Aktyor Səyavuş Aslan həyata vida etdi
Unudulmaz rolları ilə xalq arasında çox sevilən aktyor Səyavuş Aslan həyata vida etdi.
Bu gün Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanla vida mərasimi keçirilib və II Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində çox sayda vətəndaş, o cümlədən aktyorun sənət yoldaşları iştirak ediblər.
Səyavuş Aslanın vəziyyəti gecə pisləşib, təcili yardım çağırılsa da, onu xilas etmək mümkün olmayıb. Xalq artisti iki gün öncə prezidentin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuşdu.
Səyavuş Məmmədağa oğlu Aslan Azərbaycan realist aktyor məktəbinin görkəmli isimlərindən biridir. 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazlar yaradıb. 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru idi. Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.
Teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi.
Vida mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Səyavuş Aslan Azərbaycan teatr sənətinin sonuncu mogikanlarından biridir: “Onun tamaşalarını dəfələrlə izləmişik. Səyavuş Aslanı hamı komik rolların ifaçısı kimi tanıyırdı. O, sonralar bir sıra dramatik rollara da çəkildi. Bu müqtədir sənətkar Milli Dram Teatrının səhnəsində böyük dramaturqların tamaşalarında böyük rollara imza atdı. Səyavuşu mən 80-ci illərdən tanıyırdım. Onunla bağlı xeyli xatirələrim var. Səyavuş Aslan son dərəcə ürəyiyumşaq, ətrafındakı adamlara hədsiz diqqətli adam idi. Səyavuş Aslanın sənəti dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. İki gün öncə hörmətli prezidentimiz onu “Şərəf” ordeni ilə təltif etdi”.
Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət sənət dostu haqqında fikirlərini bildirib: “Səyavuş Aslanla 40 il dostluq etmişik. Onunla hansı qastrolda olurdumsa, böyük tamaşaçı sevgisi ilə qarşılaşırdıq. Bu itki bizim hamımızı sarsıdıb. Onun ailəsinə, yaxınlarına başsağlığı verirəm”.
Ailə üzvləri adından Səyavuş Aslanın oğlu Çingiz Aslan mərasimdə iştirak edən, ailələrinin kədərinə şərik olan hər kəsə təşəkkürünü bildirib.
Xalq artistləri Rafiq Əzimov, Bəsti Cəfərova, İctimai Televiziyanın baş direktoru, rejissor Cəmil Quliyev sənət dostları haqqında xatirələrini, fikirlərini bölüşüb, aktyorun yoxluğunu Azərbaycan teatrı və kinosu üçün böyük itki kimi dəyərləndiriblər.