Ali Məhkəmə “Azadlığ”a qarşı 32 min manatlıq cəriməni qüvvədə saxladı
Ali Məhkəmə “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın “Azadlıq” qəzetinə və onun müxbiri Ramin Dekoya qarşı iddiası üzrə qərarı qüvvədə saxlayaraq cavabdehlərin iddiaçıya müvafiq olaraq 30 min manat və 2 min manat ödəməsi barədə qərar çıxarıb.
İddiaya 2012-ci ilin yayında “Eurovision 2012” müsabiqəsinin maliyyələdirilməsi məqsədilə “Binə”dəki mağaza icarədarlarından qanunsuz pul yığılması barədə tənqidi məqalənin dərci səbəb olub.
Ali Məhkəmənin qərarı göstərdi ki, hakimiyyət məhkəmələrin vasitəsilə “Azadlıq” qəzetini məhv etməkdə israrlıdır. Bunu qəzetin baş redaktor müavini Rahim Hacıyev bildirib.
Yanvarda “Binə” Ticarət Mərkəzinin işçilərinin etiraz aksiyası məqalədə yazılan faktların doğru olduğunu təsdiqləyib. Lakin Apellyasiya Məhkəməsi, indi də Ali Məhkəmə Yasamal məhkəməsinin qərarını qüvvədə saxlayıb.
“Hakimiyyət belə böyük cərimələrlə seçkiqabağı dövrdə qəzetin buraxılışını dayandırmaq istəyir. Maraqlıdır ki, Ali Məhkəmə bu qərarı iyulun 22-də -Milli Mətbuat Günündə qəbul edib”, — o vurğulayıb.
Qeyd edək ki, hazırda Bakı metrosunun rəisi Tağı Əhmədovun “Azadlıq” qəzetinə qarşı iddiası üzrə 30 min manat həcmində cərimə qüvvədədir. Qəzetə qarşı daha bir neçə iddia qaldırılıb, lakin onlar üzrə qərarlar hələlik çıxarılmayıb (Turan).

