yönləndirmək üçün akademiya ilə təhsil qurumları ciddi inteqrasiya şəraitində işləməlidirlər:
«Biz istedadlı gəncləri müəyyənləşdirməli və onlarda elmə həvəs yaratmalıyıq. Akademiyanın qapılarını həm artıq ixtisas seçimi edən yuxarı sinif şagirdləri, həm də ali məktəblərin bakalavr və magistr səviyyəsi üzrə təhsil alan gənclərin üzünə açmalıyıq. Magistratura prosesi hazırlığının da akademiyaya cəlb olunması vacibdir. Həm maddi-texniki baza, həm də kadr potensialı baxımından bu prosesi MEA daha effektiv şəkildə həyata keçirə bilər».
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, Azərbaycan Turizm İnstitunun dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlının fikrincə, islahatlara ilk növbədə akademiyanın maddi-texniki bazasını genişləndirməklə və elmi işçilərin əmək haqqını artırmaqla başlamaq lazımdır:
«Bundan sonra digər islahatlara keçilməlidir. Məsələn, dissertasiyalara qoyulan tələb, dissertasiya müdafiələri nisbətən sadələşdirilməsi, bürokratik əngəllər aradan qaldırılmalı, gənc alimlərin sosial problemlərinin həllinə diqqət artırılmalıdır. Təsəvvür edin, dissertasiyanın müdafiəsi üçün ən azı 20 məqalə tələb edilir. Bunlardan 3-ü xaricdə, 17-si isə Ali Attestasiya Komissiyasının prioritet hesab etdiyi jurnallarda çap olunmalıdır. Bu tələb bir qədər problemlər yaradır, çünki həmin jurnalların bir çoxu müntəzəm çıxmır, ümumiyyətlə, həmin jurnallara məqalə vermək çətindir. Hesab edirəm ki, elmi məqalələrin harada çap olunmasına deyil, elmi işin keyfiyyətinə fikir verilməlidir. Elmi məqalələrin çap olunması üçün heç bir yerdə konkret jurnal adı çəkilmir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 141