Aleksandr Çertoqanov: «Məni əvəzləyəcək futbolçular var»
Berti Foqtsun Dubay toplantısına çağırdığı futbolçuların siyahısına göz yetirərkən heyət üzvlərinin, əsasən, gənclərdən təşkil olunduğunu görmək mümkündür. Baş məşqçi yığmanın kapitanı Rəşad Sadıqov, eləcə də, təcrübəli futbolçular Kamran Ağayev, Əfran İsmayılov və Aleksandr Çertoqanova istirahət verərək, onların adını yalnız ehtiyat heyətə salıb.
Yığmanın və «Qəbələ» Futbol Klubunun təcrübəli futbolçusu Aleksandr Çertoqanov «azerisport.az» saytına müsahibəsində adının ehtiyat oyunçular siyahısına salınmasına, millinin hazırkı durumuna münasibət bildirib.
— Sizinlə yanaşı Azərbaycan yığmasının daha bir neçə üzvü Dubaya aparılmayıb. Bunu necə qarşıladınız?
— Sakit. Bu, ilk dəfə deyil. Berti Foqts ehtiyat qüvvəni yoxlamağa qərar verib. Mümkündür ki, bundan sonrakı rəsmi oyunlarda yığmanın heyətində yeni futbolçular peyda olsun.
— Qarşıda yığmanı Lixtenşteynlə sınaq matçları gözləyir. Sizə elə gəlirmi ki, komandamız reytinq vəziyyətini daha da yaxşılaşdırmaq üçün bu görüşdə mütləq qələbə qazanmalıdır?
— Lixtenşteynlə oyunda kimlər meydana çıxacaqsa, onlar rəqib üzərində qələbə qazanmağa çalışmalıdırlar. Onları milliyə məhz buna görə çağırıblar. Amma mən belə düşünürəm ki, reytinqi seçmə mərhələ oyunlarında qələbə qazanmaqla yaxşılaşdırmalıyıq. Əminəm ki, növbəti rəsmi oyunlarımızda daha çox xal toplayacağıq.
— Yığma komandalarla bağlı FİFA reytinqini izləyirsiz?
— Yığmanın üzvü kimi, təbii ki, bununla mən də maraqlanıram. İnanın ki, komandamın 118-ci yerdə olması mənə də xoş deyil.
— Sizcə, bu, bizim real mövqeyimizdi, yoxsa Azərbaycan millisinin potensialı komandanın daha yaxşı pillədə olmasını zəruri edir?
— Fikrimcə, Azərbaycan ən azı ilk yüzlükdə olmalıdı. Potensial başqa məsələdi. Əsas oyunlarda qələbə qazanmaq lazımdı.
— Artıq 33 yaşınız var. Yığma karyeranızı başa vurduqdan sonra öz mövqeyinizdə kimin oynamasını mümkün sayırsız?
— Belə oyunçular artıq var. Rahid Əmirquliyev pis oynamır. Rasim Ramaldanovu da həmin mövqedə oynadırlar. Onlar layiqli oyun sərgiləyə bilərlər. Ola bilsin ki, mən olmayanda FİFA reytinqindəki vəziyyətimiz də yaxşılaşar (gülür). Mən Messi və ya Ronaldo deyiləm. Məni əvəzləyəcək futbolçular var.
— Bizi 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburqla iki oyun, eləcə də Şimali İrlandiya ilə ev matçı gözləyir…
— Meydana çıxıb bu komandaları məğlub etmək lazımdır. Öz meydanımızda Rusiyaya da qarşı yaxşı oynamaq olar. Əlbəttə, bu tsikldə əvvəlkilərlə müqayisədə daha çox xal toplamaq istəyirik. Bunun sayəsində mümkündür ki, ilin sonunda ilk yüzlüyə də düşək.