Aktyora verdiyim tapşırığın 50 faiz cavabını alanda sevinirəm
Rejissori Hafiz Quliyevin işi digər həmkarları ilə müqayisədə daha çətindir. Çünki peşəkar aktyorlarla deyil, vokalçılarla, xanəndələrlə işləyir. Opera spesifik janr, musiqiçilərlə tamaşa hazırlamaq isə ikiqat zəhmətdir. Bu baxımdan Hafiz müəllim həm də aktyor yetişdirir. Deyir ki, aktyora verdiyi tapşırığın 50 faiz cavabını alanda sevinir. Bir zamanlar ən böyük arzusu kinorejissorluq olsa da, tale onu Opera və Balet Teatrına gətirib çıxarıb. Bundan kim qazanıb, kim itirib…
— 20 ildən çoxdur, Opera və Balet Teatrında çalışıram, 11 ildir baş rejissor vəzifəsini yerinə yetirirəm. Bu illər ərzində hazırladığım tamaşalarda opera janrına məxsus spesifik çətinliklərlə qarşılaşıram. Dram teatrlarında səhnəyə qoyulan tamaşalarla bizim hazırladığımız tamaşalarda böyük fərq var. İlk növbədə musiqi elmini mütləq bilməli və hadisənin açılmasında onu hiss etməlisən ki, əsərdəki musiqi ilə mizanlar vəhdət təşkil etsin. Rejissor bilməlidir ki, hansı musiqidə hansı mizanlardan istifadə etməlidir. Opera teatrında rejissor peşəkar aktyorla yox, musiqiçilərlə, konkret rəqqas və vokalçılarla işləməli olur, yəni əlində konkret material yoxdur. Məsələ bundadır ki, istər vokalçılar, istər də xanəndələr teatra aktyor sənətindən, demək olar ki, bixəbər gəlirlər.
Baxmayaraq ki, istər Bakı Musiqi Akademiyasında, istər Asəf Zeynallı adına Musiqi Kollecində, istərsə də Milli Konservatoriyada onlara aktyor sənəti də tədris olunur. Bu problem bütün dünyada var. Əslində, bu da təbiidir. Çünki bunların əsas xammalı səsləridir. Onların qarşılarına qoyduqları əsas məqsəd operanın musiqisini tamaşaçıya mükəmməl şəkildə çatdırmaqdır. Opera və Balet Teatrında yalnız rejissor tamaşaçıya bitkin bir tamaşa təqdim etmək arzusundadır. Yerdə qalanlar, istər orkestr, istər bəstəkar, istərsə də solistlər tamaşaçıya yalnız musiqinin keyfiyyətli çatdırılmasına çalışırlar. Çünki bəstəkar operanın musiqisini bəstələyəndə daha çox vokalçının onu necə oxuyacağını düşünür. Bununla yanaşı, mənim rejissor kimi onlardan tələb etdiklərim də var və onlar bunu mənə verməyə borcludurlar. Bu mənada, rejissorun boynuna ağır yük düşür ki, vokalçının aktyorluq qabiliyyətini ortalığa çıxarsın.
Opera və Balet Teatrının rejissoru çox səbrli adam olmalıdır. Çünki o, solistlərə aktyorluq sənətini əlifbadan öyrətməyə başlayır. Opera sənətində bir əsas partiyanı mükəmməl hazırlamaq elə tamaşa qoymaq qədər çətindir. Əgər bir neçə il ərzində Məcnun, Koroğlu, Karmen, Nigar kimi sanballı obrazların mükəmməl ifaçısı yetişirsə, bu, artıq nəticədir. Vokalistlərlə işləmək çətindir. Bir rejissor kimi həmişə məni narahat edən məsələ budur: hər hansı partiyada aktyora necə mizan verim ki, onun səsinə mane olmasın. Məsələ burasındadır ki, opera sənətçisi adi dram aktyorundan fərqli olaraq səhnədə eyni vaxtda 4 iş görməlidir. O həm mizanı yerinə yetirməli, oxumalı, rəsq etməli, həm də dirijoru görməlidir ki, tempdən çıxmasın.
— Sonda neçə faiz nəticə əldə etmək olur?
— Mən elə bir rejissor tanımıram ki, tamaşada 100 faiz nəticə əldə etsin. Ola bilsin ki, tamaşa tamaşaçını tam qane edir. Amma söhbət rejissor tələbindən gedirsə, aktyor gərək 200 faizlik oynasın ki, rejissoru 100 faiz qane etsin. Mən aktyora verdiyim tapşırığın 50 faiz cavabını alanda sevinirəm.
— Siz ali məktəbi dram rejissoru kimi bitirib bu teatra gəlmisiniz. Operaya sizi nə gətirdi?
— Məndən əvvəl Dövlət Opera və Balet Teatrında xalq artisti Firidun Səfərov rejissorluq edib. O, hazırda Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissorudur. Ondan sonra Əli Usubov baş rejissor olub. Mən teatra gələndə, deyəsən, baş rejissor vəzifəsi boş idi. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirəndə təyinatımı Opera və Balet Teatrına verdilər. Özü də o illərdə təyinat məcburi idi. Əgər təyinatla 3 il göndərilən yerdə işləməsəydin, səni heç hara götürmürdülər. Getməsəydin, ümumiyyətlə, diplomunu vermirdilər. Bununla yanaşı, o illərdə gənc mütəxəssislərə dövlət çoxsaylı imtiyazlar da verirdi, onları mənzillə təmin edirdi. Mən hələ ikinci kursdan etibarən Opera və Balet Teatrında qoyulan tamaşalarda kütləvi səhnələrdə çıxış edirdim. Ona görə də, təyinatımı elə bu teatra verdilər.
— İlk quruluş verdiyiniz tamaşanı necə xatırlayırsınız?
— Mən teatra rejissor kimi gələndə Ağakişi Kazımov «Vaqif» operasını hazırlayırdı. İlk illər mən rejissor köməkçisi, bir müddət də assistent kimi bütün rejissorlarla çalışmışam. Quruluşçu rejissor kimi ilk işim Süleyman Ələsgərovun «Solğun çiçəklər» operası oldu. Bu əsəri rəhmətlik Süleyman müəllim təzə yazmışdı və operanın ilk quruluşçu rejissoru mən oldum. Sonra «Leyli və Məcnun»u hazırladım. Amma bu Mehdi Məmmədovun quruluşu idi, sadəcə truppa təzə idi. O ərəfədə mənə «Şah İsmayıl» operasını da bərpa etməyi həvalə etdilər. Bu opera məndən əvvəl, 60-cı illərdə oynanılıb. Ondan sonra haradasa 30 ildən çox səhnəyə qoyulmayıb, özü də mən bu tamaşaya heç baxmamışdım. Bu tamaşanı operanın dekorasiyaları əsasında hazırladım.
Ondan sonra «Aşıq Qərib»i mənə verdilər. Daha sonra məni quruluşçu rejissor vəzifəsinə keçirdilər. «Arşın mal alan» operettasını 30 ildən sonra mən səhnəyə qoydum. Onu da sonuncu dəfə 60-cı ildə səhnəyə qoyublar. Sonradan filmi çəkilsə də, tamaşası olmamışdı. Bu tamaşanı dövlət sifariş verdi. Ondan sonra baş rejissor təyin edildim…
«Arşın mal alan» operettasını mən Türkiyədə, Belarusda, bir də Çində səhnəyə qoymuşam. Bu tamaşa Belarusda ən çox tamaşaçı toplayan və gəlir gətirən tamaşa kimi oranın Dövlət Mükafatına layiq görülüb. Özü də Belarusdan birbaşa Çinə getdim. Çində oynayanlar çinlilər, baletdə isə uyğurlar idi. «Arşın mal alan» 1959-cu ildə Çində səhnəyə qoyulub. Maraqlıdır ki, o dövrdə «Əsgər» və «Vəli»ni oynayanlar sağ idilər, tamaşaya gəlmişdilər. «Əsgər»i oynayan özü ilə şəklini gətirmişdi, onu necə qrimləyiblərsə, elə bil ki, rəhmətlik Rəşid Behbudov idi. Özü də bir məqama xüsusi toxunmaq istəyirəm. Çin həqiqətən də dünyanın ən inkişaf etmiş dövlətidir. Çin Milli Opera və Balet Teatrının solistləri dünyanın ən aparıcı konservatoriyalarını bitiriblər. Qəribədir ki, operaya yalnız hündürboyları seçirlər. «Gülçöhrə»ni oynayan qızın 170 sm, «Əsgər»in də 182 sm boyları vardı. Oğlan İtaliyada, qızsa Amerikada ali vokal dərsləri almışdı. Çinlilər bu tamaşanı xarici festivala çıxardılar.
— Sizin tamaşalarda korifeylərdən kimlər iştirak ediblər?
— Mən Zeynəb Xanlarovanın oynadığı «Leyli və Məcnun»a quruluş vermişəm. Ondan başqa, Arif Babayev, Canəli Əkbərov, rəhmətlik Səfa Qəhrəmanovun adlarını çəkə bilərəm. Bir məqamı vurğulamaq istəyirəm: Zeynəb xanımın işləmək həvəsinə heyran qalmışdım. Düz 6 saat dayanmadan məşq etmişik, bir kəlmə də etiraz etməyib. Baxmayaraq ki, 30 ilə yaxın «Leyli» oynamışdı. Mənə dedi ki, səndən rejissor olacaq…
— Maraqlıdır ki, rejissorluq fakültəsini bitirənlər həmişə film çəkməyi arzulayırlar. Belə bir arzunuz varmı?
— Əslində mən kinorejissor olmağı arzulayırdım. Elə bu arzu ilə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olunmuşdum. Lakin Opera və Balet Teatrındakı tamaşalara başım o qədər qarışdı ki, ilişib burada qaldım. Buraya girən çıxa bilmir. Çox adam opera sənətini «yeyə» bilmir, «yeyən» də doya bilmir.
— Internetdə kino ilə teatrın sintezindən yaranan vizual tamaşalarla tez-tez rastlaşıram. Bu texnologiyanı bizim operalara tətbiq etsək, gözəl effekt verərmi?
— Bu texnikadan xaricdə çoxdan istifadə olunur. Allah Üzeyir bəyə rəhmət eləsin, istər «Leyli və Məcnun», istər «Arşın mal alan», istərsə də «Koroğlu» operası olsun, o qədər imkanları var ki, nə istəsən, etmək olar. Mən həmişə bu tamaşalarda klassik quruluşları qalmaq şərtilə bu yenilikdən istifadə etmək barədə düşünmüşəm. Bunun üçün mükəmməl texniki avadanlıqlar lazımdır. İnşallah bu ideyaları həyata keçirəcəyəm.